Tanıya bildiyim Siracəddin Hacı…

Azərbaycanda ictimai-siyasi proseləri dərindən bildiyi üçün ölkədəki vəziyyəti aşağıdakı kimi təhlil edir:- “Deyirlər ki, əsas məsələ radikalizmdir, doğru deyil, radikalizm nəticədir, əsas sıxıntı cəhalətdir, radikalizm cəhalətin övladıdır, səbəb yox olmasa, nəticə yox olmaz, haraya getsəniz, qaçsanız, qarşınıza çıxar, sizi həlak edər.

Harada ağıla, əməyə dəyər verilməsə, orada elm olmaz, elm olmasa, cəhalət at oynadar. Cəhalət varsa, köləlik, sürü, siyasi, iqtisadi, mədəni, dini istismar da var. Köləliyin qalmasını istəyənlər cəhalətin dostlarıdır, əsla cəhalətlə savaşmazlar, ağıla, elmə, təhsilə, alimə önəm verməzlər. QURANİ-KƏRİMİN öyrənilməsinə qarşı çıxarlar, onun yerinə nağıl, mənqibə, mif, əfsanə, uydurma qoyar, tarixi din kimi millətə sırıyarlar, yoxsa siyasi, dini ticarətin qazancları əldən gedər. İbn Sina deyirdi ki, elm təqdir görmədiyi yerdən qaçar;- ağıl, qəlb, vicdan, iradə, elm, təhsil dirilməsə, cəhalət ölməz, köləlik yox olmaz, istismar bitməz. ALLAHIN buyurduğu kimidir: haqq gəlməsə, batil getməz…”
Düşüncələri məntiqə söykəndiyindən təhlilləri də məntiqlidir. Yaşadığı cəmiyyətdəki problemlər onun qəlbini göynədir, narahat edir və bir alim kimi biganə qala bilmir. İnsanları maarifləndirməyə, düz yola səsləməyə tələsir. Mövzu qıtlığı yaşamır, ailə-məişət münasibətləri, din, təhsil, siyasət və s. sahələr haqqında gözəl fikirləri var.
Deyir ki;- “insan olmağın şükrü Allaha təslimiyyətdir;
– övladın şükrü gözəl tərbiyədir;
– sərvətin şükrü paylaşmaqdır;
– hakimiyyətin şükrü ədalətdir;
– qəlbin şükrü imandır;
– vicdanın şükrü mərhəmətdir;
– elmin şükrü öyrətməkdir;
– ruzinin şükrü halal və təmiz olmasıdır;
– sözün şükrü həqiqəti yazmaq, deməkdir;
– istedadın şükrü xeyri çoxaltmaqdır;
– Qurani-Kərimin şükrü Onun buyurduğu kimi yaşamaqdır…”
Haqqında söhbət açdığım Siraceddin Haci 1963-cü ildə Füzuli rayonunun Mahmudlu kəndində dünyaya gəlib. Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosentidir…
Son vaxtlar “Facebook” sosial şəbəkəsindəki səhifəsindən əsasən dini mövzulardan bəhs edir. İslamı cəmiyyətə olduğu kimi çatdırmağa səy göstərir. Cahilliyə, mövhumata nifrət edir. Alimlik dissertasiyasının mövzusu “Məhəmməd Füzuli yaradıcılığı və türk ədəbiyyatşünaslığı” olsa da yaradıcılığında Nizami Gəncəvinin əsərlərinin təhlili daha çox yer alıb:
“Bizim Nizamini anmağa deyil, anlamağa ehtiyacımız var. Kimliyimizi, dəyərlərimizi tanımaq, inkişaf etmək, azad olmaq, ədalətli cəmiyyət qurmaq, dünya mədəniyyətinin öncüllərinin sırasında yer tutmaq istəyiriksə, Nizami irsini dərindən öyrənməli, dəyərlərini günümüzə daşımalıyıq. Bu böyük işi gerçəkləşdirmək üçün də bir sıra şərtlərə ehtiyac var: birincisi, Azərbaycan mədəniyyətinin, o sıradan Nizaminin islami kimliyi qəbul olunmalı, Nizami bağlı olduğu dəyərlər əsasında öyrənilməlidir. İkincisi, Nizami irsi yenidən tərcümə olunmalı, bədii və sətri tərcüməsi hazırlanmalıdır. Üçüncüsü, bu böyük işi gerçəkləşdirmək üçün ayrı-ayrı elm sahələrinin mütəxəssislərindən ibarət elmi heyət formalaşdırılmalıdır. Dördüncüsü, Nizaminin hər misrasına şərhlər yazılmalı, onun irsi ilə bağlı ciddi elmi işlər ortaya qoyulmalıdır. Beşincisi, Nizaminin təbliğ etdiyi dəyərlər həyatımıza daşınmalıdır…”- söyləyir.
Ümumiyyətlə “sehirli qutuda”, sosial platformalarda rast gəldiyim söhbət və yazılarında onun nə qədər parlaq düşüncəli, sözün düzünü deməyi bacaran, maarifpərvər bir alim olduğu aydın olur…
Bu il onun üçün yubiley ilidir. Mart ayında 60 yaşını qeyd edib. Gec də olsa onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Elman Eldaroğlu
Share: