AĞRILARIMIN HEYKƏLİ
Içim-çölüm ağrıdır,
damır gözümdən ağrı,
şeirə çapıram,
elə şeir kimiyəm özüm də,
fikir vermə,
heykəl yonuram sözə.
Hisslərim budaqda
çırtlamağa başlayan çiçək düyünü,
açılmağa müntəzir,
dünyanı
ovcuma ala biləcəyim məqamdır,
dindirmə məni.
Şeirlərim –
əzablarımın doğduğu sevinc,
ağrılarımın heykəli.
MÖVCUD OLMAYAN SƏN
Bütün yollar sənə aparır:
darıxanda
ruhumun ovunduğu məkan,
dara düşəndə
əlimin uzandığı yön,
dünyadan küsəndə
giley üçün üz tutduğum ünvan,
doğru bilib güvəndiyim,
xəyallarımın qonağı,
gözümün gəzdiyi insan –
sən…
Mövcud olmayan sən.
***
Bir baxışın ağuşunda
sonsuzluğa getmək,
bir yuxunun ətəyindən yapışıb
gecəni səhər etmək,
bir bəlkəyə dayaq verib,
dirək olmaq ümidə,
bir günü gözə alıb yaşamaq,
yaşamaq…
DUR QARŞILA ÖLÜMÜNÜ
Ölümü gözləyən adam,
budurmu sonu sevdiyin həyatın,
arxasınca qaçdığın sevdaların?
Bumu axırı qavrayışın, yüksəlişin,
lap olsun
bir ömrü nadanca,
məcburiyyət kimi yola vermənin?
Oxuduğun kitablar,
dərk etdiyin həyat nə deyir sənə?
Dəydimi,
belə fani,
belə işıqlı dünyaya gəlməyinə?
Dur qarşıla ölümünü təbəssümlə,
öz aləminin şahı,
dünya qanunlarının qulu adam,
istəsən də, istəməsən də,
keçməlisən,
keçməlisən
sənə biçilən yolu, adam!
SAYƏNDƏ
Halına görüntü etməklə məni
Rəzillik nə imiş, gördüm sayəndə.
Demirəm səhv etdim sənə uymaqda,
Səhv, düz bu dostluğu gömdüm sayəndə.
Nə şəbədə qoşsan, xası özünsən,
Utancdır keçdiyin ömrü gəzinsən,
Elə yosma-yosma sevgi gəzdin sən,
Sevgidən soyudum, söndüm sayəndə.
Ölç, öz arşınınla ölçməyində ol,
Keç gülünc yollardan, keçməyində ol,
Get, ayrı görüntü seçməyində ol,
Dinmirdim, ilişdin, dindim sayəndə.
SONDUR BU
Rəng-rəng, ilmə-ilmə seçib getdiyim,
Diş ilə, dırnaqla biçib getdiyim,
Ağrılar içindən keçib getdiyim
yoldur bu.
Fırtına səngidib selə verdiyim,
İstəklər uçurub yelə verdiyim,
Əlimin içindən ələ verdiyim
yöndür bu.
Yazda çiçək üçün, qışda qar üçün,
Əsim-əsim əsdim dostçün, yar üçün,
Dönə-dönə itən etibar üçün
sondur bu.
QATAR GÖZLƏYİRƏM
Bu qatar da ötüb getdi,
Ünüm yetmədi, yetmədi.
Gedib, gedib gözdən itdi,
Güman itmədi, itmədi.
Bir dəli inada qulam,
Könlümdə dağıntı, savaş.
Qatar gözləyib nagüman,
Nə çəkirəm, biləydin kaş.
Söykənib tənha söyüdə
Budaqdan bar gözləyirəm,
Qatarlanıb illər gedir,
Mənsə, qatar gözləyirəm.
BU SÜKUT
Bu sükut nə soyuqdur,
Dondurur ruhu belə.
Nə qədər sarmaşsa da,
İnsana yaddır elə.
Ünvansız vahimədir
bir kölgə tərpənişi,
Bir sərçə uçuşunda
ürəyin ürpənişi.
Az qalır uda səni,
Hünərin var yarıb keç.
Sazağın sırsıratək
boynundan asdınmı heç?
Bunun əfkarı zillət,
Dili ilan dilidir.
Niyə ölü deyiblər,
Bu sükut dipdiridir?!






















