“Və hər şeyi bilənlərə görə mən küt, sən kor… Onlardır professor,Professor…”-Süleyman Abdullanın yeni şeiri

 

BAŞ-AYAQ ŞEİR

Çox pis zəmanədə yaşayırıq, professor,
hamı dərs keçmək istəyir adama.
Hər kəsin hər şeydən başı çıxır,
Söz anlatmaq olmur bir adama.
Heç nə uyğun gəlmir standartlara.
İti yiyəsini tanımır, yiyəsi itini,
Vaxtına çəkər söz,- gecə qara, cücə qara.
Güdükçü fəlsəfədən danışır,
odunçu estetikadan.
Gözümüzü döyə-döyə baxırıq,
sən cahil, mən nadan…
Kitabdan bahadır şor,
professor!

Hər şey baş-ayaqdır, professor, ayaq-baş,
Əlinə silah almayan raketdən-topdan söz açır,
cəbhəyə yararsız müharibədən.
Ağzından horra tökülən, guya qızıl xırdalayır,
Baxırsan bir çənədir, bir bədən,
Həqiqət adlandırdığı gopdan söz açır.
Duz torbasında qənd tozu axtaran kəs…
Özü hərifin yekəsidir, camaatı lap hərif sayır.
Cəsarətdən danışan
hələ 90-dan qaçıb gizlənib hardasa
Döyüşməməkdə qınayır müharibə əlilini.
Amma və lakin…
nəinki mərminin,
heç daşın altına da qoymaz əlini.
Hələ-hələ bir əli iqtidardasa…
zülmət zehinlərdə hörülür tor,
professor!

Bilirsənmi, professor,
sən oxuyan kitablarda
yazılmayıb onların bildikləri.
Heç zahirən də uyğunluq yoxdur aranızda,
onlar, maşallah…
sən bir sümük, bir dəri…
Qoltuğundakı
köhnə qovluqdan başqa nəyin var, nəyin?
Bir də sovet dövründən qalma şalvar- köynəyin!
Sənin əvəzinə dünyaya eynəyin baxır,
Və hər şeyi bilənlərə görə
mən küt, sən kor…
Onlardır professor, professor…
22.01.2019.
SÜLEYMAN ABDULLA.

Share: