“Sağlam adam getdi polisə, öldü” – Polis Şöbəsində öldüyü deyilən şəxsin bacısı

Müstəqil.Az xəbər verir ki, İzahat alınması üçün Qazax Rayon Polis Şöbəsinə aparılan və daha sonra dünyasını dəyişən Elmir Axundovun bacısı Ülviyyə Axundova Yeniavaz.com saytına açıqlama verib.

Ülviyyə Axundovanın sözlərinə görə, qardaşı yolla öz maşını ilə gedərkən polislər onu düşürərək Qazax Rayon Polis Şöbəsinə aparıblar: “Görənlər olub ki, məhlədə polislər döyə-döyə onu maşına mindirib aparıblar. Qardaşımın maşınını isə başqa bir polis sürüb aparıb.
Qardaşıma orada nə isə deyiblər, o da boynuna almayıb. Siz onun qolundakı “skoç”ların izini görəydiniz, sifətində “skoç”ların izini görəydiniz, bala. Bağlayıblar, ürəyi yatıb ölüb. Elə döyüblər ki, bədəni pis gündə idi. Necə olur ki, sağlam adam getdi polisə və öldü? Mən Polis Şöbəsinin qarşısında oturub onu gözləyirdim. Xeyli gözləyəndən sonra dedilər ki, “burada niyə oturursunuz, izahat sabahadək davam edəcək, çıxın gedin evə”. Sonra təcili yardım gəldi. Soruşdum nə məsələdir, bir cavab vermədilər. Təcili yardım maşını gələndə dedim Allah, görəsən nə olub?. Mənə dedilər Polis Şöbəsində içkili adamlar var, onları yoxlayırlar. Rayonda Diaqnostikadan isə mənə bildirdilər ki, Elmir Polis Şöbəsindən bura gətiriləndə artıq ölmüşdü”.

“Tibbi ekspertizada yazılıb ki, ürəyi partlayıb ölüb. Sağlam adamın 30-40 dəqiqəyə ürəyi niyə partlasın? Polisdən deyirlər ki, izlər bədənində çoxdan var idi, siz görmürdünüz. Deyirəm “mənim qardaşım həyətdə bütün gün “şortik-mayka”da gəzirdi, mənim evimdə qalırdı, biz niyə görmürdük? Deyir “sən görməmisən, bu çoxdan var idi”. Nə deyim?”,- deyə mərhumun bacısı vurğulayıb.

“Qardaşınız Qazax Rayon Polis Şöbəsinə niyə aparılmışdı?” sualımıza Ülviyyə Axundova belə cavab verib: “Bu hadisədən 2-3 gün qabaq bir polis gəlib qardaşıma söz atıb. Qardaşım ona deyib ki, “cavan oğlansan, get öz işinlə məşğul ol, Qazaxda məni hamı tanıyır, polisə xəbərçilik eləmə”. Polis deyib “yaxşı edirəm”, qardaşımı vurub, gözünün altı partlayıb. 5 tikiş qoydurduq qardaşıma. Qardaşım da onu necə vurubsa, dişi tökülüb. Sonra anam getdi Prokurorluğa şikayət verdi. Onlar da tökülüşüb gəldilər ki, şikayətinizi geri götürməsəniz bunu öldürəcəyik. Şikayəti dünən vermişdik, sonra bu hadisə oldu”.

Qeyd edək ki, evin bir oğlu olan 1981-ci il təvəllüdlü Elmir Axundov subay idi.

Share: