Yalqızlığın şeiri – Sayman ARUZ

Hardadır çiynin, ey mənim Vətənim, burda bir baş sənə yaman darıxır.
Savalandan uzaq düşən qaya tək, burda bir daş sənə yaman darıxır.

Səhər-axşam sızıldayır, sıxılır. Getməyə nə üzü, nə də yeri var,
Neynəsin, yoxdu çarəsi ürəyin, axı külbaş sənə yaman darıxır.

İliyimdən süzüb gələn kədərin, yanağımdan heç olmadı siləni,
Bircə barmaq bu aşiqə hibə* et, süzülən yaş sənə yaman darıxır.

Mən o Musa ki, Allahın üzünü, görmək üçün gəlib çatıb “şəcər”ə,
Bir tərəfdən də sevgi hey deyinir; ona dırmaş, sənə yaman darıxır.

Hələbin ortasında sevgi ilə sənin uğrunda vermişəm başımı,
Amma duydum uduzmusan ərəbə, ərəb əyyaş sənə yaman darıxır.

Darıxırdım dayanmadan Vətənim, mən də bir Türk kimi sənin adına,
Amma Farslar olubdu Təbrizimə, indi oynaş, sənə yaman darıxır.

Erməni, Fars və Rus ilə səfərə, geri dönməz kimi gedən Vətənim!
Bizi tərk etdiyin yerə geri dön, bir vətəndaş sənə yaman darıxır.

Naləsində uşaqların həniri! Ey səsində qadınların harayı!
Yad əlində itib-batan Xocalım, qohum-qardaş sənə yaman darıxır.

Mən Əbubəkri-siddiqəm sən üçün. Və bu dünya bizə həmən mağara,
Yüzlər ildən sora elə o sayaq, həmən sirdaş sənə yaman darıxır.

Kim deyir yoxdur Allahın “ürəyi”? Yox onun “göz yaşı”, onun “diləyi”?
Dünyanı bir qələmlə xəlq eləyən “qoca nəqqaş” sənə yaman darıxır.

Səbbahın* qasidi gəlib yenə də, Ələmutdan sənə xəbər gətirib,
Zülmətin qarşısında dik dayanan, Həsən Həşşaş sənə yaman darıxır.

Bisütunu Şirinin eşqi ilə, qazsa da eyləmişdi gizli bunu,
Balta amma ki, Fərhadın gizini, elədi faş, sənə yaman darıxır.

Ah, Qabil, sən Adəmin suçunu Saymanın kəlləsilə saf elədin,
Başını nifrət ilə kəsdiyin o, saf qarındaş sənə yaman darıxır…

Hibə: İslam fiqhində “hədiyyə”, “bəxşiş” kimi məna olunur…

Səbbah: Həsən Səbbaha işərət edilir. Hansı ki, Güney Azərbaycanın Həmədan şəhərində yerləşən Ələmut qalasında zülmə qarşı qiyam qaldırmışdır

Share: