Təranə MUSAYEVAdan   Psixoloji əhval yazısı

 

 

“İnsanlar qədərlərini özləri yazır” – deyirlər. Elin dilində həmişə səslənən fikirlər  zamanın sınağından keçmiş fikirlər olur. Demək ki bu fikir də doğrudu. Bununla tam razılaşmasam da həyatımın bəzi məqamlarında razılaşmalı oluram.

Bu çox güman ki mənsub olduğum ailənin tərbiyəsindən irəli gəlib. Mən və məndən kiçik iki qardaşım qonaq gələndə gözdən-könüldən uzaq yerə çəkilərdik. Yalnız ən yaxın qohumlarımız gələndə, onlar bizi görmək istəsəydilər yanlarına gəlmək şərəfinə nail olardıq. Təkcə ana nənəm ailədəki bu üsul-tərbiyəyə etiraz edərdi, o da sakit, lakin atamın eşidəcəyi səslə anama söyləyərdi. Çi fayda?! Beləcə, utana-utana, sıxıla-sıxıla, gözlərdən gizlənə-gizlənə böyüdük, məktəbə yollandıq və həyatın amansızlığını, sırtıqlığın, həyasızlığın, arsızlığın heç də pis xüsusiyyət olmadığını gözlərimizlə görə-görə məktəbi də bitirdik. Çünki bildiyim dərsdə belə əlimi qaldırmağa utandım. Utancaqlığım sözlərin arasında sözümün olmamasına, beləcə insanların arasında özümün görünməməyimə gətirib çıxardı. Əslində danışmağa sözüm, görünməyə fiziki görüntüm vardı. Lakin bunlar çoxluq – kütlə arasında görünməyim üçün, insanların məni görməsi üçün kifayət deyildi. Fərdlərlə daha yaxşı anlaşdım, fərd məni gördü, dinlədi, anladı, sevdi. Lakin fərd cəmiyyətə qarışanda görünməz, bilinməz oldum. Zamanla sözü, özü, şəxsiyyəti olmayanların ictimaiyyət arasında daha çox canfəşanlıq etdiyini, səslərinin daha gur çıxdığını gördüm, səsimi qaldırmaq, hayqırmaq, qışqırmaq – “mən də varam” – demək istədim, səsim çıxmadı. Çünki uşaqlıqdan təlqin olunmuş – “etmə”, “dəymə”, “görünmə”, “danışma” qadağaları qanıma işləmiş, məni “etməyə”, “dəyməyə”, “görünməyə”, “danışmağa” qoymurdu.

İctimai yerlərdən az görünür, yalnız onlara lazım olan zamanlarda insanlarla ünsiyyətə girirdim. “Artıq olmaq” fobiasının məni geridə qoyduğunun fərqindəydim. Amma nə etməli? İnsanlar da bilərəkdən, bilməyərəkdən xarakterimə uyğun addımlar atmağa başladılar. Adam arasında məni tanıdığını bildirməyən, bəzən dilucu salam verən, bəzən məni görməzdən gələn insanlar dərdləri olanda məni arayıb kimsəyə deyə bilmədiklərini danışmağa başladılar. İşlədiyim müəssisəyə yolları düşən, kitabları çap olunan, qazetlərdə boy göstərən şeirlərini göstərib gizlicə – “ən gözəl şeirimi sənə yazmışam” – uydurmalarına inandığıma inandıqlarına heyrət edirdim – deyənlər tədbirlərdə, yığıncaqlarda, təqdimatlarda məni “görməz”dilər. Gizləndiyim yerdən görünsəm belə söz deyə, fikir söyləyə biləcəyim ağıllarına gəlməkdən çox işlərinə yaramırdı, desəm daha doğru olar. Bütün bunların fərqindəydim, amma yenə onlara lazım olanda, dərdləşməyə adam axtaranda dərddaşları olurdum. Kimisi ailəsindən, kimisi sevdiyi insandan, kimisi dolanışığının kasadlığından gileylənir, necə deyərlər dərd-sərlərini üstümə tökür, yüngülləşib gedirdilər, mən isə günlərlə onların dərdləri ilə boğuşur, düşdükləri vəziyyətdən çıxış yolu axtarırdım. İnsanlar arasında isə yenə gölgədə qalırdım. Çalışdığım yerin bilgisayar işlərindən tutmuş xadiməliyinə qədər çiyinlərimdə idi və bu işləri həvəslə görürdüm. Lakın heç bir zaman gördüyüm işlər – yazdığım yazılar, etdiyim çevrilər, sildiyim masalar, şüşələr, döşəmələr təqdir olunmaz, başqaları ilə müqayisədə hər zaman aşağılarda qalırdım. Utana-utana Yazıçılar Birliyinə üzvlük üçün müraciət edəndə kimsəyə bildirməmişdim. Zatən kiminsə mənə yol-iz göstərəcəyinə ümidim yox idi. Daha sonralar bunu utancaqlığımdan etsəm belə gizli saxlamağımın doğru addım olduğunu anladım. Məni görməzdən gələn insanlar hətta mənim yolumu bağlaya  bilərdilər. Bütün bu məsələlərdə günahımın biri də insanları boş yerə tərif edə bilməməyim idi desəm, yanılmaram. Yadımdadı, bir dəfə özündən çox razı bir şair məndən şeirlərinə münasibət bildirməyimi istəyəndə mən onun bir şeirini deyib, buna qədər yazılmış və yazılacaq yeganə şeir olduğunu söyləyəndə şairin məndən “sındığını” hiss etdim.  Elə o gün-bu gün o şairin qəzəbinə gəldim. Nə etməli olduğumu hələ də anlamıram. Keçən illər mənim haqlı olduğumu sübut etsə də o şair özünü nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl şairi hesab edir. Şeirin nə olduğunu bilməyənlər şeir yazdılar, şeiri satın alıb “yazdıqları” şeirlərlə təqdimatlar keçirdilər, mükafatlar aldılar. O tədbirlərə qatıla, əl çala, saxta təbəssümə bürünüb təqdimatlarında yuxarı başda oturub söz söyləyə bilmədim. Beləcə hər kəsdən uzaq qaldım, kimsənin diqqətini, nəzərini cəlb edə bilmədim. İnsanlar məni görməzlikdən, yazdıqlarımı oxumamazlıqdan gəldilər. Yalnız bir nümunə çəkim – belə ki, bu yaxınlarda səs-küy yaratmış bir məsələ – Sabunçu rayonunun Sabunçu qəsəbəsində bir küçənin hələ də “26 Bakı Kommissarı” adını daşıdığını, hətta lövhələrin təzələndiyini 2013-cü ildə dəfələrlə sosial şəbəkədən-Facebookdan car çəksəm də kimsənin diqqətini cəlb etməmişdi. İnsanların yazdığım kiçik həcmli şeirlərə münasibəti təklikdə yaxşı olsa da ümumilikdə görünmədi. Azərbaycan dilinin ən sadə qaydalarını bilməyən “İstanbul”u, “İstambul”, “doğrudan”ı, “doğurdan” kimi yazanlar, da, də şəkilçilərinin işlənmə qaydalarını bilməyənlər, cümlədə vergülün yerini bilməyən arxalılar yuxarı başda əyləşib “aşağılarda” qərar tutanlara ədəbiyyatdan danışanda ədəbimdən utanıb gizlənməyə yer axtardım.

Həmən-həmən Türkiyə Cumhuriyyətinin bütün bölgələrində yaşayan çağdaş yazarlardan tutmuş Türk ədəbiyyatının klassiklərinə qədər etdiyim saysız-hesabsız uyğunlaşdırmalarım görünmədi, başqalarının etdiyi iki şeir dillərə dastan oldu. Çünki mən böyük yazarlara uzaqdan baxdım. İşimi aşırmaq üçün onlara yaxınlaşmadım, yanlarında yamaq kimi dayanıb şəkil çəkdirmədim. Sevdiyim yazarlara uzaqdan – heyran-heyran tamaşa etdim. BSU Yaradıcılıq fakultəsində ən sevdiyim yazarım olan Kamal Abdulladan kənarda oturub mühazirələrini dinlədim. Tıxacda yanımdan astaca keçən  Vaqif Səmədoğluna salam verərkən məni maşına dəvət etsə də yaxınlaşmadım, halbuki Xavər xanımın Dərbəndli nənəmlə qohumluğunu bilirdim. Bəlkə xatirələrə bürünmək Vaqif müəllimə də xoş gələcəkdi…

Şəhidlərin anım günləri gerçəkləşdi, Şəhid bacısı kimi birinə dəvət almadım. Şəhidlərə, qazilərə şeirlər həsr olundu, yazılar yazıldı, xatirələr çözələndi, kimsə mənim nə Şəhid, nə Qazi qardaşımla maraqlanmadı. Bu kimi tədbirlərdə belə aidiyyatı olmayan insanlar yer, söz aldı.

Sevdiklərimi ölürcəsinə sevdim, sildiklərimi birdəfəlik sildim…

Beləcə ömür keçdi…  Nə mən dəyişə bildim, nə xarakterim, nə bəxtim-qismətim, nə qədərim…

Görəsən  doğrudanmı insanlar qədərlərini özləri yazırlar?

Mən qədərimi nə ilə yazdım – utancaqlığım yoxsa yalan danışa bilməməyimlə?

 

 

Share: