Xamenei ABŞ-la danışıqlar aparmağı qadağan edib.

İran rəhbərliyi və ali dini lider Ayətullah Əli Xameneinin bəyanatlarına baxmayaraq, Amerika administrasiyası Tehranla danışıqlara hazırdır.

Müstəqil.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Dövlət katibi Maykl Pompeo da daha əvvəl bildirdi ki, prezident Donald Tramp milli təhlükəsizlik məsələlərinə təcili həllər tapmaq üçün İranla danışıqlar aparmağa hazırdır”, – Amerikanın xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, avqustun 4-də ABŞ prezidenti Donald Tramp heç bir ilkin şərt olmadan İran prezidenti Həsən Ruhani ilə istədiyi zaman görüşməyə hazır olduğunu bildirib.

“İran təmsilçisi ilə görüşmək istərdim, əlbəttə ki, görüşmək istəyirlərsə…”, – deyə o qeyd edib.

Tramp həmçinin tvitterdə yazıb ki, yüksək səviyyədə Amerika-İran danışıqlarının keçirilməsi Tehrandan asılıdır.

Öz növbəsində ötən gün Xamenei tvitterdə ABŞ hakimiyyətinə cavabını yerləşdirib.

“Son zamanlar Amerika rəsmi şəxsləri İran haqqında pis danışırlar. Onlar sanksiyalardan başqa, müharibə və danışıqlar haqqında danışırlar. Mənə bu insanlara bir neçə söz deməyə icazə verin: ABŞ-la nə müharibə, nə də danışıqlar olacaq”, – ali dini lider yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Birgə hərtərəfli iş Planından çıxışı sübut edir ki, Vaşinqtona etibar etmək olmaz. Xamenei söyləyib ki, ABŞ-la danışıqlar aparmağı qadağan edib.

Müstəqil.Az

Share: