Yad adamların maşınına minməyə məcbur qalan adamlar – Sahil qəsəbəsinin həll olunmayan dərdi

Kulis.az Samirə Əşrəfin “Küçələrdə qalanlar” adlı yazısını təqdim edir.

Çarəsizilk pis şeydir. İnsanıq hamımız. Ətdən, qandan, sümükdən yaranmışıq. Hisslərimiz, duyğularımız, həssas nöqtələrimiz var. Ömrümüzün müəyyən dövrlərində əlacsızlığın, çarəsizliyin nə olduğunu hiss edirik. Əlimiz heç yerə çatmır, səsimizi heç kim eşitmir. Öz içimizə qapanırıq. Bəzən bu səssizlik, içə qapanmalar günlərlə, bəzən həftələrlə, bəzən isə illərlə davam edə bilər.

Yazının gedişatında bəhs edəcəyim elə situasiyalar ola bilər ki, bu cür bədii, sentimental girişlə uyuşmasın. Amma inanın ki, hazırda özümü dünyanın ən əlacsız, ən çarəsiz adamı kimi hiss edirəm. İki kitabın müəllifi, uzun illərdir mediada fəaliyyət göstərən, onlarla tanınmış insanla görüşən, söhbət edən, ünsiyyətdə olan, onların müşahidələrini, etiraflarını, əzablarını, sənət təəssübkeşliklərini, öz narahat taleyinin bir hissəsinə qatıb yazıya köçürən mən indiki situasiyada çarəsizəm.

Çünki yaranan problemlərlə bağlı əlaqədar qurumlara müraciət edəndən, dəfələrlə onlara sorğu göndərəndən, problemin həlli yollarını araşdırıb təqdim edəndən sonra da, heç bir tədbir görülmədiyini görəndə, susub bir tərəfə çəkilməyə məcbur olursan.

Məncə, bu qədər ədəbiyyat kifayət edir. İndi keçək əsas məsələyə… Yəni bu dumanlı, çiskinli qış səhərində məni pessimizmin dibinə yuvarlayan “yol əhvalatına”.

20 ildir ki Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayıram. Artıq dörd ildir ki, hər səhər evdən çıxıb işə gəlir, bir də qaş qaralanda evə qayıdıram. Bu dörd ildə hələ bir dəfə də olsun qəsəbəmizin marşrutu ilə işə gəldiyimi xatırlamıram. Çünki, bu, heç vaxt mümkün olmayıb. Mənim nəsibim həmişə sınıq salxaq qazellər, sprinterlər, bir manatlıq taksilər olub.

Bilirəm ki, xalq şairinin, yazıçısının, sənət adamının küçələrdə səfil kimi ölməsinə, onların aclıqdan, yoxsulluqdan, dərdə-sərə düşməsinə, içkiyə, siqaretə qurşanıb sürünməsinə ürəyi daha çox ağrıyır, nəinki normal şəraiti olanlara. Ona görə də, bu gün xalqın (oxu: oxucunun) damarından basmaq istəyirəm.

Hə, harda qalmışdıq? Yol məsələsində. Deməli, illərdir bizim qəsəbəmiz 149 və 164 saylı marşrutların ümidinə qalıb ki, 164 saylı marşrutun şəhərə, işə gələn adamlara çox az aidiyyəti var. Bu marşrut xətti insanların Ümid qəsəbəsindən Sədərək bazarı istiqamətinə aparılması üçün təyin olunub. İndi allah işimizi düz gətirib ki, həmin bu marşrut bir saatdan bir gəlib bizim qəsəbədən də keçir. Belə olan halda, bazara-bezara getmək istəyən adamlar bu marşrutu özlərinə kömək bilib əyləşib gedirlər. Yerdə qalır 149 saylı marşrut xətti.

Mən qəsəbəyə təzə köçəndə, bu xətt düz Azneft dairəsinə qədər gedirdi, sonra onun yolunu qısaldıb “20-ci sahə”yə qədər etdilər. Bir neçə il keçdi, xətt qısalıb Lökbatan dairəsində qərar qıldı. Sonra Lökabatan qəsəbəsi və.s. İndi bu dayanacağın sonu haradadır, heç bilinmir. Bəlkə də, sonu yoxdur, elə bütün günü Yer kürəsi ilə birgə fırlanır. Nə bilim.

Hə, onu da deyim ki, əvvəllər xətdə 10, sonra 9, sonra 8 marşrut fəaliyyət göstərirdi. İstifadə müddəti çoxdan başa çatmış bu avtobuslar yol qəzaları edə-edə sıradan çıxıb 4-əqədər endilər. İndi 50 min əhalisi olan qəsəbə 4 sınıq-salxaq 149 saylı marşrutun ümidinə qalıb. Gülməlidir, deyilmi?

Və bu dörd marşrut yarım saatdan bir xəttə çıxır, asta-asta dayanacaqlara çatıb, Lökbatana, Binə, Sədərək bazarına getmək istəyən evdar xanımları, yaşlı xalaları, dayıları götürüb gedir. Qəsəbədə yaşayan, şəhərdə təhsil alan yüzlərlə tələbə, iş fəaliyyətində olan işçi isə saatlara yollarda bir manatlıq taksilərin, sprinterlərin ümidinə qalır.

Hər səhər dayanacaqlarda dayanan gənc tələbələrin soyuqdan necə titrədiklərini, işə tələsən, ağsaqqal, ağbirçək adamların ayaqlarının birini götürüb, o birini qoyduğunu görəndə, ürəyim ağrıyır. Baxmayaraq ki, mən özüm də həmin situasiyada kənardan kiminsə ürəyini ağrıdıram. Ona görə də, bəzən şəxsi maşınları ilə şəhərə adam daşıyan sürücülər deyirlər, ancaq xanımlar, tələbələr əyləşsin.

Bir manatlıq yol maşınları gəldikcə, insanlar özlərini maşınların qarşısına atır, hamı işə getmək, gecikməmək uğrunda mübarizə aparır. Çox vaxt mübarizədə qalib gələn qadınlar maşınlara doluşub gedirlər. Kişilər isə yenə soyuqda qalırlar, növbəti allah bəndəsinin gəlib çıxmasını ümidlə gözləyirlər. Oxşar vəziyyət tək səhərlər yox, axşam da baş verir. Ancaq bu dəfə vəziyyət daha da dramatikləşir. Çünki səhər evdən çıxan adamlar yatıb yuxularını almış, tox vəziyyətdə, dinc olurlar. Axşam isə hamı ac-susuz və iş gününün sonu olduğundan yorğun olurlar.

“Sahil” metrosunun yaxınlığındakı, “20-ci sahə”nin ətrafındakı dayanacaqlarda insanlar maşın yolunun düz ortasına qədər çıxırlar. İndiyə qədər buralarda adamların maşınların təkərlərinin altına düşüb ölməməsinə təəccüb edirəm.

Acı, yox, zəhər kimi həqiqət isə ondan ibarətdir ki, bir manatlıq taksilər olmasa, insanlar küçələrdə qalar, biabırçılıq baş alıb gedər.

Ən pisi bilirsiniz nədir? Axşam saat 20:00-dan sonra Sahil qəsəbəsinə gedən 149 saylı marşrut ən yaxşı halda gedib Lökbatan dairəsində saat yarıma bir-bir adam dənləyir. Adam Lökbatan dairəsində nə gəzir axı? Adamlar hamısı bir manatlıq taksilər uğrunda “Sahil” metrosu, “20-ci sahə” dairəsinin ətrafında ölüm-dirim savaşı aparır.

Bütün bunları yazmışkən, gəlin sizə bir şad xəbər də verim, əziz oxucu. Saat 22:00 dən sonra bizim qəsəbə, ümumiyyətlə, hamının yadından çıxır. Yəni ora gedən marşrutlar qeybə çəkilir. Tutaq ki, mən yerlə-göylə əlləşən, teatrdan axşam tamaşasından çıxıb Şekspir, Nizami, Cavid dünyasında var-gəl edən adam, axşam saat ondan, on birdən sonra qalıram küçələrdə. Teatrdan, tamaşadan aldığım həvəsi, zövqü də küçələrə salıb itirirəm.

Nə qədər yazmaq, nə qədər pozmaq olar? Bütün bu yazılanların nə Bakı Nəqliyyat departamentini, nə Qaradağ rayon İcra hakimiyyətinin səlahiyyətli şəxslərini, nə Sahil qəsəbəsi bələdiyyəsini, bir sözlə, heç kimi narahat eləmir. Yumşaq desəm, yaranan mənzərə onların veclərinə deyil.

Ona görə veclərinə deyil ki, illərdir bu marşrut xətləri ilə bağlı şikayətlər olunub, yüzlərlə ərizələr yazılıb, müxtəlif TV kanallarından gəlib çəkilişlər edilib, amma çifayda. Səssizlik yenə də öz qüvvəsində qalıb.

Əziyyət çəkən isə yenə də əhalidir. İnsanlar hər gün işə getməli, tələbələr də dərsə. Saatlarla dayanacaqda qalan, tanımadığı, bilmədiyi adamların maşınlarına əyləşib evinə getməli olan tələbələrin başına bir saatdan sonra hadisə gələcək deyə heç kim narahat deyil. Dəfələrlə bir manatlıq taksilərdə müxyəlif formalı insidentlər yaşanıb. Cavan uşaüdı, maşının güzgüsündən yaşıdı olan tələbə qızlara göz- qaş edir, mahmı qoyur, söz atır və.s.


Normal marşrut xətti olmadığından, adamlar hər gün bir gedişə 40, 50 qəpik yerinə 1 manat pul xərcləyirlər. Üstəlik, onsuz da tıxaclarda itirilən vaxtın üzərinə bir də taksiləri gözləmək vaxtı əlavə olunur. Beləliklə, misalçün, axşam saat 7-də evində olmalı adam 9-da güclə gedib mənzil başına çatır. Bu tələbədirsə, onu təhsil alma, işçidirsə, onun işgörmə qabiliyyətini aşağı salır. Nəticədə insan həyatı qısalır, gənc ölümlərin sayı çoxalır, xəstəliklər günü-gündən artır.

Yazımı yenə də əlacsız, əli hər yerdən üzülən pessimist notlarla başa vururam. Onsuz da bilirəm ki, bu yazıya da, nə Bakı Nəqliyyat Departamentindən, nə Qaradağ rayonu İcra Hakimiyyətindən, nə də digər əlaqədar qurumlardan reaksiya gələcək. Amma, deyəsən, ümid sonda ölürdü deyirdilər. Biz də ümidimizin ölümünü, bu ölümdən sonra yazılacaq sentmentallıqdan uzaq yazını gələn dəfəyə saxlayaq.

Share: