Unudulmuş talelər

Aida Adıgözəl 

(esse)

Orta məktəbi bitirməyim 1988 -ci ilə düşmüşdü . Ali təhsi almağa gedənlərin olduğuna baxmayaraq atam məni oxumağa buraxmadı. Çox qarışıqlıq illəri idi. Atam adi sürücü olsa də çox hərtərəfli savadlı insan idi. Amma biraz bizə qarşı mühafizəkar idi. Bu da qardaşlarımın yanımızda olmamasından ( artıq 9 yaşım olanda Leninqrad şəhərinə ali təhsil almağa getmişdilər və üzlərini yalnız tətildən tətilə görürdük) irəli gəlirdi.

Həmişə deyirdi – “sizə inanıram , amma ətrafınızdakılara etibar etmirəm”. Ümumiyyətlə bizim ailədə gendən gəlmə kifab oxumağa xüsusi bir maraq var idi. Əlimizə düşən , mütaliə adına işə yarayan, jurnal, qəzet ,kitab nə vardısa hamısını oxuyarduq. Bir dəfə də olsun atam 6 uşağına “dərsini hazırlamısanmı ?”- sualını vermədi . Çünki hamımız dərsdən gəlib yemək yeyib, oynayıb, hansısa tapşırılan işi edib, adətimiz üzrə dərs cədvəlimizə baxıb kitablarımızı götürüb bir- birimizə mane olmadan dərslərimizi öyrənərdik. Hətta mən daha çox kitab dəlisi olduğumdan o biri yatılmayan otaqların birində pəncərənin pərdəsini çəkərək düşən işıqda satlarla gecə səhərəcən kitab oxuyardım.

Biraz qəribə uşaqdım, uşaqlarla münasibət qurmağa çətinlik çəkirdim . Çox da sosial uşaq deyildim. Həmişə düşüncə fərqlərimizi hiss etdiyimdən anlaşmayacağımızı bildiyimdən , bəlkə də boş söhbətlər o qədər də cəlb etmirdi məni.
Beləliklə orta məktəb bitdi…tək arzum jurnalist olmaq idi. Bütün müəllimlər ” Aida institutun qapısını təpiklə açacaq “-deyirdilər. Lakin atam qarşımda divar kimi dururdu…
Kəndimizdə ruhi xəstəliklər xəstəxanası var idi. Kənd əhlinin çoxu orada işləyirdi. Bir gün anam- səni isə düzəltmişik , get stajını yığ ara sakitləşən kimi göndərərik Bakıya, bilirəm ali təhsil almağı çox istəyirsən.
Əmim qızı Maisə məni darta- darta işə aparırdı , hətta qayıtmaq istədim ,neçə dəfə əlindən qaçdım , mənə gülərək “qorxma ordakı dəlilər adama heç nə etmirlər”- deyərək məni sakitləşdirib işə apardı.
Beləcə gənclik illərimin ən maraqlı hadisələrini yaşadığım günlər başladı. İlk dəfə orda aşiq oldum . İllərlə təsirini unutmadığım (uğursuz da olsa ,çünki oxuyacam deyib durmuşdum və qarşılıqlı eşq yaşamaq qorxduğum bir iş idi) bir sevgini tapdım orda …
Ruhi xəstələrin arasında olmaq , onlarla işləmək mənə çox qəribə gəlirdi. Tezliklə savadlı olmağım, xəttimin yaxşı olması baş həkimin, şöbə müdirinin diqqətini cəlb etdi , bütün xəstələrin xəstəlik diaqnozlarını ( epikrizlərini ) kitaba işləməyi mənə həvalə etmişdilər. Hətta tibb bacıları işə gələ bilməyəndə xəstələrin gündəlik 3 dəfə qəbul dərmanlarını mən qəbul edir və yığırdım.
Burada müxtəlif növdə ruhi xəstələr vardı, epilepsiya, şizofreniya və artıq əlacsız xəstələr sayılan” 9 b”deyilən xəstələrdən tutmuş əsgərliyə getməmək üçün sənəd düzəltdirmək istəyənlərədək.. Kişilər və qadınlar şöbəsi ayrı-ayrı hissələrdə yerləşirdi. Üç ildə hər ikisində də işlədim .Mehdi adında bir yaşlı xəstəmiz var idi həmişə hallüinasiya halında olurdu ( yəni qulağına səs gəlir, öz-özünə danışırdı). Hər dəfə oğlanlar yanından keçəndə birdən-birə özündən çıxır ,coşur ,söyməyə başlayırdı. Və bir gün Kərim adlı sanitarımızdan soruşdum
-axı niyə biz Mehdinin yanından keçəndə qışqırıb söymür sizlər yanından keçəndə özündən çıxır ?
Kərim gülərək
-Mehdinin arvadının adı Şahsənəmdi, adını çəkəndə təsirlənir , çəkilməsini istəmir deyə əsəbləşib söyür.
Daha anlamadım Şahsənəmin Mehdinin xəstələnməsilə bir əlaqəsi var idimi , yoxsa bu qədər itirilmiş əqilın arasında ruhunda hələ də kişilik qürurunun itmədiyi ailə mühafizəsi yaşayırdım ?
Maaş günlərimi xəstələr elə sevinclə gözləyirdilər ki…bilirdilər onlara siqaret ,çay pulu verəcəm və məni görəndə çox sevinirdilər nə desəm edirdilər. Burada müxtəlif vəzifə sahiblərindən tutmuş müdafiə etmiş aliminəcən əqli idarəetməni itirmiş xəstələr var idi. ..
Həmişə ürək ağrısı ilə xatırladığım Əbülfəz adlı bir xəstəmiz var idi. Ən ciddi ruhi pozğunluğu halında olan xəstə idi, amma mən bu xəstəni nədənsə daha çox istəyirdim , həmişə şən əhvalda olan , öz-özüylə bütün günü danışıb gülən xəstə idi . Bir payız günü idi , iş yoldaşım Rəna ilə sobanın yanında oturmuşduq ,o corab toxuyurdu , mən də adətim üzrə kitab oxuyurdum. Birdən uzun koridorun qapısının lay – balay açıldığını gördük və Əbülfəzin sürətlə üstümüzə şığıdığını gördük. Qeyri -ixtiyarı hər ikimizin başına uzanan əlin altında əyilərək qorxmuş halda ,nə baş verdiyini anlamadan divara qısıldıq .

Aida Adıgözəl adlı şəxsin şəkli.

Koridor dar olduğundan həm də Əbülfəz sürətlə gəldiyindən dayana bilmədi. Və geri qayıdacağını bildiyimizdən Rəna ilə sürətlə qapıya qaçdıq. Əbülfəz koridoru sürətlə geri qayıdıb arxamızca qaçdı. Mən binanı dönərək tinində gözlənilməklə canımı qurtarmaq istədim. Rəna isə qışqırıq içində 1-ci şöbəyə qaçırdı . Özümü itirdiyimdən qaçanda ayağım kanalizasiyanın qapağına ilişdiyindən kola yıxıldım, ağrının təsirindən qalxmağa taqətim də yox idi. Artıq Əbülfəzin mənə çatıb saçımdan tutub sürüyəcəyini düşünərək gözümü yumaraq ayağımın əzilməsini, əllərimin tikanların deşib qanartmasını da unutmuşdum. Bir neçə dəqiqəlik səssizliyi görüb başımı zorla qaldıranda Əbülfəzin Rənanın dalınca qaçdığını görüb öz halıma həm gülməyə , həm ağlamağa başladım. Kişilər şöbəsinin işçiləri artıq Əbülfəzi tutub gətirirdilər. Rəna qorxudan ayaq üstə ölmüşdü. Birtəhər bizi otağa aparıb sakitləşdirsələr də Rəna ilə göz yaşı içində qəfil baş verən hadisənin təsirindən dəli kimi gülürdük. Əbülfəzi “ominazin”deyilən iynəni vurub artıq qollarını mələfə ilə çarpayıya xüsusi çarpaz üsulla sarıyıb yatırtmışdılar. Sonra bildik…demə bu dəcəl oğlan işçilərimizin bizə etmək istədikləri yaramaz zarafat imiş .
Əbülfəz kim hara göndərsə , desə inanıb gedirdi . Bütün günü “quzu ,quzu” deyib gəzirdi. Bir gün yenə fitnəkar, dəcəl kiçik tibb işçilərimiz əylənmək üçün baş tibb işçisindən gizlin Əbülfəzi özündən çıxartdılar :
-Əbülfəz həyətə it girib, sənin quzunu parçalayacaq -deyib aldatdılar .
Əbülfəz kol -koş bilmədən bütün həyətin kolluqlarını “quzu-quzuı ” deyərək dolaşmağa başladı. Baş tibb işçisi xəbər tutub hirslənərək işçilərə Əbülfəz tutub saxlamağı tapşırdı. Yazıq Əbülfəzin bütün paltarları kolluqlarda sürünməkdən parçalanmış ,üz – gözü cırılmış , qanın içində idi…
…kor bağırsaq əməliyyatımdan sonra daha mənə işləməyimə evdən icazə verimədiyindən nəhayət 3 ildən sonra işdən ayrıldım . İllər sonra Əbülfəzin bir gün su quyusunda boğularaq öldüyünü eşitdim. Belə xəstələri yiyələri unutduğundan , arxasınca gəlmədikıərindən xəstəxananın arxasında balaca xüsusi qəbiristanlıq sahəsi var idi. Yiyəsiz, unudulmuş xəstələri adəti-üsulla orada dəfn edirdilər. Əbülfəzi də orada basdırmışdılar…

 

Share: