“Yəqin mən fəxri ada layiq deyiləm”

Hər ilin may ayında incəsənət xadimləri üçün təsis olunmuş Prezident mükafatı bu il aktyorlar arasında narazılığa səbəb olub.

Kulis.az xəbər verir ki, bir çox teatrlarda mükafatları bir qayda olaraq eyni adamlar alır. Təqdimatı teatr rəhbərliyi Mədəniyyət Nazirliyinə göndərir. Yəni aktyorların giley-güzarına səbəb olan qurumlar əslində teatr və nazirlikdir.

“Niyə sizə mükafat və ya fəxri ad verilmir?” sualına aktyor Rəşad Səfərov “yəqin mən bu ada layiq deyiləm, yəqin yaxşı aktyor deyiləm, yəqin istedadım çatmır” deyə cavab verdi. O bildirdi ki, hələ təhsil aldığı illərdən tamaşalarda rol almasına baxmayaraq, bu günə qədər heç bir fəxri mükafata layiq görülməyib.

“1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Oxuduğum illərdə də teatrda çalışırdım. 2001-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət İrəvan Dram teatrında, 2005-ci ildə Şuşa Musiqili Dram Teatrında, 2006-cı ildə isə Dövlət Gənclər teatrında aktyor kimi fəaliyyətdə olmuşam. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoruyam. Çoxlu sayda tamaşalarda baş rollarda oynamış, film, serial və kliplərdə çəkilmişəm. 2014-cü ildə Binəqədi rayonu Xocasən mədəniyyət evinə direktor təyin olunmuşam.

Qazi oğluyam. Artıq 45 yaşım var. Və atamın qoyduğu addan başqa heç bir mükafatım yoxdur.

İllərimi bu sənətə vermişəm. Bu yaşda heç bir adımın, mükafatımın olmaması məni əlbəttə küsdürür, incidir, qiymət verilməməsi insanı damla – damla öldürür. Ümid edirəm, ölməmişdən bir gün öncə fəxri adım olacaq”, – deyə o bildirib.

Xatırladaq ki, Prezident mükafatı aktyorların maddi rifahına dəstək məqsədilə təsis edilib və 500 manat məbləğindədir. Mükafatı alan aktyor il ərzində öz maaşı ilə yanaşı bu məbləği də alır.

Lent.az

Share: