Turan heyəti – Azər Turan yazır…

“Turan” şeiri. Ötən həftə Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirildi.

Turan mədəni xəyaldan siyasi gerçəkliyə çevrilməkdədir. Metedən sonra Turanın qurucuları arasında Attila da vardır. Elə bu səbəbdən də Türk Dövlətləri başçılarının zirvə toplantısında Macarıstanın baş naziri Orbanın iştirak etməsi tarixə ekskurs etmək üçün imkan yaradır. Ziya Gökalp yazır ki, “miladdan 210 il əvvəl Hun hökmdarı Mete “hunlar” adı altında bütün türkləri birləşdirdiyi zaman Turan məfkurəsi bir gerçəklik halına gəlmişdi”.

Turan anlayışı etnoqrafik termin olaraq ilk dəfə Vamberi tərəfindən Macarıstanda tətbiq olunmuşdu. XX yüzilin əvvəllərində Azərbaycanda, Türküstanda və Osmanlı camiasında Turan birliyi məfkurəsi poetik dövriyyəyə Əli bəy Hüseynzadənin “Turan” şeiri ilə adladı və bu şeir təkcə Azərbaycan ədəbiyyatı deyil, ümumən bütün türk ədəbiyyatı tarixinin bilinən ilk “Turan”ı oldu. O, tarix baxımından hətta macar şairi Arpad Zempleninin “Turan şərqiləri” kitabını da ən azı on il qabaqlayırdı və qəribədir ki, macarlara xitabla başlayırdı:

Sizlərsiniz, ey qövmi-macar, bizlərə ihvan,

Əcdadımızın müştərəkən mənşəi Turan.

Bir duyğudayız biz, həpimiz haqpərəstan,

Mümkünmü ayırsın bizi İncil ilə Quran?

Çingizləri titrətdi şu afaqı sərasər,

Timurları hökm etdi şəhinşahlara yeksər.

Fatihlərinə keçdi bütün kişvəri-qeysər…

Şeirin özəllikləri çoxdur. Ən başlıcası isə, dediyim kimi, onun macarlara xitabən yazılması və Osmanlı mühitində hər zaman qaniçən obrazında təqdim olunmuş Çingiz və Teymurun ilk dəfə məhz bu şeirlə məfkurəvi türk hökmdarlarının sırasında Fatehlə eyni rakursda əzizlənməsi idi.

Şeir qısa müddətdə bütün türk dünyasına yayılır. Özbək cədidçilərinin dilinin əzbəri olur. Budapeştdə çıxan “Turan” dərgisində Mesaroşun çevirisi ilə çap olunur. Ziya Gökalpın məşhur “Turan” şeirinin yaranmasına vəsilə olur. Turan Sosialist Cümhuriyyətləri Birliyini qurmaq istəyən tatar kommunisti başqırd Sultanqaliyevin ideyalarına istiqamət verir. 1934-cü ildə Moskvada SSRİ Yazıçılar İttifaqının I qurultayında xatırlanır. Ötən əsrin əvvəllərində onu Naxçıvan dərvişləri söyləyir və s.

Stalin tərəfindən qətlə yetirilmiş Mirseyid Sultanqaliyev probleminin Azərbaycan tarixçiliyi üçün açıq qalmış sualları çoxdur. Sultanqaliyevçilik – “Sultanqaliyevşina” (termin Stalinə məxsusdur) Hüseyn Cavidin də istintaq materiallarından keçir. Cavidi həm də Ermənistanın Azərbaycan ərazisinə qatılması şərtilə – Böyük Azərbaycan yaratmaq ideyalarını təbliğ etməsinə görə həbs etmişdilər. Kaşqarlı “Divan”ının tərcüməçisi Xalid Səid Turan dövləti yaratmaq ideyalarına dəstək verdiyi üçün güllələnmişdi… 1937-ci il repressiyalarının əsas və ümumi mənzərəsi bundan ibarətdir. Azərbaycan aydınlarının böyük bir qismi Hüseynzadə ideyalarına praktiki xidmət göstərdikləri üçün güllələnmişdi.

Hüseynzadə ideyalarının başlıcası isə panturanizm idi. 1904-1910-cu illərdə bütün türk dünyasında “Turani” imzası ilə yazan yeganə müəllif odur. Sonralar, yəni 1934-cü ildə Türkiyədə “Soyadı qanunu” qəbul edilərkən Turan adına rəsmi status verib onu şəxsi soyadına çevirən ilk türk mütəfəkkiri də Hüseynzadə oldu.

Əli bəy Hüseynzadənin təkcə ədəbiyyata deyil, eyni zamanda ictimai təfəkkürə, dünyanın ideoloji lüğətinə çağdaş anlamda sirayət etmiş “Turan” şeiri Gökalpın və Yusif Akçuranın təbiriycə “panturanizm məfkurəsinin ilk təcəllasi” kimi təzahür etdi. “Turan” mənzuməsi 1918-ci ildə Turan yolunun türk bayraqlı ilk şeirinin – “Çırpınırdın, Qara dəniz”in yaranmasına səbəb oldu və bunu şeirin epiqrafına “Sevgili Turan məfkurəsinə birinci yol göstərən ustad Əli bəy Hüseynzadə həzrətlərinə təqdim” – qeydi ilə Əhməd Cavadın özü də təsdiqlədi. Bu barədə 20 fevral 2016-cı il tarixli “Ədəbiyyat qəzeti”ndə məlumat vermişdik.

(Ötən həftə İstanbulda dəyərli Mehdi Gəncəli ilə Əhməd Cavadın həmin şeiri üzərinə söhbətimiz oldu. Mehdi bəyə görə, Əhməd Cavadın şeirindəki Türk bayrağı Əli bəy Hüseynzadənin şəxsiyyətini simvolizə edir. Bu sayımızda Mehdi bəyin “Türklərin bayraklaşmış şəxsiyyəti” məqaləsini də dərc edirik).

Turan Heyəti. 1915-ci ildə İstanbulda, Nuri-Osmaniyyə caddəsində Əli bəy Hüseynzadənin təşəbbüsü ilə Turan Heyəti adlı bir təşkilat qurulmuşdu. İstər 1917-ci ildə Kerenski hökumətinin, istər Stalin dövründə Rusiya ideoloji humanitar və kəşfiyyat təşkilatlarının başağrısına çevrilsə də, sonrakı mərhələdə tamamilə unutdurmağa çalışdıqları Turan Heyəti, əfsus ki, bizdə az tədqiq olunub. Halbuki indiyə qədər Azərbaycanda bu barədə kitablar, monoqrafiyalar qələmə alınmalı, dərin araşdırmalar aparılmalıydı.


Turan Heyətinin yaradılmasına icazə üçün Osmanlı Daxili İşlər Nazirliyinə yazılmış məktubdakı üç imzanın birinin və birincisinin, eləcə də Turan Heyəti Nizamnaməsinin müəllifi Əli bəy Hüseynzadəni Rusiya Daxili İşlər Nazirliyi Bakıda, Yelizavetpolda, Tiflisdə, Qarsda axtarır, sorağını Almaniyadan alırdı. Avropadakı xəfiyyələrini ona gözçü qoyurdular. Berlindən, Vyanadan, Budapeştdən, Buxarestdən Peterburqa gündəlik və məxfi məlumatların axını başlanırdı. Ümumiyyətlə, Turan Heyətinin Avropa ölkələrinə səfərini o günlərdə Rusiyanın imperiya məqamları diqqətlə izləyirdi. Hətta Rusiyanın Budapeştdəki səfiri 1915-ci ilin 5 dekabrında ölkəsinə bu münasibətlə gizli bir məktub da göndərmişdi. Əli bəylə bağlı Rusiya xüsusi xidmət orqanlarının şübhəsi, bəlli səbəblərə görə heç zaman səngimək bilməyib. “Pantürkist” Əli bəyin yaxasından əl çəkməyən polkovnik Şatrova Hüseynzadə ilə bağlı göndərilən məlumatda bildirilirdi ki, “Agentura məlumatına görə, Hüseynzadə 1911-ci ildə İstanbula getmiş və İttihad və Tərəqqi Partiyasının Mərkəzi Komitəsinə seçilmişdir. Onun Bakıda yaşayış qeydiyyatı yoxdur”.

1915-ci ilin dekabrından etibarən, Türk millətinin haqqını və dərdlərini Qərbin ali saraylarında dövlət böyükləri ilə müzakirə edən Turan Heyəti milli nicat və qurtuluş davasında türklərin başsız, sahibsiz olmadığını xatırladır, Avropanın politik kürsülərində, məsələn, Lozan konfransında Əli bəy Hüseynzadənin dili ilə panslavizmin üzünə panturanizmin siyasi məntiqilə dirənirdi. Avropanı bilgiləndirirdilər ki, Rusiya öz təbəəsi olan türklərin ən doğal, məşru və müqəddəs haqlarını zorla əllərindən almışdır, türklərin bir-birilə əlaqələrini yasaqlamışdır. Kazanlı və Qafqazlı bir türkə, Türküstan və Qırğız bölgələrindən mülk və torpaq satın almaq tamamilə qadağan edilmişdir, Rusiya türkləri dini vəzifələrini belə yerinə yetirməkdən məhrum edilmiş, mədəni və milli təhsil imkanı onların əlindən alınmışdır və s…

Professor Əhməd Temir yazır: “Əvvəlcə Turan Heyəti adından yaradılmış bir komissiyanın, öncə müttəfiq və dost dövlətlər olan Almaniya, Avstriya-Macarıstan və Bolqarıstana getməsi və sonra da 1916-cı ilin haziranında İsveçrədə toplanacaq olan Millətlər konfransına qatılmaları uyğun görülmüşdür. Komissiyanın Avropaya hərəkətindən öncə, konfrans nümayəndələrinə təqdim edilmək üçün 1915-ci ilin yayında almanca “Rusiyadakı müsəlman türklərin bugünkü durumu və fəaliyyətləri”, “Rusiyadakı müsəlman türk xalqlarının haqlarını qoruma komitəsinin memorandumu” sərlövhəsi ilə iki mətn hazırlanmışdı. İkinci mətn, Budapeştdə nəşr olunmuş, ayrıca 1916-cı ildə “Die Melt des İslams” dərgisində də çıxmışdır. Memorandum almanca və fransızca olaraq İsveçrədə də yayınlanmışdır”.

Turan Heyətinin Avropaya gözlənilməz və uğurlu səfəri ilə bağlı Rusiya Dövlət Dumasında, ümumiyyətlə, Rusiyanın bütün siyasi-ideoloji çevrələrində ciddi müzakirələr keçirilir, xüsusən, Dövlət Dumasında şovinist hikkələr çatlaq verirdi: “Özünü millət atası hesab edən Hüseynzadə və Akçura kimdir ki, Avropaya səfər edir və Rusiya müsəlmanlarının adından danışırlar?”. Hətta Dumada təmsil olunan bizimkilərdən biri 1916-cı il iyunun 8-də Rusiya Xarici İşlər Nazirliyinə hiddətli donoslar yazıb Hüseynzadəni, Akçuranı, Əbdürrəşid İbrahimi macəraçı adlandırırdı. Başlarında Əli bəy Hüseynzadənin dayandığı hərəsi bir akademiya, hər biri bir məfkurələr fabriki (Cahan Çələbi) mislində olan “macəraçı” millət atalarımız – Yusuf Akçura, Əbdürrəşid İbrahim, Əsəd Çələbizadə, Mukiməddin Beycan, Əhməd Ağaoğlu, Şeyx Şamilin İsveçrədəki nəvəsi Şamil Spahi, Əhməd Sahib Kaplanov, Seyid Tahir o günlərdə siyasi iqliminin boz-bulanıq olduğu Avropanın diqqətini tarixdə ilk dəfəydi ki, Rusiya əsarətində olan türklərin aqibətinə yönəldirdilər.

Əli bəy Hüseynzadə isə “Müxtəsər bioqrafik məlumat”ında Avropaya gedən Turan Heyəti ilə bağlı yazır ki, “Hərbi-ümumi əsnasında (Birinci Dünya savaşı illərində – A.T.) Orta Avropada ümumtürklük lehinə propaqanda yaparaq, onun siyasi haqlarını müdafiəyə çalışdıq, ötədə-bəridə konfranslar verdik, yazılar yazdıq”.

Əli bəy Hüseynzadə, Yusuf Akçura, Çələbizadə Məhəmməd Əsəd və Mukiməddin Beycan dekabrın 8-də Vyanada Avstriyanın baş naziri Storqk və xarici işlər naziri Forqaçh tərəfindən qəbul edildilər.

Dekabrın 12-də Budapeştdə baş nazir Tisza və parlament üzvü Andrasi ilə görüşdülər.

Fransız qəzeti “Temps” dekabrın 14-də nümayəndələrin Macarıstanın baş naziri Tiszaya Kazan Xanlığının bərpa edilməsinin zəruriliyi barədə memorandum təqdim etdiklərini yazırdı.

1916-cı il yanvarın 12-də Turan Heyəti Berlində xarici işlər naziri Paqu və onun müavini Zimmermann tərəfindən qəbul edildi.

1916-cı ilin fevralında isə Sofiyada Bolqarıstanın baş naziri Rodoslovla, Məclis üzvləri ilə görüşdülər.

Hilmi Ziya Ülken 1969-cu ildə “Yeni İnsan” dərgisində yazırdı ki, “Əli Turan 1916-cı ilin Ocak ayında Berlində toplanan bir konqresdə Türk qövmlərinin haqlarını savunan, diqqətə dəyər bir raport oxudu. Orada Rusiya Türklərinin haqlarını savunma komitəsi adıyla İstanbulda seçilən dört kişilik bir heyətin başqanı olaraq bulunuyordu”.

Turan Heyəti adından Almaniyanın siyasi rəhbərliyinə ünvanlanmış məktubda bildirilirdi ki, “Rus idarəsindəki türk qövmlərinin haqlarını savunmaq üçün dörd nümayəndə Budapeştdə və Vyanada çox yaxşı qarşılandıq. İndi də Berlində eyni haqları müdafiə üçün hüzurunuzdayıq. Rusiya mütəcanis bir kütlə deyildir. Orada türk qövmləri sayca böyük bir topluma varır… Onlar çox geniş torpaqlarda bəzi ləhcə fərqləri ilə eyni dili qonuşmaqdadırlar. Rus ədəbiyyatının Rusiya türkləri üzərində faydalı təsirləri inkar ediləməz. Fəqət bu mədəniyyətin qaynaqlarından biri Bizans ortodoksluğudur. Onda Avropa mədəniyyətinin əsaslı keyfiyyətləri yoxdur. Bu kifayətsizlik rusların yaydığı kültürü daima axsatmışdır. Ruslar kəndi kültürlərini yayarkən milli kültürləri yox etmə qayəsini güdürlər…”.

Alman şərqşünası, professor Gothard Jaske 1937-ci ildə yazdığı “1916 Lozan Konqresində Rusiya mahkumu Milletler” məqaləsində “Turan Heyəti”nin Avropa səfərini “Rusiya məhkumu türklərin beynəlmiləl ölçüdə və həm də geniş bir Avropa cəmiyyəti önündə ilk güclü istiqlal həmləsi” olaraq dəyərləndirir və əlavə edirdi ki, “o zamanlar Berlin, Vyana, İstanbul və İsveçrədə Rusiya məhkumu türklərin qurtuluşu üçün çalışanlardan bir çoxu, bilxassə, azərilərdən Hüseynzadə Əli, Ağaoğlu Əhmədbəylər kimi hələ həyatda bulunan mühüm şahidlər o zamanlar yürütdükləri mücadiləni bütün detallarıyla qələmə alsalar milli və müqəddəs davaya mühəqqəq böyük hizmət etmiş olacaqlar”.

1916-cı ilin 18 mayında Turan Heyəti tərəfindən Amerika Birləşmiş Ştatlarının prezidenti Vilsona teleqram göndərildi. Teleqramda onlar Amerika Prezidentindən Rusiya müsəlmanlarının hüquqlarını müdafiə etmək üçün öz şəxsi nüfuzundan istifadə etməsini xahiş edir və “Bizə yardıma gəlin. Bizi məhv olmaqdan qoruyun”, – deyə ricalarda bulunurdular.

Yuxarıda xatırlatdığım kimi, Turan Heyəti 1916-cı il iyunun 27-29-da Lozanda keçirilən Milliyyətlər Birliyinin III konqresində iştirak etmək üçün İsveçrədəydi.

Heyət bir ay sonra 1916-cı ilin iyulunda Sürixə gedərək Artur Zifeldin araçılığıyla Vladimir Leninlə görüşür. (Leninin dostu Zifeld sonralar Akademiyanın Azərbaycan filialında Ədəbiyyat İnstitutunun direktoru olmuşdu. 1938-ci ildə eston Zifeld pantürkist fəaliyyətinə və Mahmud Kaşqarlı “Divan”ının tərcüməsinə imkan yaratdığı üçün 8 il həbs cəzasına məhkum edilərək Kolımaya sürgün edilmiş və sürgündə – 50 yaşında “qocalığı” və ürək çatışmazlığı səbəbilə həlak olmuşdu). Zəki Vəlidi Toğanın bildirdiyinə görə, Lenin onları diqqətlə dinləyib: “Sizin istədiyiniz hüquq, biz iqtidara gələrsək, artıqlaması ilə təmin olunacaqdır” demişdi. Leninin bu sözlərini Zəki Vəlidi Toğan “Yusuf Akçuradan aldığı məlumata istinad edərək” yazırdı.

Əli bəy Hüzeynzadənin başqanlığı ilə Rusiya müsəlmanlarının xüsusi nümayəndə heyətinin səfəri barədə Leninin özünün də qeydləri var. “İmperializm haqqında dəftərlər”ində Lenin qeyd edirdi ki, “Особое посольство из этих стран… в настоящее время объезжает дворы четырех союзных держав и нейтральных госу­дарств, чтобы принести им свои жалобы на русский гнет и требовать освобождения от русского ига и восстановления своих прежних государств”. Ayaz İshaqinin yazdığına görə, əslində, Turan Heyəti 1916-cı ildə Türkistan, Qafqaz, Volqaboyu və Krımın müstəqilliyi barədə rezolyusiyanın Avropa dövlətləri tərəfindən qəbul edilməsinə nail olmuşdu. İshaqi bunu müstəqillik qətnaməsi adlandırırdı. Gothard Jaske də xatırlatdığım məqaləsində bu hərəkatı “Rusiya türklərinin beynəlxalq miqyasda bağımsızlığa doğru atılan ilk addımı” kimi səciyyələndirirdi.

Macar amili. Bu yazının əvvəlində qeyd etmişdim: Türk Dövlətləri başçılarının zirvə toplantısında Macarıstanın baş naziri Orbanın iştirak etməsi tarixə ekskurs etmək üçün imkan yaradır. Turan anlayışı etnoqrafik termin olaraq ilk dəfə Vamberi tərəfindən Macarıstanda tətbiq olunmuş, macar poeziyasına Arpad Zemplenin “Turan şərqiləri” kitabı ilə daxil olmuşdu. Turan kontekstində macar amili Əli bəy Hüseynzadəni hər zaman, 1915-17-cı illərdə isə xüsusən, ilgiləndirmişdi. 1905-ci ildə “Həyat” qəzetində dərc etdiyi “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsində Hüseynzadə Çin qaynaqlarına istinadən, macar problemini aktuallandırırdı: “Fin və macarlara verilən hunqar ya Venger, yaxud Enqrus adlarının “uyğur” sözündən törəndiyi iddia olunuyor. Zira uyğur türkləri qərbə doğru irəlilədikcə bəzi fin əqvamı ilə qarışıb guya bunlara öz adlarını vermişlərdir”. Yaxud Hüseynzadə “Füyuzat” dərgisinin 1907-ci il saylarından birində macar kökənli osmanlı şairəsi Nigar xanımla söhbətini xatırlatmışdı: “Bir kərə xanım əfəndidən bir şey sordum. Şöylə cavab verdilər: “Macar qövmünəmi, türk millətinəmi intisab ilə iftixar etdigimi soruyorsunuz… Zatən, əslimiz bir degilmidir? Əqvami-turaniyyədən bulunan macarların dəxi əsasən türk olduqları tarixcə müsəbbət (təsbit olunmuş) degilmidir?”. 1916-cı ildə Baha Şakirlə birgə Türk-Macar Dostluq Cəmiyyətini yaradan Hüseynzadə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay əsnasında macar alimi Mesaroşla söhbətini və Mesaroşun Qurultayda söylədiklərini gündəliyinə qeyd etmişdi: “Mesaroş “Macar milləti bu torpaqdan getmişdir”, – deyə özünün yabançı olmadığını söyləyir”. Yenə də 1926-cı ildə “Luziada” əsərini tədqiq edərkən, “Bu hekayədən şayani-diqqət bir şey öyrəniyoruz ki, o da Portəgizi təsis edən zatın bir macar (yəni bir turani) olduğudur”. “Turançı Hareketler: Macarıstan ve Türkiye” kitabında Nizam Önen qeyd edir ki, 1931-ci ilin 20 dekabrında Macarıstanın “Levente” dərgisində verdiyi “Turan xalqları bizdən nə bəkliyor?” başlıqlı müsahibəsində Anadolu, Qafqaz və Türküstan türkləriylə macarların bir Turan bütövlüyü içində qaynayıb-qarışmasının zəruriliyinə toxunarkən Zəki Vəlidi Toğan bildirmişdi ki, “Bu məsələ ilə ciddi anlamda ən öncə ilgilənənlər arasında, 1915-1917-ci illər arasında Rusiyada yaşayan türk xalqlarının nümayəndələrindən ibarət komitə təşkil edən və bir-iki dəfə Budapeştə gələn azərbaycanlı alim Hüseynzadə Əli bəy xatırlana bilər. Hüseynzadə Kont İstvan Tisza, Miklos Szemere və başqalarıyla bu məsələ üzərində görüşüb danışıqlar aparmış və “A Külügy-Hadügyü” adlı dərgidə Rusiyadakı türk xalqlarının siyasi təsirləri üzərinə məqalə yazmışdır”.

Professor Sadəddin Göməcə görə, “Türkiyədəki Türkçülük axımının da memarlarından olan Hüseynzadə Əli bəy Macar Turançılar üçün yazdığı:

Sizlərsiniz ey qövmi-Macar bizlərə ihvan,

Əcdadımızın müştərəkən mənşəyi Turan

– derkən, XX yüzyılın son böyük fikir adamlarından Nihal Atsız illərcə sonra, ondan təsirlənərək, rusların 1956-cı ildə Macarıstana girməsi səbəbiylə qələmə aldığı şeirində:

Axıtdılar yenə qara torpaq üstünə,

Qəhrəman Macarlar şanlı Turan qanını

– deyirdi”.

Turan ideyaları Macarıstanda hərbi müstəviyə bir də İkinci Dünya müharibəsi illərində adladı. Bir az da dəqiq desək, SSRİ-də Turan düşüncəsinin süqut etdiyi, hətta Türkiyədə turançı hərəkatın İsmət İnönü tərəfindən təqib edildiyi dövrdə təkcə Macarıstan Turan ideyalarından vaz keçmədi. Hətta ölkədə hərbi sənayenin ən ünlü istehsalı olan tanklar “40M Turan” adlı tanklar idi…

Ötən həftə Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə “qardaşım” deyə xitab etdi…

Erməni məsələsində hər zaman türk dünyasının yanında olmuş yəhudi əsilli macar alimi Vamberini xatırladım… Zamanında Avropa mətbuatında erməni yalanlarına qarşı ən sərt mövqe sərgiləyən, XIX yüzilin sonlarında türk torpaqlarında erməni dövləti qurmaq istəyənlərlə mübarizə aparan tək avropalı alim o idi. Vamberi 1894-cü ilin 4 iyununda İngiltərənin xarici işlər nazirinə yazırdı ki, “Mən bir erməni dövlətinin qurulmasına yönəlik hər addımı İngiltərənin çıxarlarına yönəlmiş bir təcavüz olaraq dəyərləndirirəm. Bu səbəblə, istər mühafizəkar olsun, istər liberal İngiltərənin bütün vicdanlı dövlət adamları ermənilərin bu xam xəyallarına “dur!” – demək zorundadırlar”.

XIX yüzilin sonlarında Əli bəy Hüseynzadənin qələmə aldığı və Türküstan, macar və osmanlı aləmini qapsayan manifest səciyyəli “Turan” şeiri, eləcə də 1915-ci ildə İstanbulda Hüseynzadənin təşəbbüsü və Ənvər Paşanın himayəsi ilə yaradılmış Turan Heyətinin Avropa ölkələrinə səfərləri, Şərqi Avropa dövlətlərinin bütün prezidentləri, məclis sədrləri və Baş nazirləri ilə görüşləri Azərbaycanda son Qarabağ savaşından sonra yenidən aktuallanmış Turan birliyinin təməllərini qoyurdu…

Share: