Xüsusi təyinatlı şəhid Mehdizadə Əli haqqında… – Xatirə Xatun yazır

Qardaslarına ata, anasına qardaş olan, bədənində qəlpə daşısa da döyüşən, su gətirməyə gedərkən susuz şəhid olan, qardaşına söz verdiyi sürprizi çatdıra bilməyən xüsusi təyinatlı ŞƏHİD ƏLİNİN çox təsirli həyat HEKAYƏTİ ilə tanış olun …

Buludlu, tutqun bir payız günüdür. Səmanı qapqara buludlar örtüb, günəşin izi- sorağı belə yoxdu.Sanki göylər də bu gün haqqında sizə söhbət açmaq istədiyimiz şəhid Əliyə yas saxlayır…

Mehdizadə Əli 15.08.2001-ci ildə Lənkəran şəhəri, Kələntərli küçəsi ev 47-də anadan olmuşdur.2018-ci ildə Lənkəran şəhər1 saylı orta məktəbi bitirmişdir.2019-cu ilin oktyabrında hərbi xidmətə çağrılmışdır.Göytəpə sərhəd dəstəsində xüsusi təyinatlı bölüyün əsgəri olub. 26 sentyabrda Göytəpədən müharibə bölgəsinə aparılıb.Əvvəlcə Goranboyun Yuxarı Ağcakənd ərazisində, sonra digər döyüş bölgələrində vuruşub. Cəbrayılın azad olunmasında iştirak edib və yaralanıb. Bədənində qəlpə olmasına baxmayaraq, Qubadlıda, Laçın kəndlərinin azad olunmasında döyüşüb.Son döyüş yeri Şuşanın Daşaltı kəndində olub.Ümumən 35 gün döyüşdə olub, bunun 11 günü Daşaltıda keçib. 1 noyabrda axşam Daşaltıda snayper atəşindən şəhid olub. Beyləqanın Peyğəmbəriyyə məscidində yuyulub kəfənlənib və gecəikən Lənkərana gətirilib. 2 noyabda səhər saatlarında torpağa tapşırılıb. Məzarı Şilavar qəbristanlığındadır.Subay idi. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” və ,,Cəsur döyüşcü” medalları ilə təltif edilmişdir.

Evin böyük oğlu idi Əli…Hələ kiçik yaşlarından böyük düşünər, böyük kimi davranardı.Özündən kiçik iki qardaşının, bir bacısının və anasının yaxın dostu, məsləhətçisi idi Əli…Həyat onu vaxtından qabaq böyütmüşdü.Yaşına görə çox təmkinli, ağırbaşlı, qanacaqlı bir cavan idi.
Anası Sara xanımın söylədikləri:
-Əli bambaşqa bir oğul idi.İmanlı, ağıllı, zəhmətkeş, səbrli, dindar, döyüşkən, zirək bir gənc idi.Dərdini, sirrini kimsəyə bildirməzdi . Bu 19 ilik ömründə bir dəfə də olsun mənim xətrimə dəymədi.Mənim arxam, dayağım, ümid yerim, güman yerim olub o.Hər zəngində Muradın xidməti, Əhmədin səhhəti, bacısının dərsləri ilə maraqlanırdı.,,Buralarda qəribə bir bitki var, tikana oxşayır , biz tərəfdə ondan yoxdu.Gələndə Əhməd üçün ondan gətirəcəyəm”,- deyirdi. Hər şeyim idi o mənim.Elə bilirdim ki, ona bir şey olsa ölərəm.Amma ölmədim, Allah məni idarə elədi, Əli isə mənə səbr etməyi hələ sağlığında öyrətmişdi.Son mesajinda da Müharibədə olduğu 35 gün ərzində məni daim arxayın salırdı ki, ana, heç narahat olma birda yerimiz isti, rahat , yeməyimiz qaydasında, şokoladdan tutmuş növbənöv çərəzə qədər varımızdı.Sonradan bildim ki, yağışın altında , yaş torpağın üstündə növbə ilə yataraq keşik çəkirmişlər. Yarpaq yeyiblər, günlərlə ac qalıblar…

Getdiyinin 9-cu günü Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralanıb qospitala düşür Əli. Əlində qəlpə vardı, həkim ona :,, bunu çıxarmaq üçün gərək yaram, o zaman burda qalmalı olacaqsan,”-dedikdə Əli evə zəng edərək : ,,Ana, bundan mənə bir şey olmaz, yadigardı da, qalıb. İnşallah müharibədən sonra çıxartdıraram.İndi gedim yoldaşlarımın yanında olum “,-deyə bir növ icazə, razılıq istəyib.Ardını yenə Sara xanımın dilindən eşidin:
-Gördüm uşaq narahatdı, onda da əl açdım göyə ki, İlahi, özün yol aç, uşaq getsin yoldaşlarına çatsın. Qospitaldan çıxandan sonra mənlə danışanda dedi ki, üzü Şuşaya doğru gedirik.Ondan sonra Əlidən xəbərim olmadı…
Cəmi iki gün qospitalda yatdıqdan sonra döyüşçü yoldaşlarınln yanına qayıdan Əlini komandiri :,, niyə gəldin?_deyə danlayır. Əli isə :,, siz burda tək qoyub orda qala bilməzdim,”-deyə cavab verir…
Əlinin özündən kiçik qardaşı Murad da əsgər idi, o da Kəlbəcərdən döyüşlərə qatılmışdı.35 gün ərzində bir- biriləri ilə əlaqələri olmayıb.Əli :,, yanımdakı hər bir döyüşçünü, gözümün qabağında şəhid olan hər bir əsgəri qardaşım Murad kimi bilirəm”,-deyirdi.

Daşaltıda şəhid olub Əli .Düz on gün imkan tapıb əlaqə saxlaya bilmədyi anası ilə telefonla danışdıqdan təxminən 2 saat sonra şəhadətə çatıb.
Əli Şuşada 1554 m hündürlükdə 200 nəfərdən ibarət olan şəxsi heyətdə döyüşürmüş .Artıq 3 gün idi ki, bölüyün içməli suları bitibmiş. Əli 10 nəfərlə birlikdə su gətirməyə gedir,Suyu götürüb qayıdanda çatmaqlarına təxminən 50 metr qalmış düşmənin artilleriya atəşinə tuş gəliblər.10 nəfərdən 4-ü ağır yaralanır, 3-ü isə şəhid olur.Əli də onların içində….
Yardım göstərən həkim danışır:
– Biz Əliyə çatanda o sağ idi. Bud hissəsi iki yerə bölünmüşdü, birtəhər qanaxmanı dayandırdım. Başqa yaralılara baxanda Əli yenidən məni çağırdı, su istədi.Dodaqlarına su damızdırdım.Az sonra şəhadətə qovuşdu.
Su gətirməyə getsələr də, heç biri su içməyiblərmiş.
Əli həm susuz, həm də Allahı çağıraraq şəhadətə çatıb. ,,Allahım, sənə gəlirəm,”- deyərək gözlərini əbədi yumub.
Noyabrın 2 –də Əlini gətirən qəm karvanı Beyləqandan Lənkərana tərəf yol alır…

Şəhid anası oğlu ilə son görüşündən danışır:
-Əlinin cənazəsi həyətə girəndə açıb doyunca baxdım uşağıma …9 aydı görmürdüm, öpmürdüm onu, üzünü , gözlərini doya-doya öpdüm….Dodağının kənarında azca torpaq vardı balamın…Gülümsəyirdi balam…üzündəki təbəssümü əbədi donmuşdu…
Evin ortasında böyük bir xalça sərib Əlinin cənazəsini ora qoyaraq o biri balalarımı da yanıma alıb səhərə kimi onunla söhbətləşdik. Ürək sözlərimi dedim ona , dedim ki, mənə bu imtahandan çıxmağa kömək elə .Səhər onu yola salanda mənə elə gəldi ki, Əli o yatdığı yerdən məni görür. Qapıdan çölə addım ata bilmədim. Mənə elə gəlirdi ki, Əli mənə : ,,ana, ayıbdir, həyət dolu kişidi, artıq hərəkətin olmasın”,-deyir . Onun xoşu gəlməzdi qadının səsi kişilərin arasında bərkdən çıxa.Sakitcə onu yola saldım, haqqım sənə halal olsun, sən də haqqını mənə halal elə, şəhadətin mübarək olsun,-dedim. Necə ki, xidmətə gedəndə arxasıyca su atmışdım, eləcə də son mənzilə yola salanda dalıyca su atdım…Əlinin 19 illik həyatı da gözəl idi, indi verdiyi dərd də gözəldi.Onun məzarı üstə gedirəm, gözəllikdən başqa heç nə görmürəm.Mən ana kimi baş əyirəm onun qarşısında .Əli mənə fəxr yaşatdı, qürur duyuram onunla.

Sara xanım- 38 yaşlı bu cavan qadın o qədər təmkinli, o qədər sakit danışır ki, bu təmkinin , bu dözümün qaynağını bilmək istəyirəm.Yenə də Əlinin adına bağlayır söhbəti:
-Bu dözümün qaynağı bəlkə də şəhidin məqamını bilməyim oldu.Bu mənim tapındığım təqva ilə bağlıdır.Söhbətlərimiz zamanı ona bildirirdim ki, bunları sizlər etməlisiniz.30 ildə heç kimin etmədiyini sizlər edirsiniz-sən , qardaşın.Sən Allah deyib qabağa get.Komandirini, yoldaşlarını itirmişdi, çox pərişan idi.Bu sözlərlə ona güc verib,irəli getmələrini deyirdim.Mən gizlədim uşağımı, o gizlətsin- belə olmur axı…Axır bu məsələ həll edilməli idi.Əslində bu hisslər qürurvericidir.Uşaq başqa yerdə deyil,torpaq üçün həlak olub.Əli hər zaman mənə arxa olub, dəstək olub.Uşaqlara atalığı o edib. Onun üçün narahatlığımı görəndə mənə ,,Allah nə yazlbsa, o da olacaq” deyirdi.Mənə səbri də, dözümü də Əli öyrətdi. Qardaşım idi o mənim…
Şəxsi həyatındakı uğursuzluğa baxmayaraq Sara xanım :,, taleyimdən narazı deyiləm, mənə Əli kimi oğul verib,”-deyir.
Qələbə xəbərini sevinclə, qürurla qarşılayıb Sara xanım.Həm də ona görə ki, bu qələbədə onun gözünün ilk ovu Vətənə qurban verdiyi Əli balasının da payı, haqqı vardı.Sonra da Əlinin xidmət etdiyi hissəyə yola düşüb.Əlinin ətrini hələ də özündə saxlayan yatağını doya-doya iyləyib , orda qalan əşyalarını öpüb oxşayıb.Yastığının altından isə qardaşı Əhməd üçün dərib saxladığı, əlbəəl vermək qismət olmadığı o qəribə bitki çıxıb…


Əli- sağlığında tanımadığım bu imanlı, vətənpərvər, nur üzlü cavan 19 illik o qısa amma çox şərəfli həyatı ilə bir məktəb, bir örnəkdi mənə görə- əxlaqı, Vətənə sevgisi, ali dəyərlərə hörməti ilə.Yolunu gözləyən anasına qovuşa bilməsə də, qardaşına vəd etdiyi sürprizi öz əlləri ilə verə bilməsə də bizə Laçın, Cəbrayıl, Şuşa verdi, Vətən verdi Əli! O torpaqlarda bundan sonra yaşayacaq , addım basacaq hər bir kəsin boynuna özü ağırlığında haqq qoydu Əli!Unutmamalıyıq, unutsaq haqqını bizlərə halal etmə, qaragözlü, hündürboylu, yaraşıqlı Şəhidim!Sənin üçün tökdüyüm gözümün nuru və yaşı da ananın südü kimi halalın olsun, adına layiq yaşayıb gedən oğul!

Xatirə Xatun

yazar-publisist
01.03.2021.

Share: