Xəstə qadın

Təranə MUSAYEVA

Bir həftənin yorğunluğu məni süst salmış, nəinki əlimi-qolumu, heç beynimdəki fikirləri tərpətməyə heyim qalmamışdı. Həyat isə öz axarında idi.

Telefonun səsinə gözlərimi güclə açdım, buna açmaq demək olarsa. İlk dəfə gördüyüm nömrədən gələn zəng marağıma səbəb oldu. Danışan özünü təqdim elədi, bir həftə idi ki ağır qəza keçirmiş bir yaxınımın həkimi idi. Xəstəmizi reanimasiya şöbəsindən palataya köçürdüklərini bildirmək üçün zəng vurduğunu söylədi.

Ağır qəza idi – kəllə-beyin zədəsi, çanaq sümüyünün qırılması. Düzü birinci gün və o günün gecəsi xəstənin sağalacağına heç ümidim yox idi. Gecə saatlarına qədər xəstəxanada qalsam da kişilərin təkidi ilə evə gəlməli olmuşdum. Pəncərənin qarşısında oturub telefonu qarşıma qoyub gözləməyə başlamışdım. Özümü qara xəbərə hazırlamışdım, amma ətrafı – ən əsası balalarını belə bir xəbərə necə hazırlayacağımı bilmirdim. İlk gün onları aldatsam da susmayan telefon zəngləri, xəbəri eşidib evə gələn qonaqlar qəzanın ağırlığını bilməklərinə səbəb olmuşdu.

Bir həftə… Tam bir həftə oyanmadan yatdı. Arabir reanimasiyada çalışan bir sanitarkanın  gətirdiyi – “gözlərini açdı”, “sualıma cavab verdi” xəbərlərinə inanmır, onların bir təsəlli sözləri olduğunu başa düşürdüm. Xasiyyətimin tündlüyü özünü orda da çox gözlətmədən ifşa etmişdi. Həkimin istəyi ilə aptekdən bəzi dərmanları alıb reanimasiya şöbəsinə qalxmağa çalışarkən pilləkənlərin qarşısında Ərəbzəngi kimi oturmuş qara gözlərindən “qaralıq” yağan, bədəni kişi bədənindən çox qadın bədəninə bənzəyən polis formalı biri qarşımı kəsib hara getdiyimi soruşdu. Əlimdəki aptek torbasını göstərib yuxarı qalxmalı olduğumu dedim. Mühafizəçi polis qəti etirazını bildirib üzünü sol tərəfdə dayanıb onu gözləyən kişiyə tutdu. Kişi onun qoluna girib yan tərəfə apardı. Boşluqdan istifadə edib özümü pilləkənin üçüncü pilləsinə atmışdım ki, polis kobudluqla bağırdı:

– Aşağı düş! Düş! Düş!

Çarəsiz halda bir nəfəsə qalxdığım pillələrdən bir-bir enib ondan xahiş elədim:

– Nə olar, buraxın çıxım, qapıdan görüb, əlimdəkiləri həkimə verib qayıdacam. Xahiş edirəm…

– Olmaz! Reanimasiyanın öz qayda-qanunları var! Qalxa bilməzsiniz, deyib bayaq söhbət elədiyi kişinin qolundan tutub pilləkənləri qalxmasına işarə etdi. “Dərdli dərdlini tapar”, deyiblər. Bizdən az sonra bizimki kimi maşın qəzasına uğrayıb bura gətirilmiş qohumuna baş çəkməyə gələn kişi ilə dərdləşmişdik. O da xəstəsini görməyə yol axtarırdı. Göründüyü kimi tapmışdı da. Geri çəkilib yan tərəfdəki liftə sarı getdim. Bir az gözləyib polisin başının qarışdığına əmin olandan sonra liftə daxil oldum. Üzərində beş rəqəmi yazılmış düyməni yenicə basmışdım ki, polis ayağını liftın qapısına qoyub mənim bayıra çıxmağımı tələb etdi. Və bu zaman bütün sakitliyim, mülayimliyim  yox oldu…

Oxucum məni reanimasiyanın qayda-qanununa əməl etməməkdə qınaya bilər, o zaman ki bu qayda-qanun hamı üçün işləsin. Birinci gündən ta xəstəmin palataya keçirildiyi günədək dəfələrlə mühafizə polisinin reanimasiya qaydalarını on manata necə satdığının şahidi oldum. Xəstəmizi eşidib xəstəxanaya axışan qohumlardan neçəsinin beş-səkkiz manat təklifinin qarşısına “reanimasiya qaydaları”nı qoyan polislər on manatın qarşısında quzuya dönürdülər. Bu bir həftə çərçivəsində mən elə həyətdə, birinci mərtəbədə oldum, amma reanimasiyaya qalxmağa cəhd göstərmədim. Məsələ on manat deyildi, onu vermək olardı, məsələ burasında idi ki, mən adına “kişi” deyilən bu yaratıqlara rüşvət verməyə utanırdım. Elə bilirdim gözüm baxa-baxa xəstənin uşaqlarını atalarından on manat alandan sonra reanimasiyaya buraxan polisə  rüşvət versəm  qüruruna dəymiş olaram. Mən də belə sadəlövhəm. Utanmazın yerinə də utanıram bəzən…

Bir həftə ərzində xəstəmizin vəziyyəti barədə dəqiq məlumat ala bilmədik. Reanimsiya həkimi bir söz dedi, palata həkimi başqa söz. Gözlərini əllərimizdən çəkə bilməyən tibb bacıları, sanitarkaların dərdi deyilməklə başa gələn deyil. Bütün bu olanları eşidən, görən anam təəəccüblə soruşurdu: – “Axı bunlar Hippokrat andı içiblər, necə belə işlər görə bilirlər”?

Nəhayət xəstəni palata köçürdülər. Və ilk dəfə yanına qalxıb onu görə bildim. Zərbənin təsiri ilə qap-qara qaralmış, şişmiş  gözlərini yenicə boyanmış saçlarımda gəzdirib səsi xırıldaya-xırıldaya, pıçıltı ilə mənə dediyi ilk sözdən vəziyyətini aydınlaşdırdım:

– Bacı, saçının rəngini dəyişmisən?! Bu rəng sənə çox yaraşır…

 

Share: