Uzun yuxu – Elvin Rzayev

Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Elvin Rzayevin “Uzun yuxu” hekayəsini təqdim edir.

Heç vaxt inana bilməzdi ki, yeni yayılan xəstəliyə yoluxa bilər. Koronavirus deyilən bu xəstəliyə ciddi yanaşmalı idi. Bir neçə gün idi ki, komadan ayılmışdı. Ara-sıra otağına gəlib ona baxan həkimdən başqa ziyarətçisi yox idi. Həkimin skafandra bənzəyən paltarından üz cizgilərini seçə bilmirdi. Komada nə qədər qaldığı da yadında deyildi. Bu gün ayın neçəsi olduğunu da bilmirdi. Bir onu bilirdi ki, uzun müddət yuxuda olub. Axşama yaxın həkim ona sağaldığını və sabah xəstəxanadan evə buraxılacağını bildirdi. Sevincək halda həkimdən soruşdu:

– Həkim, komada nə qədər qalmışam?

– Sentyabrın 25-i komaya düşdünüz. İki ay komada olmusunuz. Başqa sualınız var? Həkim soruşdu.

– Yox.

Həkim palatadan çıxanda daim tibbi maskadan istifadə etməsini tapşırdı.

Gecə sevincindən yata bilmədi. Ailəsi üçün darıxmışdı.

Günortaya yaxın xəstəxanadan buraxıldı. Xəstəxanadan buraxıldığını evlərinə deməmişdi. Bir az gəzib sonra evə getmək istədi. Şəhərdə qəribə mənzərə var idi. Hər yerdən bayraqlar asılmışdı. İnsanlar çox sevincli idilər. Elə bil heç kimin bu xəstəlikdən xəbəri yox idi və bu xəstəliyin onlara heç bir aidiyyəti yox idi. Gəzə-gəzə şəhərin mərkəzinə çatdı. Bir az dincini almaq üçün skamyada əyləşdi. Yanında əyləşən iki nəfərin söhbətinə istər-istəməz qulaq yoldaşı oldu.

– Dünən oğlumla danışdım. Dedi Şuşadayıq hal-hazırda.

– Mənim oğlumda Qubadlıdadır. Bu yaxınlarda tərxis olunmalıdırlar. Sağ-salamat gəlsinlər.

Əvvəlcə eşitdiklərinə inanmadı. Axı Qarabağı ermənilər neçə ildir işğal edib.

Bu iki şəxsin oğulları Şuşada və Qubadlıda necə ola bilərlər? Fikirdən ayılıb yanında əyləşən kişilərdən soruşdu:

– Bağışlayın, söhbətinizi eşitdim. Sizin oğullarınız Şuşaya, Qubadlıya necə gediblər?

Kişilər təəccüblə bir-birinə baxdılar. Əllərini yelləyib güldülər.

– Nəyə gülürsünüz? Mən gülməli bir söz demədim.

Əsəbiləşib üzünü yana çevirdi. Bir az durub üzünü onlara tərəf döndərdi. Amma artıq onlar skamyadan qalxıb uzaqlaşmışdırlar. Arxalarınca çatmağa taqəti yox idi. Ayağa qalxıb avtobus dayanacağına tərəf getməyə başladı. Dayanacaqda çox gözləmədi. Avtobusa minib oturacaqların birində əyləşdi. Arxada əyləşən iki qadının söhbətini eşidirdi. Biri o birinə deyirdi:

– İndi bu dəqiqə Zəngilanda qar dizdəndir. Gedə bilmərik. Yay gəlsin, qar ərisin bir yerdə gedərik.

Yenə heç nə başa düşmədi. Qadınlardan söz soruşmağa abır elədi. Yaxşı çıxmaz. Ayıbdır. Yanındakı cavan oğlana tərəf əyilib dedi:

– Bacıoğlu, bu qadınlar nə danışırlar? Bəyəm Zəngilana getmək olur ki? Biri bəyaq deyir oğlum Şuşadadır. Biri deyir oğlum Qubadlıdadır. Şəhərdə iki ay əvvəlki şəhərə oxşamır. Heç nə başa düşə bilmirəm mən.

Oğlan yanında əyləşən bu qəribə kişini başdan ayağa süzüb gülüb dedi:

– Dayı, sən deyəsən fil qulağında yatmısan.

Oğlu yaşında uşağın dediyi söz xoşuna gəlmədi. Oğlanın yaxasından yapışıb silkələməyə başladı. Avtobusda qışqırıq düşdü. Sürücü dərhal avtobusu saxlayıb qapıları açdı. Bu vaxt iki polis avtobusa daxil olub, onun qolundan yapışıb, avtobusdan düşürdüb polis bölməsinə apardılar.

Polis bölməsində növbətçi zabit ona diqqətlə qulaq asıb gülümsədi:

– Sizi başa düşdüm. Siz iki ay komada olmusunuz. Bu vaxt ərzində ölkədə baş verənlərdən xəbərsiz olmusunuz.

– Heç kim mənə izah eləmir. Axı bu iki ay ərzində nə baş verib?

– Çox şey baş verib, vətəndaş. Müharibə baş verdi. Qarabağ cəmi qırx dörd günə işğaldan azad olundu.

– Deməli mən yuxuda olarkən, ölkə müharibə edib və qalib gəlib.

Sevincdən az qalırdı ürəyi partlasın. Polis bölməsindən çıxıb üzü yuxarı getməyə başladı. Evlərinə az qalmışdı. Yaşadığı küçəyə çatanda evinə tərəf boylandı. Həyat yoldaşı gözlərini bir nöqtəyə zilləyib aynabənddə lal-dinməz oturmuşdu. Bu iki ay ərzində həyat yoldaşı sanki yüz il qocalmışdı. Saçları ağarmış, gözləri şişmiş, qoca bir qarını xatırladırdı. Birdən gözü eyvandan asılmış şəklə sataşdı. Gözü qaraldı, dünya başına fırlandı. Qırmızı, qara lent vurulmuş şəkildən əsgər formasında olan oğlu baxırdı…

Share: