Türkiyəli astronavt: “Kosmosda yaşamın mövcudluğunu öyrənəcəyik”

“Növbəti il kosmosa iki uçuş həyata keçirəcəyəm. Bu uçuşların məqsədi texnoloji, ekosistem və digər müxtəlif sahələrdə yeni məlumatlar əldə etməkdir”.

Bunu Oxu.Az-a müsahibəsində Türkiyənin azərbaycanəsilli astronavtı, Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək Tuna Cahangir Atasever deyib.

– Gələn il həyata keçirəcəyiniz uçuşlar barədə məlumat verin.

– Növbəti il yanvar və mart aylarında kosmosa iki uçuş həyata keçirəcəyik. İlkin olaraq ümumilikdə 13 elmi sınaqların həyata keçirilməsi nəzərdə tutulur. Orada yaşamın mövcudluğunu öyrənəcəyik.

– Uçuşlar, daha dəqiq demək mümkünsə, hansı istiqamətdə həyata keçiriləcək?

– 2024-cü ilin yanvarında həyata keçiriləcək uçuşlar Beynəlxalq Kosmik Stansiyaya olacaq. Mart ayında isə suborbital kosmik uçuş həyata keçiriləcək. Hər birində elmi eksperiment həyata keçiriləcək. Dünyada yaşayan insanların həyatlarını necə asanlaşdıra bilərik bu istiqamətdə datalar toplamağa çalışacağıq. Orada bio ortamı, bitki örtüyünün və digər sahələri araşdıracağıq. Gələcəkdə daha təkmilləşmiş və genişmiqyaslı layihələrin icrası üçün bu məlumatları toplamaq şərtdir.

– Azərbaycan barədə təəssüratlarınız necədir?

– 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi məni çox sevindirir. Konqres yüksək səviyyədə keçirilir. Azərbaycan və Türkiyə müxtəlif mövzularda bir-birinə dəstək verərək, birgə əməkdaşlıq həyata keçirir. Sevindirici haldır ki, kosmik sahədə məlumatların, təcrübələrin paylaşılması mümkün olacaq. Ümid edirəm ki, kosmik sahədə sürətlə həyata keçirilən inkişaf, innovativ yeniliklərlə gələcəkdə Azərbaycanlı astronavtların da uçuşları gerçəkləşər.

– Gənclər arasında astronavtikaya maraq necədir?

– Texnologiya əsridir. Düşünürəm ki, yeni sahələr, xüsusilə texnologiya, ekosistem və İKT sahəsinə maraq daha sürətlə artır. Bu gün konqresə göstərilən marağa nəzər salaq. İstər öz gənclərimiz, istərsə də dünya ölkələrindən konqres üçün gələn gənclərin sayının çoxluğu bu sahəyə olan marağın kifayət qədər çox olduğunu sübut edir.

Qeyd edək ki, Tuva Cahangir Atasever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi ilk kosmik yolçulardan biridir. Özü azərbaycanəsillidir və sistem mühəndisidir.

Könül Cəfərli

Share: