Xamenei hər iki məsələdə Ərdoğana etiraz etdi: nə olacaq?

Ötən gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində bu ölkənin Ali dini lideri Xamenei ilə görüşün xüsusi önəm daşıyırdı.

Müstəqil.Az. xəbər verir ki, Türkiyə regional təhdidlərin aradan qaldırılması, iqtisadi əlaqələrin genişlənməsi və nizamlanmalarla bağlı həm Rəisi (Xamenei), həm də Putinlə ciddi müzakirələr apardı.

Xameneinin görüşdən dərhal sonra atdığı tvit söhbətin məğzini özündə ehtiva edirdi. İran “Qarabağın Azərbaycana geri qayıtmasından” məmnunluğunu ifadə etsə də, Zəngəzur yolunun dəhliz məntiqi ilə açılmasının İranın Ermənistanla sərhədinə “təsir göstərəcəyi” bəhanəsi ilə qarşı çıxır. Başqa sözlə, İran Azərbaycanın işğaldan azad etdiyi torpaqlarla bağlı səsini çıxara bilmir, ancaq Xankəndi və ətrafında separatizmin davam etdirilməsində maraqlıdır – necə ki, bir müddət öncə separatçı tör-töküntülərini yanacaqla təmin edirdi və Laçın dəhlizi vasitəsilə İran maşınları qanunsuz olaraq Azərbaycan ərazilərinə daxil olurdular; Zəngəzur dəhlizinin açılmasına imkan vermək istəmir.

Türkiyə lideri Zəngəzur dəhlizi və Qarabağla paralel olaraq Suriyanın şimalında başlatmaq istədiyi əməliyyatla bağlı da danışıqlar apardı. Xamenei açıq şəkildə İranın bu əməliyyata qarşı olduğunu, Suriyada keçirilən istənilən əməliyyatın Türkiyəyə belə ziyan vuracağını bildirdi.

Beləliklə, Türkiyə lideri Ərdoğanın Xamenei ilə görüşündə müzakirə edilən iki əsas problemin heç biri ətrafında razılıq əldə olunmadı.

Ərdoğanın eyni məsələləri Rusiya lideri Putinlə də müzakirə etdiyini Kreml sahibi elan etməkdən də çəkinmədi. “Müzakirə etməli olduğumuz əsas məsələlərdən biri Qarabağdır” dedi.

Ərdoğan və Putin görüşünün daha anlamlı, daha səmimi və daha güzəştli keçdiyini iddia etmək mümkündür – xüsusilə Qarabağ və kommunikasiyalar məsələsində. Putin də “Əliyevdən sizə böyük salamlar gətirmişəm” sözləri ilə bir çox məsələləri Əliyevlə müzakirə etdiyini ictimaiyyətə də açıqladı, həmçinin bu proseslərin üç lider arasında birbaşa dialoqla davam etdiyini göstərdi.

Bu baxımdan həm Zəngəzur dəhlizi, həm də Qarabağla bağlı mühüm danışıqlar və razılaşmalar olduğunu iddia etmək mümkündür.

Əgər İran cidd-cəhdlə Zəngəzur dəhlizinə qarşı çıxaraq, Orta Dəhlizin bir parçasına mütləq şəkildə nəzarəti ələ keçirmək istəyirsə, Rusiyanın belə bir marağı yoxdur. İran və İranın təhriki ilə 10 noyabr bəyanatını pozmağa davam edən Ermənistanın mövqeyini “konstruktivləşdirmək” üçün isə mütləq Dəmir yumruqdan istifadə edilməlidir və bu istiqamətdə ehtimallar ciddi şəkildə artmaqdadır.

Paralel olaraq hər iki liderlə ayrı-ayrılıqda və Astana formatında üçtərəfli görüşdən sonra Türkiyə lideri Ərdoğan Ankaranın Suriyada başlatmaq istədiyi hərbi əməliyyata Rusiya və İrandan dəstək gözlədiyini bir daha elan etdi. Əgər bu dəstək alınsaydı, bu sözləri təkrar etməyə heç bir ehtiyac qalmayacaqdı.

Belə bəlli olur ki, Suriya məsələsində İranla Rusiya Türkiyənin istəyinə qarşı birləşib, Zəngəzur məsələsində isə İrandan fərqli olaraq, Rusiya israr etmir.

Belə məlum olur ki, hər iki “düyünü” Türk orduları kəsməli olacaq – Türkiyə Ordusu Suriyada, Azərbaycan Ordusu Zəngəzurda…

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan ordusunun birliklərinin Azərbaycanın Qarabağ bölgəsindən çıxmağa başladığını məhz 19 iyulda, Tehran sammiti günü elan etməsi də təsadüfü deyildi.

İrəvan reallığı anlayır və 10 noyabr bəyanatını pozduğunu, bunun nəticəsinin isə Dəmir Yumruq olduğunu başa düşür və əməliyyatı önləməyə çalışır…

Şeyx Teymur

Share: