“Türk ədəbiyyatı” jurnalının yeni sayı Azərbaycana həsr olunub

Bu günlərdə Türkiyədə Türk Ədəbiyyatı Vaqfının nəzdində fəaliyyət göstərən  «Türk ədəbiyyatı» dərgisinin yeni sayı işıq üzü görüb.

525.az xəbər verir ki, dərgi Azərbaycan Yazıçılar Birliyi və «Qobustan» dərgisi ilə birgə əməkdaşlığın nəticəsi kimi Azərbaycan ədəbiyyatına həsr edilib və «Şuşa özəl sayı» kimi oxuculara təqdim olunub…

Dərginin baş redaktoru İmdat Avşar giriş sözündə qeyd edir: “Türk Ədəbiyyatı” dərgisinin hər  nömrəsi  mədəni həyatımıza işıq salan bir-birindən maraqlı yazılarla zəngindir. Dərgimizin bu sayı 2023-cü il üçün  “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə həsr olunub. Yazılarımıza keçməzdən əvvəl gözəl bir xəbəri də sizinlə bölüşmək istəyirik. Azərbaycan Yazıçılar Birliyi və “Qobustan” jurnalı ilə birgə başladığımız layihəyə əsasən “Qobustan” jurnalının  2024-cü ildə  işıq üzü görəcək ilk sayı Türk Ədəbiyyatı, mədəniyyəti, incəsənətinə həsr ediləcək. Dərgimizin həm Azərbaycan Yazıçılar Birliyi, həm də “Qobustan” jurnalı ilə əməkdaşlığı bundan sonra da davam edəcək. Məqsədimiz  isə Türk ədəbiyyatını qardaş türkdilli  ölkələrdə  daha çox tanıtmaq və qarşılıqlı ədəbi mübadilələr etməkdir. Bu işdə bizə göstərdiyi köməyə görə  Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllimə və “Qobustan” dərgisinin  baş redaktoru Pərvin Nurəliyevaya dərin təşəkkürümüzü bildirirk.

Dərgimizin bu nömrəsində  sizləri  Qarabağın baş tacı olan Şuşa şəhərinin tarixi, memarlıq abidələri, musiqişünasları, ədəbi məclisləri ilə yaxından tanış edəcəyik. İlk yazı isə prof.Okan Yeşilotun “Türkiyə -Azərbaycan əlaqələrinin gələcəyi-Şuşa bəyənnaməsi” məqaləsi ilə başlayır. Yeşilot öz yazısında  Qarabağ xanlığının tarixinə və Şuşa şəhərinin yaranmasına nəzər salır, eyni zamanda Türkiyə və Azərbaycan arasında bu yaxınlarda imzalanmış Şuşa bəyənnaməsinin iki qardaş ölkəyə gələcəkdə göstərəcyi  müsbət  təsirindən söz açır. Başqa bir yazıda isə Azərbaycan və türk dünyasının  görkəmli yazarı Anar bizləri salamlayır. O,  özünəməxsus təhkiyə ilə  qələmə aldığı  “Qarabağ şikəstəsi” adlı  yazısında  Qarabağ xatirələrini o qədər səmimi şəkildə təsvir edir ki, oxuduqca Şuşanın təbiəti və insanlarının portreti göz özünüdə canlanır. İnanırıq ki, bu yazı hər kəsi duyğulandıracaq».

Dərginin bu sayında həm Türkiyədən, həm də Azərbaycandan olan tanınmış imzaların Azərbaycan ədəbiyyatı, Qarabağ zəfəri, Şuşa mövzusunda maraqlı yazıları yer alıb. Faiq Ələkbərlinin Xan qızı Natəvan, Abdullah Gündoğdunun həm Azərbaycanın, həm də Türkiyənin tarixində önəmli yeri olan Əhməd Ağaoğlu,  Dilqəm Əhmədin Azərbaycanın Türkiyədə ilk səfiri olmuş Yusif Vəzir Çəmənzəminli haqqında məqalələri böyük maraq doğurur.

Bu sayda Azərbaycanın zəngin musiqisinə ayrıca yer verilib. Belə ki, Vural Yıldırımın “Şuşadan dünyaya yayılan melodiya” yazısı  dahi musiqiçi  Üzeyir Hacıbəylinin Azərbaycan musiqisindəki xüsusi rolundan, Aleyna  Malkoç Rəşid Behbudovun bülbül kimi avazından, Sevda Nalan Gül Azərbaycan klassik musiqisinin  dahi sənətkarı Qara Qarayevin sənətkarlığından söz açır. Həmçinin   Günel Anarqızının “Atama” essesi, Pərvinin Şuşanın mədəniyyətindən bəhs edən “Qəhrəman Şuşa” məqaləsi, İmdat Avşarın «Şuşaya zəfər yolundan dönmək» essesi   də dərgidə yer alıb.

Dərgidə yer alan Molla Pənah Vaqif, Səməd Vurğun, Rəsul Rza, Rəşad Məcid, Ramiz Qusarçaylı və Sabir Rüstəmxanlının şeirləri oxucuya Azərbaycan poeziyasının  möhtəşəmliyini bir daha xatırladır.

Qeyd edək ki, bu ilin noyabr ayında AYB-nin Natəvan klubunda baş tutan Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinə həsr olunmuş tədbirdə əldə edilən  razılaşmaya əsasən «Qobustan» dərgisinin növbəti il üçün ilk nömrəsi Türkiyə Özəl sayı olaraq işıq üzü görəcək.

Share: