Tanınmış şair Sahil Babayevə şeir yazdı – ”Dərdimi nəzmə çəkib sizə məktub yazıram…”

TİBBİ SOSİAL EKSPERT KOMİSSİYASINA AÇIQ MƏKTUB
SURƏTİ:ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ SAHİL BABAYEVƏ
SURƏTİ:MEDİA NÜMAYƏNDƏLƏRİNƏ(Çap edə bilərsiniz)

Salam, a təbibbaşı,
a həkimbaşı, salam.
Dağların qarı, buzu,
daşların daşı, salam.

Boynum haqqa əyili,
Asın, kəsin, hazıram.
Dərdimi nəzmə çəkib
sizə məktub yazıram.

Borcum olsa da, Tanrı
almamış canı məndən;
Haqsız-haqsız alırsız
haqqım olanı məndən.

Yaş altmışdan yuxarı,
İrəlimi, gerimi?
Əllərim tutmaz olub,
Ayaqlarım yerimir.

Baxın, bu qanda təzyiq,
Bu da ki, qanda şəkər.
Görün, tutar qoyubmu
ürəkdə, canda şəkər?

Üzüm abır örtülü,
Hər namərd üzü görmür.
Nə yaxşı zəifləyib
gözlərim sizi görmür.

Bu adım, bu ünvanım,
Bu ev, bu da ki, qapı…
Axtarın, bu bədəndə
haram ağrımır, tapın…

Kəmaləddin Qədim

Müstəqil.az

 

 

Share: