Torpağı gül açan şəhid Əhməd

(Esse)

Ocaq yananda tüstü, ürək yananda isə acılar yaşardır gözümüzü. Kədər də sevinc kimi yolxucu hissdir, hissiyyatlı, həssas insanlar tez yoluxur. Bəzən bu iki hiss bir-birinə elə qarışır ki, hansının çox, hansının az olmasını ayırmaq olmur, Kürlə Araz kimi qarışıb axır…

Hər şəhid adının arxasında onun neçə əziz adamı dayanır, qarışıq hisslərinə hakim olmağı bacarmayan, bu itkiyə inanmayan, gözü hər gün yolda qalan doğma insanlar… Yolum yenə şəhid ünvanınadır, Poladtoğay kəndində Əhmədovlar ailəsindəyəm…

Əhmədli Əhməd Anar oğlu, 44 günlük müharibənin 19 yaşlı şəhidi… Həyət qapısı, bir mərətəbəli evin damı Azərbaycan Bayrağı, Əhmədin müxtəlif şəkilləri və çiçəklərlə bəzədilmişdir. İti baxışları ilə ətrafı seyr edir və gələnə “xoş gəldin”, gedənə isə “yaxşı yol” arzulayır. Əhməd 20 oktyabr 2001-ci ildə Poladtoğay kəndində dünyaya gəlib. Ailənin ilki idi, gəlişi ilə valideynlərinin adı üstə ad gətirmiş, onları ana, ata eləmişdi…

Orta məktəbə də bu kənddə gedib, şəhid M.İsmayılov adına Poladtoğay kənd tam orta məktəbini bitirib və 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. Əsgərliyini Goranboy “N” saylı hərbi hissəsinin quru qoşunlarının daxilində çəkmişdir. Iri çaplı ağır silahdan atəş açmağın sirlərini dərindən öyrənmiş və  atıcı kimi fərqlənmişdir. Müharibə başlayanda Əhməd doqquz aya yaxın idi ki, düşmənlə sərhəddə xidmət edirdi, son vaxtlar daha çox mülki əhali yaşayan kəndlər hədəf seçilir, dinc əhali arasında  ölən və yaralananlar olurdu. Bu hamı kimi əsgərlərimizin də qəzəbini alovlandırır, düşmənə olan nifrətini artırır, döyüş ruhunu yüksəldirdi.

Müharibə başlayanda haqq savaşına qalxan oğullardan biri də Əhməd idi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərə qatılmış, üç oktyabr günü ağır və şiddətli  döyüşlərdən birində şəhidlik məqamına ucalmışdır. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan əsgər Əhmədli Əhməd Anar oğlu ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif olunmuşdur.

Atası Anar və anası Güləbətin şəhidlərin əbədi yaşarlığına inanır, deyir ki, oğulu elə Vətən üçün böyüdərlər, Əhməd bizim gözümüzün ilk ovu idi, vətənpərvər, qeyrətli bala idi. Kənddə də onu çox istəyirdilər, özünü sevdirməyi bacarırdı, hörmətcil, hamıya qarşı diqqətli idi… Vətəni çox sevirdi, Qarabağ haqqında yalnız kitablardan oxusa da o yerlərin gözəlliyinə vurulmuşdu. Hərbi xidmət yaşı çatmayanda belə cəbhəyə can atırdı, işğal olunmuş torpaqlarımızı azad görmək istəyirdi… Bizim üçün Əhmədsiz çox çətindir, amam bircə təsəllimiz Qarabağın azad olunmasıdır. Vətən sağ olsun…

Şəhid Əhməd Əhmədli Poladtoğay kənd qəbristanlığında dəfn olunmuşdur.  Ruhu şad olsun, qisas qiyamətə qalmadı…

…Cismindən şirə çəkib,

Çiçəkləyər torpağın.

Altında döşəyindi,

Üstündəsə yorğanın!..

Şahnaz ŞAHİN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

apkcell.net

Share: