Vətənə və xalqa layiqli xidmət

Zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da əlini Konstitusiyaya və “Quran-i Kərim”ə basaraq Prezident kimi and içib. Həmin dövrün çətinliyi, Azərbaycanın nə qədər ağır sınaqlarla üz-üzə qaldığı tarixin yaddaşındadır. Məlum olduğu kimi, 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkədə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini əvəz edən səriştəsiz və şəxsi mənafelərini dövlət maraqlarından üstün tutan rəhbərlər xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi, sabitliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıdırdılar. Ölkədə özbaşınalığa şərait yaradan AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti demək olar ki, keçmiş SSRİ respublikaları arasında ən böyük yerüstü və yeraltı sərvətə, mühüm sənaye komplekslərinə malik Azərbaycanı iflic vəziyyətinə gətirib çıxarmışdı. Milli sərvətlər mənimsənilir, xalqın malı təsadüfən vəzifə əldə etmiş bir qrup tərəfindən talan olunurdu.

Mərkəzi hakimiyyətə tabe olmayan, guya siyasi partiyaların himayəsində yaradılan, əslində isə bir neçə şəxsin maraqlarının girovuna və icraedicisinə çevrilən başıpozuq silahlı qruplaşmaların hər biri ayrı-ayrılıqda hakimiyyətə iddialarını gizlətmirdilər. Bu isə nəticə etibarilə ölkədə çoxtərəfli vətəndaş müharibəsi təhlükəsini hər an yaxınlaşdırırdı. Qarabağ münaqişəsini alver predmetinə çevirən, “özünümüdafiə könüllü batalyonlar” adı altında özünə silahlı dəstələr yaradan, bununla da ölkəni qorxu altında saxlamaq istəyən şəxslər cəbhədə düşmən qarşısında dayanan əsgərləri də təhdid edir, onları öz maraqlarına xidmət etməyə məcbur edirdilər. Bu isə cəbhədə onsuz da ağır olan vəziyyəti daha da kəskinləşdirirdi. Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın böyük bir hissəsinin, demək olar ki, düşmənlərə müharibəsiz, döyüşsüz təhvil verilməsinə gətirib çıxarmışdı.

Azərbaycan xalqı o ağır günlərdə dövləti və milləti yalnız Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı. Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya gəldi. Artıq xalq əmin idi ki, dövlətimiz xilas olub. Çünki Heydər Əliyev adının arxasında sabitlik, quruculuq və inkişaf dayanırdı.

Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi və həmin gün Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün Azərbaycan parlamentinin tarixi iclasında Heydər Əliyevin çıxışı ölkənin gələcəyinin əmin ələ keçdiyinə, dövlətçiliyimizin əbədi və sarsılmaz olacağına inamı bir daha artırdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, separatçı qüvvələr zərərsizləşdirildi. Həmin il oktyabrın 3-də Prezident seçkiləri keçirildi. Xalqın 98 faiz səsini qazanaraq müstəqil Azərbaycanın dövlət başçısı seçilən Ulu Öndər Heydər Əliyevin oktyabrın 10-da andiçmə mərasimi keçirildi.

1994-cü ilin sentyabrında dünyaya səs salan “Əsrin müqaviləsi”nin imzalanması isə ağlın, dərin təfəkkürün və parlaq zəkanın qələbəsi oldu. Dünyanın söz sahibi olan ABŞ, Fransa, İngiltərə kimi nəhəng ölkələrin neft bazarında ağır çəkiyə malik şirkətlərin bu müqavilədə iştirakı bütün dünyaya bir mesaj oldu. Məhz bu qələbədən sonra Azərbaycanın həm beynəlxalq aləmdə siyasi nüfuzu, həm də sabit və etibarlı tərəfdaş kimi mövqeyi sürətlə möhkəmlənməyə başladı. Bunun ardınca Ulu Öndər Heydər Əliyevin Fransaya, ABŞ-a və digər xarici ölkələrə səfərləri, bu dövlətlərin siyasi elitaları ilə gərgin danışıqlarından sonra onların Azərbaycana münasibətində, siyasətində müsbət dəyişiklik yarandı.

Məhz Ulu öndərin səyləri ilə Azərbaycan iqtisadiyyatı böhrandan qurtararaq inkişaf xəttinə çıxdı, xarici investisiya ölkəmizin neft sektoru ilə yanaşı, digər infrastruktur sahələrin də yeni həyat verdi. Dövlət başçısı bazar iqtisadiyyatına keçidin startını verdi. İlkin islahat kimi torpaqların və dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlandı. Əhalinin sosial rifah halı tədricən yaxşılaşır, təhsilə, səhiyyəyə, mədəniyyətə və elmə diqqət artırdı.

Məhz Ulu Öndərin ölkəmizə və xalqımıza əmanət qoyub getdiyi siyasi kurs Azərbaycanda sabitliyi bərqərar etdi, dövlət quruculuğunun əsasını qoydu, vətəndaş cəmiyyətini yaratdı. Həmin təməllərin üzərində isə müasir müstəqil Azərbaycanın inkişaf trayektoriyası müəyyənləşdirilir. İndi Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan ərazi bötövlüyünü tam bərpa edib və sürətlə inkişaf edir. Ölkəmiz artıq beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi özünü təsdiq edib və xalqımız firavan gələcəyə doğru inamla irəliləyir.

 

 

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Share: