Xankəndidə qalan erməni hərbçilərin dəqiq sayı məlum oldu

Baş nazir Nikol Paşinyan Azərbaycan ərazisində hələ də Ermənistan ordusunun 25 min nəfər hərbçisinin qaldığını rəsmən etiraf etdi, İrəvan Bakı ilə sülh sazişi imzalamaq niyyətində ciddidirsə, əvvəlcə dərhal onları çıxartmalıdır… Əks halda, beynəlxalq hüquq normalarına görə, 25 min nəfərlik erməni hərbi dəstələri Azərbaycan ordusu üçün legitim hədəfə çevrilmiş olacaq…

Cənubi Qafqazda sülh prosesi növbəti dəfə dalana dirənib. Əsas səbəb isə bu regiona nəzarət etmək uğrunda dünya nəhənglərinin amansız mübarizə aparması ilə bağlıdır. Dünya nəhənglərinin bir-biri ilə kəskin rəqabəti Azərbaycan və Ermənistan arasındakı sülh danişiqlarını real təhlükə qarşısında buraxır. Xüsusilə də Rusiya və Fransanın kobud müdaxiləsi Vaşinqton danışıqlarında əldə olunmuş müsbət nəticələri də artıq risk altına salıb.

Ermənistan baş naziri Nikol Paşinyanın II Qarabağ savaşı və 10 niyabr üçtərəfli anlaşmasının imzalanması ilə bağlı verdiyi son açıqlamalar dünya nəhənglərinin, xüsusilə də Rusiyanın regional sülh prosesində əngəlləyici faktor olduğunu oynadığını təsdiqləyir. Belə ki, erməni baş nazir iddia edib ki, 10 noyabr anlaşmasından öncə sənədin mətninə Hadrut və Ağdamın dəyişdirilməsi ilə bağlı təklifini Rusiya prezidenti Vladimir Putinlə razılaşdırıb. Ardıncasa, Kreml sahibi üzərindən bu təklif Azərbaycan tərəfinə çatdırılıb.

Ancaq təbii ki, rəsmi Bakı bu təkliflə qətiyyən razılaşmayıb. Yalnız bundan sonra prezident Vladimir Putin erməni baş nazirə mövcud situasiyanı anladıb və təklifdən imtina etməyin vacibliyini bildirib. Əslində, bu məsələdə baş nazir Nikol Paşinyanın və prezident Vladimir Putinin davranışları tamamilə yolverilməz xarakter daşıyır. Çünki Hadrut da, Ağdam da Azərbaycan ərazisidir. Və rəsmi Bakının Azərbaycana aid olan iki yaşayış məntəqəsinin dəyişdirilməsi kimi absurd təklifi müzakirə etməkdən belə imtinası tamamilə adekvat yanaşmadır.

4fd8985b-35a7-4386-8332-e3e8bbbf984e.jpg (208 KB)

Digər önəmli məqamsa, ondan ibarətdir ki, erməni baş nazir 10 noyabr kapitulyasiya aktını imzalamasını Ermənistan ordusunun 25 min hərbçisinin mühasirəyə düşmə təhlükəsi ilə əsaslandırmağa çalışıb. O, bildirib ki, Şuşanın itirilməsi Ermənistan üçün strateji önəm daşıyıb: “Şuşanın itirilməsindən sonra Xankəndi və Xocavənd hücuma məruz qalacaqdı. Ən əsası isə 25 minə yaxın əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşəcəkdi”.

Onu da qeyd edək ki, erməni baş nazir Rusiyanın 10 noyabr anlaşmasını mümkün qədər tez bir zamanda imzalanması üçün xüsusi fəallıq göstərdiyini də vurğulayıb. Hətta onun dediklərindən belə anlaşılır ki, Kreml mövcud situasiyanın Ermənistan üçün çıxılmaz olduğunu izah etməyə də çalışıb. Hər halda, yalnız iki gün ərzində erməni baş nazirin Kreml sahibi ilə ardıcıl olaraq, 20 dəfə telefonla danışması qətiyyən boşuna deyildi.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan da etiraf edir ki, Azərbaycan ordusu Xankəndi və Xocavəndi qısa müddətdə nəzarətə almaq, Ermənistanın 25 min hərbçisini mühasirəyə almaq imkanındaydı. Əgər bu, baş verərdisə, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmi və terrorizmi həmişəlik sıradan çıxarılmış olacaqdı. Və Rusiyanın həm Azərbaycana, həm də Ermənistana əsas təzyiq mexanizmi sıradan çıxarılacaqdı.

Göründüyü kimi, erməni baş nazir əslində, dolayısı ilə Rusiyanın bu problemi kökündən həll edilməsinə imkan vermədiyini qabardır. Halbuki, baş nazir Nikol Paşinyan Kreml sahibinin vasitəçilik prosesində Ermənistanın maraqlarının güdaza verilməsinə çalışdığına da açıq eyhamlar vurur. Və Rusiyaya qarşı həm Ermənistanda, həm də Azərbaycanda narazılıq doğura biləcək məqamları gündəmə gətirməyə çalışır.

12323.jpg (861 KB)

Erməni baş nazirin dediklərindən belə anlaşılır ki, Kremli Ermənistanın maraqları qətiyyən düşündürməyib. Prezident V.Putin 10 noyabr anlaşmasını imzalatmaqla, həm Ermənistanı məğlub duruma salıb, həm də Azərbaycanın mütləq qələbəsinin əngəlləməsinə nail olub. Nəticədə Kreml Azərbaycanın Xankəndi və ətraf bölgəsinə rus sülhməramlıları yerləşdirmək hədəfini reallaşdırmaqla, Rusiyanın Cənubi Qafqazda mövcudluğunu təmin edib.

Maraqlıdır ki, son vaxtlar Ermənistan mətbuatı Paşinyan hakimiyyətinin Rusiya əleyhinə təbliğat kampaniyasının növbəti mərhələsinə start verdiyini iddia edir. Baş nazir Nikol Paşinyanın açıqlamalarından sonrasa, bu məsələ geniş müzakirə edilir. Əsas iddialar ondan ibarətdir ki, Paşinyan hakimiyyəti sülh danışıqlarının növbəti raundu ərəfəsində ABŞ və Qərb qarşısında Rusiya ilə bağlı antitəbliğat öhdəliyini yerinə yetirməyə başlayıb.

Hələlik erməni baş nazirin Rusiya ilə növbəti hesablaşmasının hansı nəticələr verdiyi məlum deyil. Çünki Kremlin də baş nazir Nikol Paşinyana prezident V.Putinin məkrli oyunlarını ifşa etməsinə görə müəyyən əks addımlar ata biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, yaxın vaxtlarda rəsmi İrəvan və Kreml arasında növbəti siyasi qarşıdurma o qədər də gözlənilməz olmayacaq.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Ancaq erməni baş nazirin etirafları arasında yer alan bir məqam xüsusilə böyük önəm daşıyır. Belə ki, indidyə qədər 10 noyabr üçtərəfli anlaşmasından sonra Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalan Ermənistan ordusunun tör-töküntülərinin sayının təxminən 10 nəfərə yaxın olduğu güman edilirdi. İndisə, erməni baş nazir bəlkə də heç özü də bilmədən Azərbaycan ərazisində Ermənistan ordusuna aid hərbçilərin sayının 25 min nəfər olduğunu rəsmən etiraf etdi.

Məsələ ondadır ki, 10 noyabr anlaşması ərəfəsində mühasirəyə düşmək təhlükəsi qarşısında olan Ermənistan hərbi hissələri Azərbaycan ərazisindən hələ də çıxarılmayıb. Belə ki, Laçın, Kəlbəcər və s. rayonlardan çıxarılan Ermənistan hərbçiləri mühasirəyə düşmək təhlükəsi qarşısında olmayıblar. Onlar sərhəd bölgəsindən Ermənistan ərazisinə aparılıblar. Şuşa istiqamətindən şərqə doğru olan ərazilərdəki erməni hərbçilər isə sadəcə, Rusiya sülhməramlıların müvəqqəti nəzarət bölgəsinə daşınıb. Və baş nazir Nikol Paşinyan onların sayının 25 min nəfər olduğunu rəsmən etiraf edir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan ərazisində hələ də Ermənistan ordusunun 25 min nəfər hərbçisi qalmaqdadır. Ona görə də, rəsmi İrəvan Azərbaycanla sülh sazişi imzalamaq niyyətində ciddidirsə, əvvəlcə Ermənistan ordusunun 25 min nəfərlik kontingentinin dərhal Azərbaycan ərazilərindən çıxartmalıdır. Əks halda, erməni baş nazirin son rəsmi etiraflarından sonra həmin 25 min nəfərlik hərbi dəstələr Azərbaycan ordusu üçün legitim hədəfə çevrilmiş olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Share: