“Uğurun Kaliforniyada seçdiyi azərbaycanlı…” – Elman Eldaroğlu yazır…

Uğurun Kaliforniyada seçdiyi azərbaycanlı

Uğur itirilmiş əşya deyil, onu axtarasan, gərək ömür yolunu elə seçəsən ki, uğur özü sənin qarşına çıxsın. Sevindirici haldır ki, müasir düşüncəli insanlar həyatdan nə istədiklərini yaxşı bilirlər…

O, hüquqşünas olmaq arzusunda idi, nəticədə ABŞ kimi nəhəng bir ölkədə şirkət sahibi oldu. Şahmat oynamağı, bizneslə bağlı kitabları mütaliə etməyi xoşlayır. Və ən başlıcası öz üzərində işləməyi bacarır. Təkmilləşdikcə daha böyük nailiyyətlərə can atır…

Deyir ki,- “Daşda dəlik açan suyun gücü deyil, onun davamlı axmasıdır. Bir də ki, pul istifadə olunmaq, insan sevilmək üçün yaranıb. Pul seviləndə insan istifadə vasitəsinə çevrilir. Pulu sevmək yox, ondan istifadə etməyi bacarmaq lazımdır”…

Haqqında söhbət açdığım Toğrul Sideifzadə 1976-cı ildə Bakı şəhərində dünyaya gəlib, əslən Əmircan kəndindəndir. 1992-ci ildə orta təhsilini Bakıdakı 32 nömrəli məktəbdə başa vurub. Bir il Türkiyənin İzmir şəhərində hazırlıq kursu keçdikdən sonra İstanbul Universitetinin hüquq fakultəsinə qəbul olunub. 2000-ci ildə ali təhsilini bitirərək hüquqşünas ixtisası üzrə bakalavr pilləsinə yüksəlib. 2001-2003-cü illərdə Konyadakı Səlcuq Universitetinin magistraturasında təhsilini davam etdirib. 2003-cü ildə Bakıya dönərək 2009-cu ilədək bu şəhərdə müxtəlif işlərdə çalışıb. 2009-cu ildən ABŞ-da yaşayır. Üç il Nyu Yorkda məskunlaşdıqdan sonra 2012-ci ildə Kaliforniya ştatının Danvill şəhərinə köçüb. Buraya gələndən bir müddət müxtəlif işlərlə məşğul olsa da, 2016-cı ildə “Oriente Lux Limousine” şirkətini yaradıb. Hazırda həmin müəsissəyə rəhbərlik edir. Şirkət qısa zamanda Kaliforniyanın müəyyən hissəsində insanların etibar etdiyi, güvəndiyi bir xidmət qrumuna çevrilib. Bu xidmətdən əsasən imkanlı amerikalılar istifadə edir…

…Ömür-gün yoldaşı Kəklik xanım Azərbaycan Dillər Universitetini bitirib. İki qızı vardır. Böyük qızı Zəhra 13, ikinci qızı Sumeyra 9 yaşındadılar. Ana dilində sərbəst danışa bilirlər…

Uşaq yaşlarından ən böyük arzusu səyahət olub. Sevinir ki, artıq dünyanın ondan çox ölkəsində turist kimi səfərdə ola bilib. Amerikalılara qaynayıb qarışmağa çalışır. Artıq yaşadığı Danvill və Volnat Qrik şəhərlərinin ticarət palatasına üzv də seçilib…

2018-ci ildən ABŞ-ın vətəndaşlığnı alan bu soydaşımızdan- “Niyə təhsilini davam etdirmirsən?”- deyə soruşanda o, belə söylədi. Deyil Karnegi deyib ki: “”Sən etdiyin işi sevmirsənsə heç vaxt müvəffəqiyyətə nail ola bilməyəcəksən”. Elə bir dövrə gəlib çatmışıq ki, informasiya texnologiyaları yüksək səviyyədədir. Qarşımızda “internet” adlı böyük məlumat bazası var. Gərək bu vasitədən səmərəli istifadə edib bilik və bacarıqlarını təkmilləşdirə biləsən. ABŞ-da hansısa diplom deyil, yiyələndiyin bacarıqlar daha önəmlidir “…

Azərbaycana çox bağlı adamdır. Bacardığı qədər soydaşlarımızın icma tədbirlərində iştirak etməyə çalışır. Arzulayır ki, insanlarımız xoşbəxt yaşasınlar. Azərbaycan da Amerika Birləşmiş Ştatları kimi geniş imkanlar ölkəsinə çevrilsin…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

La imagen puede contener: 1 persona, sonriendo
La imagen puede contener: 4 personas, personas sonriendo, personas de pie
Share: