Türkiyədə Ərdoğanın iştirakı ilə 313 min mömin eyni vaxtda namaz qıldı -VİDEO

1 iyun axşamı Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təxminən 313 min mömin İstanbulun Yenikapı meydanında Ramazan ayında icra ediilən müstəhəb təravih namazı üçün toplanıb.
Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul müftiyyatının təşəbbüsü ilə  həyata keçirilən  kütləvi ibadət İstanbulun fəthinin 566-cı ildönümünə həsr edilib.   Eyni zamanda  müsəlmanlar və Məkkəli müşriklər arasında ilk böyük döyüşün- Bədr savaşı qəhrəmanlarının  xatirəsi də yad edilib.
Namaza rəhbərliyi Diyanət İşləri Başqanı Əli Erbaş icra edib. Türkiyə lideri Ərdoğan namazdan əvvəl Qurani-Kərimin əl-Bəqərə surəsinin 285 və 286-cı ayələrini oxuyub.
Sonda Prezident vətəndaşlara müraciət edərək yüz minlərlə insanın birgə qıldığı təravih namazının əhəmiyyətindən danışıb. Ərdoğan nitqində Qərb dünyasına “Bura İstanbuldur, Konstantinopol deyil” mesajını da verib.  Çıxışından sonra dövlət başçısı möminlərlə fotolar çəkdirib.
Sultan Laçın

Share: