Xordad hadisələrinin ildönümü ilə bağlı Berlində etiraz aksiyası keçiriləcək

2006-cı ildə İranda baş verən qanlı may hadisələrinin – Xordad hadisələrinin 17-ci ildönümüdür.

“Qafqazinfo”​ APA-ya istinadən xəbər verir ki, bununla bağlı mayın 20-də Almaniyanın paytaxtı Berlində etiraz aksiyası keçiriləcək.

Məlumat üçün qeyd edək ki, 12 may 2006-cı ildə İran dövlətinin rəsmi orqanı olan “İran” qəzetinin müvafiq sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edilib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar.

Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd kimi şəhərlərdə qısa müddət sonra kütləvi etirazlar başlayıb.

İran hüquq-mühafizə orqanları aksiyaların böyüməsinin qarşısını almaq məqsədilə, gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmaq üçün tədbirlər görməyə başlayıb.

Etirazlar zamanı 30-dan çox soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb, həmçinin çoxsaylı aksiya iştirakçısı həbs edilib.

İran xüsusi xidmət orqanları hadisədən bir neçə ay sonra da kütləvi həbsləri davam etdirib. Nəticə etibarilə, bu hadisələr qanlı may hadisələri, yaxud Xordad hadisələri adı ilə tarixə düşüb.

Həmin hadisələr zamanı Sulduzda hökumət qüvvələri tərəfindən şəhid edilən Hüseyn Fəthipurun qardaşı, hazırda Belçikada yaşayan Haray Fəthipur agentliyə açıqlamasında bildirib ki, ümumilikdə İranda farslardan qeyri millətlərə, xüsusilə türklərə qarşı bu cür münasibət hər zaman olub.

“İranda assimilyasiya siyasəti Qacarlardan sonra, yəni Pəhləvilərin hakimiyyətə gəlməsi ilə başlayıb. 1945-ci ildə Pəhləvilərin 30 min azərbaycanlını qətlə yetirməsi hər kəsə məlumdur. Ardınca bir çox hərəkatlar və sairə də hamıya məlumdur. Hətta biz indi danışdığımız 2006-cı il olaylarından sonra da yenə İran televiziyalarında azərbaycanlılar təhqir edilirdi. Hansı ki, onda da müəyyən etirazlar oldu. O karikatura məsələsi isə, təkcə qəzetin təşəbbüsü deyildi. Ümumən ölkədə bizlərə qarşı olan münasibət bu cür idi. Karikatura yayımlanandan sonra universitet tələbələrinin təşəbbüsü ilə etirazlar başladı və getdikcə bütün güney azərbaycanlılar aksiyalara qoşuldu. Biz o zaman Sulduz şəhərində yaşayırdıq. Mən və qardaşım da aksiyanın ilk günündən etirazlara qoşulduq. Birinci gün aksiya, bir növ, sakit keçdi, amma ikinci gün artıq hökumət qüvvələri etirazçılara atəş açmağa başladı. Mənim qardaşım da həmin gün şəhid oldu, o zaman qardaşımın 17 yaşı var idi. Sulduzun özündə şəhid çox idi, amma əksəriyyətinin şəxsiyyəti müəyyənləşdirilə bilmədi”.

Haray Fəthipur etirazlara 7-dən 77-yə hamının qoşulduğunu qeyd edib: “Hadisələrdən sonra mən ölkəni tərk elədim. Bir müddət Türkiyədə yaşadım. O zaman həyat yoldaşımın anası vəfat etdiyi üçün İrana getməli oldu. Lakin həyat yoldaşım İrana qayıdandan sonra onu ölkədən çıxmağa qoymadılar, onun bütün sənədlərini alıb ölkədə saxladılar. Mən BMT-yə müraciət etdim, müvafiq tədbirlər görülməsini xahiş etdim. Haradasa, 6 ay yoldaşım orada qaldı. BMT İnsan Hüquqları Haqqında Bəyənnaməni əsas tutaraq, Tehrana məktub göndərdi və bildirdi ki, bu hərəkət siyasi fəalın ailəsinin girov saxlanılmasıdır. Ondan sonra həyat yoldaşımın ölkədən çıxmasına izin verildi”.

Müsahib 20 mayda Berlində keçiriləcək etiraz aksiyası barədə də danışıb: “Bu etiraz aksiyasının təşkilatçılarından biri mənəm. Biz fevralın 20-si və martın 25-də Brüsseldə də etiraz aksiyası keçirmişdik. İndi isə mayın 20-si isə Berlində keçirməyi planlaşdırırıq. Biz Brüsseldəki etirazlardan sonra Güney Azərbaycanlılardan ibarət Koordinasiya Mərkəzi yaratdıq. Bu heyətdə həm güneydən, həm quzeydən, həm də Türkiyədən olan dostlarımız təmsil olunur. Mən burada İdarə Heyətinə üzv seçildim. Mayın 20-si Berlində keçiriləcək etiraz aksiyası saat 14:00-da “Unter der Linden- Staatsbibliothek”da başlayacaq və saat 17:00-da başa çatacaq. Aksiyanın bitmə yeri “Brandenburger Tor” olaraq nəzərdə tutulub”.

Haray Fəthipur etiraz aksiyası zamanı səsləndirəcəkləri şüarlar barədə də fikirlərini bölüşüb: “Şüarlarımız Güney Azərbaycanla bağlı olacaq. Mitinqimizin ana şüarı “Azadlıq, Ədalət, Milli Hökumət” şüarıdır. Bu şüar həm də etiraz aksiyamızın adını ifadə edir. Biz mitinq təşkilatçıları olaraq, Güney Azərbaycanlılara çağırış etmişik ki, mayın 20-də orada da etiraz aksiyaları keçirsinlər”.


Share: