“Xankəndidə həssas təbəqəyə yaxın olmağa hazırıq”

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ehtiyac olarsa, Qarabağda yaşayan erməni əsilli sakinlər üçün əlavə humanitar yük göndərməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzQAC-ın prezidenti Novruz Aslan deyib.

AzQAC-ın öz missiyasını və xoş niyyətini həyata keçirmək üçün humanitar yük göndərdiyini söyləyən N.Aslan bildirib ki, əgər çətinlik və böhran varsa, ərzaq yardımını qəbul etmirlərsə, çoxlu sual yaranır: “Birinci sual yaranır ki, əgər ehtiyac varsa, humanitar yük nə üçün qəbul edilmir? İkinci sual, əgər biz insanıqsa, dəyərlərimiz varsa və yaradanımız birdirsə, bu ədavət nə vaxta qədər davam edə bilər? Biz bunları nəzərə almalıyıq. Biz ortaya xoş məram qoyuruq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq missiyamız çərçivəsində ölkənin hər yerində, o cümlədən Qarabağ iqtisadi zonasında, Xankəndidə həssas təbəqəyə yaxın olmağa hazırıq”.

N.Aslan bildirib ki, humanitar yükün ünvana çatdırılması məqsədilə danışıqlar aparılır. Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik:

“Sülhməramlı qüvvələrlə mütəmadi olaraq danışıqlar gedir. Bizim tərəfdaşlarımız da prosesi izləyirlər, lazım olanda onlar da prosesə qoşula bilərlər. İnanıram ki, bu məsələ yaxın vaxtda öz həllini tapacaq”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.


Share: