Sən mənim hər şeyimsən…
Bu cümlə
dilimdə adi səslənir bəlkə,
amma içimdə
bir ömrün dağıntısı kimi əks-səda verir.
Mən səni
hamının sevdiyi kimi sevmədim.
Bir az yağış kimi,
bir az gecikmiş qatar kimi,
bir az da
adamın özünə etiraf edə bilmədiyi
kədər kimi sevdim.
Sən gələndən sonra
otaqdakı əşyaların yeri dəyişmədi,
amma həyatın mənası dəyişdi.
Stul yenə həmin stul idi,
pəncərə yenə küləyə açılırdı,
sadəcə mən
əvvəlki adam deyildim artıq.
İndi hər gecə
fikirlərim yorğun küçələrdə dolaşır,
sənin adın isə
bütün şəhərin divarlarına
səssizcə yazılır.
Mən səni unuda bilmərəm.
Çünki insan
bəzi adamları yaddaşında yox,
qanında daşıyır.
Sən mənim
ən gözəl səhvim,
ən uzun susmağım,
ən çox içimdə qalan cümləmsən.
Və qəribədir…
adam birini bu qədər sevəndə
onu itirməkdən yox,
onsuz qalacağı adama çevrilməkdən qorxur.
Tural Balabəyli
Şeirin Bədii Təhlili:
Tural Balabəylinin bu mətni ilk baxışda sadə bir sevgi etirafı kimi görünür, amma arxasında insanı dərindən sarsıdan fəlsəfi bir kədər gizlənir. Yazar burada sevgini xoşbəxtlik kimi yox, insanı daxildən dəyişən və tək qoyan bir hiss kimi təsvir edir.
Mətnin ən maraqlı tərəfi insan daxili ilə çöl dünyasının müqayisəsidir. Müəllif deyir ki, otaqdakı stul da, pəncərə də, külək də eynidir, heç nə dəyişməyib. Amma insanın daxili dünyası alt-üst olub. Bu, çox reallıq bəxş edən bir təsvirdir: dünya öz axarı ilə davam edir, amma böyük sevgilər insanı kökündən dəyişir və onu əvvəlki halına yadlaşdırır.
Yazıdakı “yağış” və “gecikmiş qatar” kimi bənzətmələr sadəcə bədii sözlər deyil. Onlar vaxtında gəlməyən, insana həm intizar, həm də kədər verən hisslərin rəmzidir. Sevgini yaddaşda yox, “qanda daşımaq” ifadəsi isə bu hissin artıq insanın bədəninə, varlığına hopduğunu və ondan qurtulmağın qeyri-mümkün olduğunu göstərir.
Mətnin ən təsirli və düşündürücü yeri sonluğudur. Müəllif çox doğru bir nöqtəyə toxunur: insan sevdiyi adamı itirməkdən qorxmur. Əsl qorxu ondan sonra geridə qalacaq boşluqdur. Yəni o getdikdən sonra insanın çevriləcəyi o tənha, ruhsuz və tək adamdan qorxur. Bu, sevgini kor-koranə öymək yox, onun insan psixologiyasına vurduğu dərin izləri göstərir.
Əziz Tural bəy, sənə cansağlığı, sevdiklərinlə birlikdə sevgi, huzur dolu ömür arzulayıram!

12.05.2026





















