“Uzaqdan bir şeir” layihəsində  Məmməd ARAZ

14 oktyabr – Üfüqə doğru gedən Ağ yola dönən, Vətən yüklü Araza dönən Məmməd Arazın dünyaya gəldiyi gündü.

VƏSİYYƏT
Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.Tünd qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi
Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi…
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy — adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim.


Layihənin Kamalə ABİYEVA təqdim edir

Share: