“Üsyan bayraqlarım gözlərin rəngdə, Mənim azadlığım sənin boydadır…”-Ülfət Ziyafətqızı….

Müstəqil.Az Lənkəranda yazıb yaradan gənc şairə Ülfət Ziyafətqızının yeni şeirlərini təqdim edir:

 

………………………………….

Üsyan bayraqlarım gözlərin rəngdə,
Mənim azadlığım sənin boydadır.
İnadkar duyğular həsrətlə cəngdə,
Vüsal qorxulardan, bax, o taydadır.

Səbrə məhbus olan sərsəri ruhum
Bu gün qırıb tökür eşq divarların.
Zindan ürəyimdə çırpınan duyğum
Sındırır köksümdə daş damarları.

Sənin uğrundadır bu mübarizəm,
Mən eşqə doğuldum, sənsən Vətənim.
Canımdan keçərəm, keçmərəm səndən.
Dünya gəlsin, mənlə bacarmaz heç kim!

******
Mənə söyləmə eşqim : daha gedirəm səndən,
Bizim ki bizdən başqa getməyə yolumuz yox.
Payız gecələri tək yaman hüzünlüyəm mən,
Bizim biz fəslimiz var, başqa ay, ilimiz yox.

Ayaqların izindən başlayar ayrılıqlar,
Addımların haradır,ay qurbanı olduğum?
Canımda tən yarımsan, getsən can parçalanar,
Ağrına necə dözüm, ay dərdindən öldüyüm?

Yoxluğunda dünyalar bircə rəngə bürünür:
Bomboz olur baxdığım bütün dördbir tərəfim.
Ruhum bədəndən küsür, damarımda qan donur,
Aramızdakı yollar yazır eşqin tərifin..

Mənsiz necə gedərsən, söylə necə, ay ömrüm?
Bütün ümidlərini ək yanaq çuxuruma.
Yığışdırıb hər şeyi,nəyin varsa götür gəl,
Tut əlimdən gəl gedək dünyanın axırına.

*******
Biz ki Nuhun dövründən minmişik bu gəmiyə,
Nə sellər, sular axıb gəmi altdan geriyə.
Biz nicat axtararkən itirdik doğmaları,
İtirdik agzımızın ən dadlı loxmaların.

Haqqı dedik, dilimiz məhkum oldu sükuta,
Bəs deyilmi yaşamaq göz yaşın uda-uda?
Gəlmədik ki, dünyaya kimsəyə əsir olaq,
Başa zülüm ələnsə, qorxumuzda boğulaq..

Günah yağışlarında boğulduqca kütlələr,
Dəyişdi eşq yolları, tərs çevrildi qiblələr.
Nədir ömür dediyin? İki Azan arası…
Hamı gözləyir görsün nə zamandır sırası?

Birtəhər, bircür keçib od-alovun içindən,
Azadlığı axtarıb Eşqdə tapdım onu mən.
Bir səfərə çıxmışam, Haqqımdır yol yoldaşım,
Bilirəm ki, çatmışam, yaxındır mənzilbaşım…

Share: