TƏBİB Lerikdə qəzada xəsarət alanlar barədə — Məlumat yaydı+Yenilənib

Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzası ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

Bu haqda “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

***

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.

Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.


Share: