Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr Anım Gününün ikinci ildönümü ilə bağlı bəyanat yaydı

Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr Anım Gününün ikinci ildönümü ilə bağlı bəyanat yayıb. 

Müstəqil.Az bəyanatı olduğu kimi təqdim edir:

“Ötən əsrin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladı. Xarici himayədarlarının dəstəyi və Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etdi , etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əks-hücum əməliyyatlarına başladı. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Qəhraman Azərbaycan Ordusu düşmənə gərəkən cavabı verdi və torpaqlarımız düşməndən təmizləndi.

Zəfər Savaşı dövründə Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Bütün siyasi partiyalar Qarabağ uğrunda savaşda dövlətin atdığı addımları dəstəklədiklərini bəyan etdilər. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, siyasi, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Vətəndaş Həmrəyliyi Partiyası Vətən Müharibəsinin ildönümündə Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Savaş günlərində birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir”.

Share: