“Üşüdən havaların nəbzi sıfırdan keçir…” – Səadət Cahangir

 

Şeirlər

(Səadət Cahangir)

Ən məsum yalanların nağılları uşaqlar
hələ balaca, bilməz –
sehrli almaları gecələr kim asırdı
sirli ağaca… bilməz!

Bilməz ölüm gələndə fərq qoymaz ki, məsuma,
çocuq Qaraca… bilməz!
saray bağçalarında qorxunc ilanlar gəzər,
dilləri haça…bilməz!

Uzağa yol azanda ağıllı Cırtdan belə
ac divdən qaça bilməz,
yoxsul məhəllələrdən qarnı tox keçən kral
baxmaz ki, aca… bilməz!

Küçə evciklərində yatan Qavroş uşaqlar
pəncərə, baca bilməz,
talesiz bürclər altda bəxtsiz doğulanlara
falçı bəxt aça bilməz!

Ən məsum yalanların nağılları uşaqlar
hələ balaca, bilməz –
sehrli almaları gecələr kim asırdı
sirli ağaca… bilməz!

 

 

********

Başlayanda yaşıl yaz yağışları,
qarağaclar çağıranda quşları,
buludlarda gizli qalmış qış qarı
vaxtsız bir gülə düşər,
bax eləyəm…

yolda qalan iki yolçu, sən biri,
göy üzündə qoşa leyləkdən biri
qəflətən tüfəng səsinə diksinib
çırpınıb gölə düşər,
bax eləyəm…

bir adam sükutun səsindən dəli,
bağlandığı can qəfəsindən dəli,
ruhu necə quru cisimdən dəli
ayrılıb çölə düşər,
bax eləyəm…

şairlərin ey kimsəsiz qəribi,
kim kiridər, ağlama, biz qəribi,
son nəfəsdən qopan intihar ipi
qırılıb yerə düşər,
bax eləyəm…

**********

İndi keçən günləri
nəyə saysan, say deyil,
Təqvimdəki on iki
ayrılıqdı… ay deyil…

Ayrılıqdı… ən soyuq
iqlimi burdan keçir,
Üşüdən havaların
nəbzi sıfırdan keçir…

Evə xatirələrin
təzə qarı tökülür,
Yorulmuş şəkillərin
qıraqları tökülür…

Nə yığıb atmaq olur,
nə bir tərəfə qoymaq,
Nə boz kitablar kimi
toplayıb rəfə qoymaq…

Pəncərədən baxırsan,
gözündə rəng qarışır,
Çöldə fikirlərinə
tozlu külək qarışır…

Günlər boşluğa uçur,
nəyə saysan, say deyil,
Təqvimdəki on iki
ayrılıqdı… ay deyil…

 

Müstəqil.Az
Share: