Spiker 20 yanvardan Masazıra qədər yaranmış tıxacdan danışdı -Pul yemək lazım idi…

“3 gündür ki, 20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir dilavər jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb. Heç elə şey yoxdur”.

Müstəqil.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Fəzail Ağamalı Xırdalan yolunda təmirin yaratdığı problemlərdən danışarkən deyib.

Millət vəkili ölkədə yol çəkilişi ilə bağlı nəzarətin olmasının labüdlüyünü diqqətə çatdırıb:

“Tam məsuliyyətimlə deyirəm ki, orada heç bir çat yox idi. Sadəcə pul yemək lazım idi, ona görə də, yolu sökdülər. Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir”.

Deputata cavab olaraq spiker Oqtay Əsədov bildirib ki, yollarla bağlı heç bir problem yoxdur:

“Nə olub ki, Bakının yollarına? Yollarımız çox yaxşı inşa edilir. Sulutəpədə yaşayıram və gedib gələndə mən də o əziyyəti çəkirəm. Problem yolun kənarında tikilən evlərlə bağlıdır. Yolun genişləndirilməsi üçün gərək o evlər orada olmasın. İndi bu sahədə iş gedir”.

Share: