“Uşaq vaxtı elə bilirdim ki,müharibə qara kağızlardan ibarətdi,Babamı qələmlə qətlə yetiriblər…”-Gülnarə İsrafil…

Müstəqil.Az gənc şairə Gülnarə İsrafilin yeni şeirlərini təqdim edir:

 

Müharibə

 

Nənəmin tellərində ağarmışdı

müharibə.

Ala gözləri qonurlaşmışdı yanğıdan.

Uşaqlarının atasıydı qara dam.

Hər dəfə dəcəllik edəndə “bu gecə payını

qardaşın yeyəcək”- deyərdi bibilərimə.

Beləcə qara kağız öpdü nənəmin kəhraba əllərini.

Hər gün öldü nənəm!

Hər gün ehsan yedik.

Uşaq vaxtı elə bilirdim ki,

müharibə qara kağızlardan ibarətdi.

Babamı qələmlə qətlə yetiriblər.

Nənəm son dəfə öləndə

gözündəki yaş nəsə deyirdi…

 

 

 

İki

 

İki addım,
iki nəfəs,
iki əl,
iki ciyər,
iki böyrək,
iki ləl,
iki burun, iki qulaq, iki göz.
İki iki düzülübdür iki üz.
Əzalarım ikidir,
cəzalarım ikidir,
cismin ruhum ikidir.
İkilərdə sehirlər,
iki ikidi sirlər..
İki damla ikidir..
İki,
iki,
ikidir.
Qərb-şərq ikidir,
yer-göy ikidir,
gecə-gündüz ikidir..
İki “hə-yox”,
iki nə çox…
İki sonsuz, iki son.
iki öndür, iki son.

 

 

 

 

 

Payız

 

Dəli külək əsir üfüqdən,

torpaq gömgöy.

Xəzəllənib göy üzü,

sarı gəlin deyir nənələrimiz

dəyişkən havalıya.

Tumurcuqlayır,

tisələyir arabir bulud.

Qurov bağlayır

biçilmiş otların kökü.

Palıd yığmağa gedir

kənd qadınları meşədən.

Fıstıq dibinə tökülüb,

sevinir uşaqlar…

Səsi xışıldayır,

qızıllanır yarpaqlar,

əynini dəyişib

ağ gəlinlik geyinir xınalı gəlin,

bəzənib,

qışa gedir payız.

 

 

                        Saçların toxunuşu

 

 

Gəlincik qucaqlayanım,

bahar ötdü,

gecikdin bahar açımına…

Yadındamı bənövşə düzürdün saçına.

Tutub saxlamaq istədiyin zamanın
məkan nöqtəsidir ömür.

Külək pıçıltısı

və batan külək!

Xəstə keçmişlərin sağlığına

gülab çilədiyin günlər

məhəbbət qoxuyurdu.

Parçaların,

dənələnmiş nar çiçəklərinə yapışmış.

“Və” bağlayıcısı qatar uzunluğunun

təsviri incəsənəti.

Bütləşmiş arzular,

ibadət qibləsi.

Firon dəbilqəsinin səsi gəlir

sığal görməyən saçların
toxunuşundan!

 

 

 

 

 

İşıqçı

 

Dirəkdən asıblar məftili,

intihar edibmiş kimi.

Otağın lampası sükuta qərq olub,

ayrılıb sevdiyindən.

Həsrətini çəkir məftilin

boynunu yaralayıb qayçı iki gündür.

İnsafsız işıqçı…

Hardan biləsən intiharı?

Qaralıb lampa.

Şam işığı işıqlandırmır üzünü.

Zəng etdik,

yollarda ilişib qalıb, yəqin tıxacdır yollar.

Məsafələr uzanır.

Yollar layla çalır…işıqçıya

hər gün gəlirik, indi gəlirik,

gəlib çıxmır ki, çıxmır.

Daha gəlməsə də olar,

gözümüz qonaq edib qaranlığı.

Qonşudan bir adam çağırıb,

məftili lampaya qovuşdurarıq.

İşıqlandırar sevgi evimizi.

İşıqçı, sən isə yollara aşiq ol,

yollar sənə aşiq olan kimi.

 

 

 

                        Meyvəsiz qadınlar

 

Meyvəsiz qadınlar qəm doğar,
ağrı böyüdər,
əzabın toyunu edər,
heç nəyə cehiz düzəldər ilbəil.
Meyvəsiz qadınlar
çiçək açanda solar,
tut gətirəndə söyüdləyər,
töhmətlənər,
öyüdlənər,
kəsilib doğranar budaq-budaq.
Meyvəsiz qadınlar
əllərini qoşalaşdırıb, üzünə tutar.
Saçlarına sığalı yadırğayar,

tamamən unudar.
Öpməyi, öpülməyi tərgiyər
təngiyər, təntiyər…
Meyvəsiz qadınlar
budaq-budaq,
otaq-otaq,
yataq-yataq ölər.
Ürək döyündükcə ağarar…
Meyvəsiz qadınlar
bir dünya boyda quruyar,
damla olar yer üzündə…
Yer üzü dar gələr bədəninə –
ah geyinər, ah soyunar torpağa.
Baş daşına “ah” yazılsaydı seçilərdi
hər gün yatağı, otağı isinən qadınlardan…

 

 

 

Üşüyürəm

 

Üşüyürəm,

qıvrılıram içimə,

qucaqlayıram qollarımı.

Otağım yandırır

yatağımı–

üşüyürəm,

titrəyirəm,

səsim öpür səssizliyimi.

Sərçələr civildəşir

və uzaqlaşır.

Təyyarə uçur beynimdə,

qışqırmaq arzularım ölür.

Yığılıram,

açılıram,

tovlayıram sadəliyimi.

Üşüyürəm,

yad zümzümə qulağımı deşir,

pyes yazır,

bitirirəm faciəmi…

 

 

Şuşam

 

…Və ağız suyunda laxtalanmış

gözümdə ölmüş inqilabam!

Başı dumanlı,

yaşıl tumanlı,

qırmızı koftası soyundurulmuş,

Şuşam!

Əllərdə oyunmuşam.

Çiliklənmiş qeyrətindən

bircə ovuc…

Yox,

mən səndən də böyük daşlaşdırılmış

daşam.

Gözləri, ürəkləri tutmuşam,

susdurulmuşam, susmuşam.

qoy pıçıldayım,

Şuşa günün mübarək, Şuşam!

 

 

 

Axı, niyə ulduzlar göyərmir?…

 

Utanır əllərini sımsık tutaraq yağışlar.
Sualım boz daş,
məxməri mamır gətirib dilimdə.
Mən, kainatın qırış yolları,
yeriyən və addımlanan.
Bütün maşınlar üstümdən keçir
binaların altında park etməyə.
Eşilir ürək çırpıntıları,
səs dalğaları- kəs! səs…
Geyinə bilmədiyim rəngli geyimlərin
pulları,
və əzilən hər yerim göyərir.
Saatların taqqıltısını köksümdə gəzdirirəm,

yerişlərdə…
Niyə dilim danışmır,

pıçıltılarım yuxuya düşür,

 

Axı, niyə ulduzlar göyərmir?…

 

 

 

 

 

Qarı nənə!

 

Nə durmusan yol üstündə,

qarı nənə!

Gedənə də, gələnə də əl açırsan,

ovcuna qəpik düşəndə

küçələrdə

qəpik-qəpik gül açırsan.

Kədərin yoxmu sənin

üzüləsən?

yaşlanaraq,

çalalara-çuxurlara süzüləsən.

bu şəhər yuma gözünü,

çıxa gedə bu şəhərdən.

sən dalansan,

sən küçəsən,

yox, elə sən,

özün boyda bir şəhərsən.

kimdir səni qəpik-qəpik

küçələrə, tinə gömən?

Sən deyilsən çiçəklənən,

əl açdıqca,

sadələşən, kiçikləşən dilənçisən.

Yol üstündə bir keçid var,

bir də köhnə dayanacaq.

Gəlib keçən səndən keçib, dayanacaq!

Köhnələşmə,

dur ayağa yol üstündən,

qarı nənə,

dön əvvəlki şəhərinə..!

 

 

 

 

Ey insan!

 

Sübh çağı hər yan şəfəq,

Ağac əyir başını,

Yaradanın qulutək.

Hətta ilham alıbdır,

Bu dünyanın daşı da.

Mələklər endirərkən,

Göylərdən yağışı da.

Buludlar aram-aram

Səmadan çəkiləndə,

Damla-damla nur yağır,

Dan yeri söküləndə.

Demə hər gün yenidən

Doğulurmuş kainat.

Oyan, ey qafil insan!

Sən yalanlar içində,

Qara üzlü günahın

Yuxusuna qalmısan,

Neçə haqqı çalmısan.

Nə eşqdən xəbərin var,

Nə də ki oyanışdan.

Hər gəlişdə bir sevgi,

Hər gedişdə bir həyat.

Ey insan!

Elə sənin özünsən,

Nurdan doğmuş kainat.

 

Gülnarə İsrafil.

Müstəqil.Az

Share: