Tanrının pıçıltılarını eşidən xanım

Bəli, poeziya Tanrının pıçıltılarıdır. Və bu pıçıltıları yalnız Allahın şair təyin etdiyi bəndələri eşidib, sözə çevirməyi bacarırlar. Kimin söylədiyini unutmuşam, deyib ki,- “Şairlər peyğəmbərlərdən sonra, Allahın yer üzündəki elçiləridir”…

Poeziya öz qüdrəti ilə insanı düşündürə, kövrəldə, güldürə və hətta mübarizəyə səsləyə bilir. Poeziyanı duymaq, onu hiss etmək zövqün səviyyəsindən çox asılıdır…
Sevindirici haldır ki, yaratdıqları poeziya nümunələri ilə oxucuların rəğbətini qazanan xanım şairlərimiz az deyil. Bu gün mən sizə onlardan biri- Aysel Xanlarqızı Səfərli haqqında söhbət açmaq istəyirəm. Amma əvvəlcə onun ömür yoluna işıq tutaq. Axı Allahdan başqa hər kəsin öz tərcümeyi-halı var:
Aysel xanım zəngin təbiəti olan Lənkəranda dünyaya gəlib. Orta məktəbdə oxuya-oxuya yeddi il Lənkəran 1 saylı musiqi məktəbində fortepianodan dərs alıb. Sonra Lənkəran Dövlət Universitetində ali təhsilə yiyələnib. Oranı həm filoloq, həm də tibb bacısı kimi başa vurub. Bir müddət orta məktəbdə müəllimlik edib. 2008-ci ildə ailəsi ilə İspaniyanın Kantabria vilayətinin Santander şəhərinə gedərək, 2012-ci ilədək orada məktəblərdən birində işləyib. 2014-2017-ci illərdə isə “Yeni yaşam” psixoloji mərkəzə rəhbərlik edib. 2017-ci ildən “Medical House” tibb mərkəzində çalışır. Həm də Müstəqil. Az saytının redaktorudur.
Ömür-gün yoldaşı Səfa Rəşid ixtisasca tarixçidir. Bədii yaradıcılıqla da məşğul olur. Dövri mətbuatda tez-tez şeirləri ilə çıxış edir. İki övladı vardır. Qızı Aytel xanım 18, oğlu Yunis isə 15 yaşındadırlar…
Aysel xanım çox səmimidir, uşaq kimi kövrələ bilir. Duyğusal, romantikdir. Xəyallara dalmağı, göylərin dərinliklərinə baxmağı, dənizi çox sevir. İnsanlarla ünsiyyətdə olmaqdan zövq alır. Fəaldır, bir yerdə dayanmağı xoşlamır. İctimai işlərə meyillidir. Maraqlı həmsöhbət, səbirli dinləyicidir…
Deyir ki,- “Ən böyük dərdim Qarabağ dərdi idi. Azad olunandan sonra çox xoşbəxtəm. Kaş ki, bütün Qarabağı gəzib-dolansaydım…”
İndiyədək beş şeirlər kitabı işıq üzü görüb. Onların dördü- “Bir dünya var”, “Yoxluğunun cazibə qüvvəsi”, “Karantin boşluğu”, “Darıxan şeirlər” Azərbaycanda, “Hardasan dostum?” İran İslam Respublikasının Təbriz şəhərində fars əlifbası ilə dərc olunub. Azərbaycan Yazıçılar Birliyi və İraq Türkmən Yazarlar Birliyinin üzvüdür…
Asudə vaxtlarında pianoda musiqi ifa etməkdən zövq alır. Dünya yazarlarının bədii əsərlərini mütaliə etməyi xoşlayır. Ara-sıra idmanın qaçış növü ilə də məşğul olur.
Bir sözlə, bu xanım Tanrının pıçıltılarını eşidə, onları SÖZə çevirə bilir. Şairlərin yaradıcılığına isə ən böyük dəyəri əlahəzrət Zaman verir.
Zaman üzünüzə gülsun, Aysel xanım!..
Elman Eldaroğlu
Share: