Xəzər Dəniz Gəmiçiliyinin rəhbər işçiləri: FİLİPP MATYUŞEV

Dəmir yolu xəttinin çəkilişi ilə məşğul olan işçilər tərəfindən salınmış bu məkan sonralar inkişaf edərək şəhər statusu qazanmış və adını da müvafiq olaraq Dolinskaya stansiyasından götürmüşdür.

Ailəsi haqqında təfərrüatlı məlumat olmasa da, bəllidir ki, on dörd yaşlı Filipp dəmir yolu işçisi olan atası 1918-ci ildə dünyasını dəyişdikdən sonra əmək fəaliyyətinə başlayıb. İlk iş yeri Dolinskaya stansiyasının Dəmir yolu xətti xidmətində olub. Yeniyetmə Filipp 1919–1922-ci illərdə burada fəhlə işləyib, çalışqanlığı və zəhmətsevərliyi ilə fərqlənib. Rəhbərlik də səy və əzmkarlığını qiymətləndirərək, Filippi ixtisasa yiyələnməsi üçün sözügedən stansiyanın deposu nəzdində fəaliyyət göstərən Fabrik-zavod şagirdliyi məktəbinə  göndərib.

Haşiyə: Fabrik-zavod şagirdliyi (ФЗУ) məktəbləri o dövrdə iri, aparıcı müəssisələrin nəzdində yaradılaraq ixtisaslaşmış kadrlara olan tələbatını təmin etməyə imkan verirdi.  Bu məktəblərə ilkin təhsilli 14–18 yaş aralığında olan gənclər qəbul edilirdi və onlara ixtisas təlimi ilə bərabər, həm də ümumtəhsil hazırlığı keçirilirdi. Peşə seçimindən asılı olaraq təhsil müddəti 3–4 il çəkirdi.

F. Matyuşev 1922–1925-ci illərdə adıçəkilən məktəbdə çilingər şagirdi olaraq sənətin incəliklərinə yiyələnib və təhsilini başa vurduqdan sonra 1925–1927-ci illərdə paravozsürənin köməkçisi kimi çalışıb.

F.Matyuşev Qara Dəniz Hərbi Donanmasına xidmətə çağırılarkən 1927–1928-ci illərdə Sevastopolda Maşın məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra Xəzər Dəniz Hərbi Donanmasına göndərilib və o, burada 1933-cü ilin noyabr ayınadək hərbi gəmilərin maşın bölmələrində işləyib. Sonrakı dövrdə fəaliyyətini hərbi təlimatçı kimi davam etdirib.

F. Matyuşevin karyerasında dönüş 1935-ci ildən başlayıb. Biliyi, təcrübəsi və məsuliyyəti ilə seçilən Filipp Andreyeviç 1935-ci ilin noyabrında Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin Sənaye-nəqliyyat şöbəsinə təlimatçı, 1937-ci ilin noyabrında isə Nəqliyyat şöbəsinə müdir təyin edilib.

Nüfuzlu  mütəxəssis kimi hörmət qazanmış F. Matyuşevə  1938-ci ilin mayında “Xəzərtanker” Gəmiçiliyinin siyasi şöbəsinə, 1939-cu ilin dekabr ayının 28-də isə “Xəzərtanker” Gəmiçiliyinə rəhbərlik etmək həvalə olunub.

1941-ci ildə Böyük Vətən müharibəsi başlayıb. Müharibənin ilk günlərdən Bakı SSRİ-nin əsas nəqliyyat qovşaqlarından birinə çevirlib. Cəbhədə vəziyyət gərginləşdikcə, Bakıdan daşınan yüklərin həcmi həndəsi sürətlə artıb. Yük daşımalarının operativ təşkili, mühüm dövlət tapşırıqlarının vaxtlı-vaxtında icra olunması qüvvələrin tam səfərbərliyini tələb edib.

F. Matyuşev belə sınaq dövründə özünü bacarıqlı təşkilatçı kimi təsdiqləyə bilib. Belə ki, ilk gündən ətrafına təcrübəli, bilikli, məsuliyyətdən qorxmayan kadrları toplayaraq təxirəsalınmaz məsələləri məharətlə həll edib.

1941-ci il oktyabrın 30-da F. Matyuşevə “Xəzərtanker”lə bərabər, həm də hövzədəki ikinci Gəmiçiliyə – “Xəzərdonanma”ya rəhbərlik etmək səlahiyyəti verilib. Çətin müharibə şəraitində F. Matyuşev iki Gəmiçiliyin kollektivini qarşıda duran vəzifələrin icrasına səfərbər edib. Cəbhə arasıkəsilmədən yanacaqla, sürtkü yağları, silah-sursatla təmin olunub. Nəqliyyat vasitələrinin, ixtisaslı kadrların çatışmazlığına və hətta, vaxt darlığına baxmayaraq əhali və müəssisələrin təxliyyəsi, hərbi hissələrin, lend-liz yüklərinin daşınması uğurla yerinə yetirilib.

1942-ci il oktyabrın 1-də F. Matyuşev SSRİ Dəniz Donanması Xalq Komissarının müavini vəzifəsinə təyin edilib.

1944-cü ilin oktyabrında isə F. Matyuşev artıq “Sovet Dunay Dövlət Gəmiçiliyi”nin yaradılması ilə əlaqədar olaraq Ukraynanın İzmail şəhərinə gedib.

Dunay Gəmiçiliyinin yaradılıb təşəkkül tapması müharibənin ağır dövründə olub. Alman faşistləri Sovet Ordusunun təzyiqi altında geri çəkilməyə məcbur qalanda, çağdaş dövrümüzdə erməni qəsbkarları kimi, rastlarına çıxan hər şeyi məhv ediblər: gəmiləri sıradan çıxarıb, farvarterləri minalayıb, limanları dağıdıb, körpüləri partladıblar. Bir sözlə, hər vəhclə çalışıblar ki, Dunay uzun müddət nəqletmə  üçün yararlı olmasın.

F. Matyuşev məhz belə bir vaxtda rəhbərliyi öz üzərinə götürərək 1946-cı ilin iyununadək Dunayda batmış gəmilərin çıxarılması, Kiliya şəhərində gəmi təmiri vahidinin yaradılması, Kiliya,  Vilkovo və Reni limanlarında körpülərin yenidən qurulması, İzmail dənizçilik və Kiliya sənət məktəblərinin təşkil edilməsi kimi mühüm işlərin icrasını təmin edib.

19461949-cu illərdə F. Matyuşev Liman avadanlıqları trestində işlər müdiri, SSRİ Dəniz Donanması Nazirliyinin konstruktor şöbəsində rəis işləyib. 19491951-ci illərdə KamçatkaÇukot Gəmiçiliyinin, 19511957-ci illərdə “Dəniztextəchizat” Qara dəniz kontorunun (Odessa şəhəri) rəisi vəzifələrində çalışıb. 19571958-ci illərdə İliçevsk şəhərinın 490 №-li zavodunun direktoru olub. 1958-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunda inzibati-təsərrüfat işləri üzrə prorektor kimi fəaliyyət göstərib.

Filipp Andreyeviç Matyuşev Lenin, Qırmızı Əmək Bayrağı, 1-ci dərəcəli Böyük Vətən müharibəsi ordenlərinə layiq görülüb.

 

Sevda ABDULLAYEVA

Gəmiçiliyin İctimaiyyətlə əlaqələr

departamentinin aparıcı mütəxəssisi

Share: