Tərlan Əhmədov: “İdmanla bağlı Rusiyaya qoyulan qadağalar düzgün deyil”

Hər nə qədər “İdman siyasətə qarışmır” desək də, neçə illərdir bunun əksini görürük. Yəni təkcə Rusiya – Ukrayna müharibəsində deyil, həmişə belə xoşagəlməz savaşlardan idmançılar da əziyyət çəkib. Bu üzdən onlar da zaman-zaman müharibəyə münasibətlərini bildirməkdən çəkinmirlər. Azərbaycanın da vaxtilə Ukraynada çıxış etmiş futbolçuları olub. Onlardan bir neçəsinin fikirlərini də öyrəndik.

Təcrübəli veteran futbolçular Qaynarinfo-ya açıqlamalarında bunları deyib:
Mahmud Qurbanov:
“Doğrudan da, Ukrayna kimi gözəl bir yerin, xalqın torpağında müharibə getməsi çox pis haldır. Mən Krımda, Simferopolda oynamışam. Krım da bir neçə ildir Rusiyanın ərazisinə birləşdirilib. Ukraynadan ancaq xoş xatirələrim qalıb. İnsanları yaxşıdır, şəhərləri, qəsəbələri çox gözəldir. Düşünürəm ki, azərbaycanlılar üçün ən rahat ölkələrdəndir. Əfsuslar olsun ki, bu gün onların torpağında müharibə gedir. İki slavyan, həm dinləri, həm dilləri bir-birinə yaxın olan ölkə müharibə edir. İnsanlar ölür, uşaqlar ölür, şəhərlər dağılır. Müharibənin özü çox pisdir. Bizim ölkəmiz, xalqımız da müharibədən keçirb. Nə olduğunu bilirik. Burada yaxşı bir şey yoxdur.
Orada oynadığım dönəmlərdə tanışlarımız vardı. Ukraynada yaşayan azərbaycanlılar idi. Əlbəttə, belə bir ölkənin dağılması çox pisdir. Bilmirəm, bunun sonu necə olacaq.
Deməzdim ki, idman siyasətə qarışmır. Özümüz də şahidiyik, çoxdandır idmana siyasət də qarışıb. Rusiyaya tətbiq olunan sanksiyalar bəlkə də müharibəni dayandırmaq üçün atılan addımlardır. Bütün yarışlardan uzaqlaşdırırlar ki, bəlkə müharibə bitsin”.
Tərlan Əhmədov: 
“Həm Rusiyada, həm də Ukraynada futbol oynamışam. Ümumiyyətlə, istəmərəm ki, müharibə olsun. Çünki hər zaman zərbə sivil insanlara dəyir. Körpələr, yaşlılar ölür. Çox ağrı-acılı həyatdır. Həyat hekayələri yarmçıq, körpələr atasız, qadınlar başsız qalır. Biz 30 il bunu yaşamışıq. Bəlkə də bir insanın nəslini itirməsinin, bir ailənin yer üzündən silinməsinin şahidi olmuşuq. Xocalı soyqırımını götürək. Azərbaycan torpaqları zəbt olunmuşdu. Müharibəni nəinki Rusiya və Ukraynaya, heç düşmənimə də arzu etmərəm.
Orada birlikdə oynadığım futbolçulardan Vasili Saçkov var. Hazırda ailəsi ilə birlikdə Lutskdadır. Öz torpaqlarını, vətənlərini qorumaq istəyirlər. Həyat bizə xatirələr yaşadır. Hər zaman xoş günləri yada salırıq, nostalji hisslər yaşayırıq. Rusiyada, Ukraynada qısa müddət yaşayıb futbol oynamışam. Deyim ki, Ukraynada bizə olan sevgi, hörmət, rəğbət daha çoxdur, nəinki başqa ölkələrdə. Saçkovdan soruşdum ki, bəlkə ailəni göndərəsən Azərbaycanda bir neçə gün qalsınlar? Razılaşmadı. Qızlarının da yaynında olduğunu dedi. Top da yumrudur, dünya da. Hər ikisi milyardlarla insanı birləşdirir. İnsanlar futbolu sevirlər. Hansısa oyunda bəzən iki millətin nümayəndəsi arasında dostluq yaranır. Çalışıram ki, o rəğbəti bizə yaşadanlarla əlaqə saxlayıb, maraqlanaq. Kamal Quliyev, Samir Əliyev, Fərrux İsmayılov və mən birlikdə idik. Kamalla Samir bizdən öncə ora getmişdilər. Şəhərin qubernatoru onların sağlığına tost deyirdi. Komandada demək olar ən yaşlı mən idim. Hər bir hadisədə birinci mənim məsləhətimdən, fikirlərimdən sonra addım atırdılar. Azərbaycanlı olduğuma baxmayaraq, yaşıma görə üstünlük verirdilər. İstər-istəməz onlara rəğbətimizi göstərməli, yanlarında olduğumuzu bildirməliyik.
Eşidirəm ki, Rusiyaya idmanla bağlı sanksiyalar tətbiq olunur. Aşağı təbəqənin insanları müharibədən daha çox əziyyət çəkir. Əvvəl deyirdilər ki, futbol, güləş oyundur. Artıq idmandan əsər əlamət qalmayıb. Demək olar ki, idman siyasətin ilk sıralarda gedən bir növünə çevrilib. Baxın, 30 il ermənilər tətəfindən torpaqlarımız işğalda qaldı. Amma sanksiya onlara deyil, bizə verildi. Öz torpağımızda futbol oynaya bilmirdik. Sağ olsun, ulu öndərimiz tərəfindən təhlükəsizlik təminatı veriləndən, hadisələrin Azərbaycana qarşı olduğunu dünyaya sübut edəndən sonra bizə 1996-cı ildən etibarən icazə verildi. İki dövlət arasında müharibə varsa, niyə bundan idmançılar zərər görməlidir, kənarda qalmalıdır? İdman siyasətə qarışmamalıdır. Çünki idmançıların heç biri nə hərbçi, nə siyasətçi, nə də terrorçudurlar. Söhbət təkcə futboldan deyil, ümumi idmandan gedir. Bəzən ədalətsiz qərarlar qəbul olunur. Müharibədə körpə balalarımız öldü, ermənilər sivil insanlarımızı qırdı. Bütün dünya və Avropa ölkələri buna biganə qaldı, amma məsələn, Nurlan İbrahimovun bir kəlmə yazısına görə onu futboldan kənarlaşdırdılar. Avropa “azadlıq”, “demokratiya” deyirsə, niyə belə addımlar atır. Ayrıseçkilik edirlərsə, azadlıqdan danışmaları düzgün deyil. Düşünürəm ki, UEFA, FİFA tərəfindən, ümumiyyətlə, idmanla bağlı Rusiyaya qoyulan qadağalar düzgün deyil. Bəli komandalar Rusiyada oynamasın. Amma başqa adla, neytral meydanda çıxış etsinlər. İdmançılara böyük zərbə dəyir. Mən müharibəni pisləyirəm. Müharibədə qazanan tərəf olmur. İtkilər, başsız qalmış ailələr bəşəriyyətin məğlubiyyəti deməkdir.
Politoloq deyiləm, ümid edirəm ki, qısa müddətdə müharibə bitsin, ortalıq sakitləşsin. Hər kəs öz adət-ənənəsi və konstitusiyası ilə yaşasın. Hər şey sülh yolu ilə bitsin. Hər bir hərbçinin ailəsi var. Hamısı insanın qəlbini yandırır. Nəyi bölə bilmirik? Heç kim onsuz da bu dünyanı tutub yaşamayacaq. Kimisi xəstəliklə, kimisi qəza ilə ölür. Dünya malına o qədər hərisik ki, hər şeyin üstündə müharibə edirik. Makedoniyalı İsgəndər dünyanın yarısını işğal etmişdi, amma gözü doymadan, əli açıq getdi. O cümlədən Teymurləng, Atilla… Heç biri dünyada qalmadı. Amma nə qədər insanlar başsız qaldı, öldü. Nə olacağını zaman göstərəcək. Çox sevinirəm ki, dövlət başçısının sayəsində bu gün ölkədə əmin-amanlıqdır. Təhlükəsiz yaşayırıq. Hər halda arzu edərdim ki, bütün dünyada əmin-amanlıq, ailələrdə xoşbəxtlik olsun”.
Səbuhi Həsənov
Share: