Türkiyədə səslər yenidən sayılacaq

Türkiyənin Adana vilayətində iyunun 24-də keçirilən parlament seçkilərində verilən səslər yenidən sayılacaq.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Adana vilayəti üzrə nümayəndəliyinin etirazı ilə qəbul edilib.

Ümumilikdə, vilayətin 15 mahalında səslər yenidən sayılacaq. Seçkilərin ilkin nəticələrinə görə, Adanada AKP 5, Cümhuriyyət Xalq Partiyası (CHP) 4, Milliyyətçi Hərəkat Partiyası (MHP) 2, İYİ Partiya 2 və Xalqların Demokratik Partiyası (HDP) 2 yer qazanmışdı.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı” 53,6 faiz səslə qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı seçki bloku isə 34,1 faiz səs toplaya bilib. 10 faizlik bariyeri keçən, heç bir blokda iştirak etməyən HDP 11,5 faiz səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir.

Prezident seçkilərində isə AKP-nin namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,5 faiz səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi CHP-nin namizədi Məhərrəm İncə isə 31 faiz səs toplaya bilib. HDP-nin namizədi Səlahəddin Dəmirtaş 8,2, keçən ilin payızında qurulan İYİ Partiyanın namizədi Meral Akşener 7,4, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2 faiz səs toplayıb.

Müstəqil.Az

Share: