Tanımadığı adamları ölümdən xilas etdi, qadınlar ona görə piket keçirdi

Bu gün Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür.

Şahmar Ələkbərovun çəkildiyi ilk film “Dağlarda döyüş”dür.

“Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” – ümumilikdə otuza yaxın filmdə irili-xırdalı rolları ifa edib. Aktyor bir çox ekran əsərinin dublyajında da iştirak edib, bənzərsiz səsi ilə məşhur kino qəhrəmanlarını tamaşaçılara sevdirib.

Rejissorluq sahəsində də özünü sınayan Şahmar Ələkbərov rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib, “Sahilsiz gecə”, “Qəzəlxan” bədii filmlərini çəkib, “Yük” bədii filminin ssenarisini yazıb
.

Kulis.az görkəmli aktyorun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Şahmar Ələkbərov Gəncədə anadan olub. Atası Zülfüqar kişi Cəbrayıldan, anası İzulət xanım Tiflisdəndir. Onun 9 yaşı olanda ailəsi Bakıya köçür.

Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülür. Bir il sonra Adil İsgəndərov оnu kinostudiyanın nəzdində yaratdığı “Kinо aktyоrluğu” studiyasına dəvət edir.

Həyat yoldaşı teatrşünas Kəmalə xanımla teatrda tanış olublar. O, Şahmarın iştirak etdiyi bütün tamaşalara baxırmış. Kəmalə xanımın valideynləri əvvəlcə qızlarının aktyorla ailə qurmasına razı olmurlar. Dörd ildən sonra Şahmar yenidən elçi göndərir. Kəmalə xanımın əslən şuşalı olan nənəsi elçi göndərən oğlanın da qarabağlı olduğunu biləndə, nəvəsinin “hə”-sini verir. Bu evlilikdən onların əkiz qız övladları doğulur.

***

1989-cu ildə Elçinin “Toyuğun diri qalması” povesti əsasında ssenarisini yazdığı “Sahilsiz gecə” filmini çəkir. Film ciddi münaqişələrə səbəb oldu. Əsas səbəb müharibə dövründəki qadınlarla bağlı bəzi məqamlar idi. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirdilər. “Azərbaycan qadınının keşiyində duran”lar Şahmar Ələkbərovun ekran işini “daş-qalaq etdilər”. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olundu.

Həmin filmdə erməni Roza rolunun ifaçısı, Xalq artisti Nuriyyə Əhmədova müsahibələrinin birində deyir:

“Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət var, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışıb etiraz edirlərmiş. Sonradan məlum oldu ki, bu piketdə kinostudiyada işləyən ermənilərin əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı.”

Filmin sonrakı taleyi Şahmara çox pis təsir edir…

Tanıyanların dediyinə görə, ailəcanlı adam olub. Əkiz qızlarını həddindən çox sevib. Onların toylarını bir gündə edib.


Şahmar Ələkəbərov yaşının ən gözəl, yaradıcılığının ən məhsuldar vaxtında xəstələnir. Düz yeddi il əzab-əziyyət davam edir. Hər şey “Firəngiz” filmindən sonra başlayır. Daha doğrusu, aktyor filmin çəkilişindən əvvəl stomatoloqa gedir və dili zədələnir. Filmin çəkilişlərində soyuqladığı üçün dilindəki zədə xoraya çevrilir. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözür. Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq vermir. 1992-ci ilin qışında onu Hamburqa aparırlar. Ona vəziyyətin ciddiliyi barədə heç nə deyilməsə də, ailəsinə bu xəstəlik qarşısında tibbin gücsüz olduğu bildirilir. Ailə üzvləri Şahmarı yenidən Bakıya gətirib xəstəxanaya yerləşdirirlər ki, əlacsız olduqlarını başa düşməsin.

Ömrünün son illərində meyxanaya marağı yaranır. Hətta meyxana teatrı da yaratmaq istəyir.

***

Kinoda daha çox müsbət rollar ifa edib. Yeganə mənfi rolu “Atları yəhərləyin” filmindəki İbrahimdir. Amma kinoda da onun potensialından tam istifadə olunmadı. Məsələn, “Ad günü” filmində baş rola dəvət olunmuşdu, sınaq çəkilişlərində də iştirak etmişdi, amma nədənsə, Əli obrazı gürcü aktyoruna qismət oldu.

Şahmar Ələkbərov kinostudiyanın yaxınlığında yaşayırdı. “20 Yanvar” hadisələri vaxtı xəstə ola-ola onlarla insana qapısını açmış, onları ölümdən xilas etmişdi.

***

1990-cı ildə, öz ssenarisi əsasında “Qəzəlxan”ı çəkməyə başlayır. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət edir.

Nəhayət, 1991-ci ildə film ekranlara çıxır. Əliağa Vahid haqqında film çəkmək onun çoxdankı arzusu idi.

Görkəmli kino xadimi, Xalq artisti Şahmar Ələkbərov 12 avqust 1992-ci ildə 48 yaşında dil xərçəngindən vəfat etdi.

Share: