“Xoşbəxt günlərimin şəkili qaldı…” – Şəhla Vahid Hacıyeva

 

Müstəqil.Az bu gün doğum gününü qeyd edən istedadlı şair Şəhla Vahid Hacıyevanı təbrik edir, şeirlərini təqdim edir:

 

İlahi

İlahi,yazdığın dağ-daş başına,
İlahi,pozduğun ağrıdan olsun.
Hər nə yaşadımsa xəyala dönsün,
Xəyal qurduqlarım doğrudan olsun.

Harda üzüləcək bu ipin ucu,
Harda dolanacaq boynuma görən.
Yuxusuz,bu gözü yaşlı körpəni,
Kim, harda qoyubdu qoynuma görən?

Hələ çalınmamış ana laylası,
Səssiz harayıdı qucağı boşun.
Gecələr his basmış qazan kimidi,
Süfrəsi bükülü,ocağı boşun.

Qopar əllərimi, qopar üzümdən,
Əllərim üzümdə çürüyəcəkdi.
İsinib canımın duzlu suları,
Gözlərim ovcumda əriyəcəkdi.

 

****

Ayrılıq başlayır burdan o yana,
Bir az o tərəfdən ötür,gedəcəm.
Başımı qat, yol yadımda qalmasın,
Hansısa cığırda itir,gedəcəm.

Bilmirsən,havadan nə demişdilər,
Yağışmı olacaq,qarmı yağacaq?!
İki ömrə kirayəli bu sevgi,
Sabahdan bir ömrə necə sığacaq?

Neçə vurur ürəyinin vurğusu,
Qaysaq tutmuş dodaqların nə dadır?
Bu sehrbaz məhəbbətdən nə çıxır,
Bu gün görən kimi harda aldadır?

Bir azca əlimdə isti aparım,
İsit əllərimi,əllərim buzdu.
Üşüsə ürəyim üstünə qoyum,
Yəqin çox gedəcəm,yolum uzundu.

Ayrılıq başlayır burdan o yana,
Bir az o tərəfdən ötür,gedəcəm.
Başımı qat yol yadımda qalmasın,
Hansısa cığırda itir,gedəcəm.

 

Gətirmisən

Bir dünya həsrətim,bir boy sevincim,
Min diləyim,bir şirin çay sevincim.
Bir xonça ümidim,bir toy sevincim,
Getmisən,gözümə yaş gətirmisən.

Düymə bağlamışdı neçə arzular,
Ürəyimdən içə-içə arzular.
Açacaqdı qönçə-qönçə arzular,
Bahar gözləyirdim,qış gətirmisən.

Dualar dilimdə bükülü qaldı,
Gümanım yollara tökülü qaldı,
Xoşbəxt günlərimin şəkili qaldı,
Ömrümü gör nəyə tuş gətirmisən.
Bahar gözləyirdim,qış gətirmisən.

Şəhla Vahid Hacıyeva

Müstəqil.Az

Share: