Mən səni belə oxşadım,-
üzümü hər gün sürtdüyüm
bu daş divarlar qədər
bu yaş divarlar qədər
heç nəyi oxşamadım,
heç nəyi əzizləmədim…
Mən səni belə gördüm,-
heç yana boylanmadım
bu divardan o üzə
heç boyum da çatmadı,
bu divarın o üzü
ürəyimə yatmadı…
Mən sənsiz belə darıxdım,-
əlimi sürtdüm daşına
dizimi otların apardı
gözümü meşələrinə dikdim
kürəyimi ağaclarına söykədim
ürəyimi Araz nəhrinə çevirdim
sənə gələn ağıları, ağrıları
içimdən keçirdim…
Mən səni belə istədim,-
buludlar əsnədiyi kimi
yağışlar kəsmədiyi kimi
boz duman sinənə sərilib
səndən küsmədiyi kimi…
Mən səni belə sevdim-
Mən səni belə oxşadım
mən sənsiz belə darıxdım
Mən sənlə belə yaşadım,
Vətən!
Faiq Balabəyli