Uşaqlarda göz zəifliyinə çarə tapıldı — Video

Bütün dünyada olduğu kimi Azərbaycanda da görmə qüsurları, xüsusən də miopiya (yaxındangörmə) geniş yayılıb. Daha çox uşaqlarda təsadüf olunan bu qüsur onlarda eynəkdən asılılığı hər il daha da artır. Bunun başlıca səbəbləri günümüzdəki dərs yükü, telefon qadjet və oturaq həyat tərzidir.

Bəs problemin qarşısını necə almaq olar?  Uşaqların görmə qüsurunu (miopiyanı) necə nəzarətdə saxlamaq olar? “Qafqazinfo” xəbər verir ki, Bakıda keçirilən “Miopiyaya nəzarətdə müasir imkanlar” adlı elmi seminara toplaşan dünya şöhrətli oftalmoloqlar da bu suallara cavab verməyə, öz təcrübələrini bölüşməyə çalışıblar.

Tədbir tanınmış oftalmoloq, Amerika Ortokeratoloqlar Akademiyasının üzvü, Azərbaycanda bir ilk olan Miopiya və Lazer Mərkəzinin rəhbəri oftalmoloq-cərrah Günay Əliyeva tərəfindən təşkil olunub. Türkiyə, Rusiya və Azərbaycan oftalmoloqlarının qatıldığı seminar həm də təcrübə mübadiləsi xarakteri daşıyıb. G. Əliyeva ölkəmizə ilk olaraq gətirdiyi və artıq 3 ilə yaxındır ki, miopiyasi olan uşaqlarda tətbiq etdiyi gecə (ortokeratoloji ) linzalar haqqında danışıb. Bundan əlavə, ölkəmizə yeni gətirilən Amerika təsdiqli skleral və defokus gündüz linzaları haqqında da məruzələr olunub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı retinoloq-cərrahı dr.Lalə Axundova da uşaqlarda miopiya zamanı göz dibində ola biləcək fəsadlar haqqında iştirakçılara məlumat verib. O, bu gün göz xəstəlikləri arasında ən çox yayılan miopiyanın necə kontrolda saxlanması barədə danışıb, müasir müalicə metodlarından bəhs edib.

Azərbaycana ilk dəfə gələn Rusiya Miopiya İnstitutunun direktoru, professor Aleksandr Myaqkov çıxışından əvvəl Bakı barədə təəssüratlarını bölüşüb, azərbaycanlılara heyran qaldığını bildirib. Elmi seminar böyük maraq və polemika şəraitində sona çatıb.

Qeyd edək ki, bu, miopiya ilə bağlı dr.Günay Əliyeva tərəfindən Azərbaycanda keçirilən ikinci beynəlxalq elmi seminardır.


Share: