Səhiyyə fədaisi, epidemioloq-alim Səfiyev Kərim Qafar oğlu – Leyla Məcidova yazır

Səhiyyə fədaisi, epidemioloq-alim Səfiyev Kərim Qafar oğlu – Leyla Məcidova yazır

​“İnsanın insanlığa göstərdiyi ən ali xidmət başqalarının həyatını xilas etmək, əzablarını yüngülləşdirməkdir. Müharibənin ağır sınaqlarında və cəbhə arxası dözülməz illərdə xalqın sağlamlığı uğrunda mübarizə aparan həkimlər əsl adsız qəhrəmanlardır.”

​Azərbaycan tibb elminin və səhiyyə quruculuğunun şanlı salnaməsində elə parlaq simalar var ki, onların göstərdiyi misilsiz fədakarlıqlar illər keçsə də, öz əhəmiyyətini və tarixi dəyərini itirmir. İkinci Dünya müharibəsinin dəhşətli sınaqlar gətirdiyi, arxa cəbhədə aclıq, ehtiyac və xəstəliklərin tüğyan etdiyi bir dövrdə doğma xalqının səhhətini öz canından üstün tutan həkimlərimizdən biri də görkəmli epidemioloq və parasitoloq, tibb elmləri sahəsində silinməz izlər qoymuş Kərim Qafar oğlu Səfiyevdir.
​1938–1953-cü illəri əhatə edən 12 illik fəaliyyəti dövründə doktor Kərim Səfiyev Lənkəran Rayonunda Malyariya Əlehinə Stansiyanın rəhbəri kimi fəaliyyət göstərmiş, cənub bölgəsində tüğyan edən, minlərlə insanın həyatına son qoyan malyariya epidemiyasına dözümlü və sistemli zərbə vurmuşdur. Lənkəran-Astara subregionu öz təbii iqlim şəraitinə rütubətli subtropik iqliminə, bataqlıqlara və zəngin su hövzələrinə görə malyariya törədicilərinin yaranması və kütləvi yayılması üçün dözülməz bir ocaq idi. İkinci Dünya müharibəsi illərində həkim çatışmazlığı, tibbi preparatların qıtlığı və kütləvi yoluxma təhlükəsi fonunda Kərim Səfiyevin çiyinlərinə dahi bir elmi və insani missiya düşürdü.
​Müharibə illərində (1941–1945) bütün ölkədə olduğu kimi, Cənub bölgəsində də adət olunmuş kimyəvi dərman preparatlarının təchizatında kəskin qıtlıq yaşanırdı. Xüsusilə malyariya xəstəliyinin müalicəsində həyati əhəmiyyət kəsb edən xinin və digər əsas preparatlar cəbhəyə yönəldilirdi. Məhz bu ağır və kritik məqamda doktor Kərim Səfiyev öz fitri alim uzaqgörənliyi, təbiətə sevgisi və xalq təbabətinə dərindən bələdliyi sayəsində nadir bir təşəbbüslə çıxış etdi. Hirkan milli meşələrinin və Talış dağlarının zəngin florasının möcüzəsini elmi əsaslarla araşdıran alim-həkim, nəbati təbabəti yüksək elmi səviyyədə tətbiq etməyə başladı. Yerli ağacların, dərman bitkilərinin, endemik otların müalicəvi tərkibini öyrənərək həmin bitkilərdən xüsusi şəfaverici məlhəmlər, dəmləmələr və ekstraktlar hazırladı. Hirkan və Qızılağac meşələrinin bitki örtüyündən əldə etdiyi həlimlər və təbii tərkibli vasitələr sayəsində o, xəstələrin qızdırmasını salır, orqanizmin müqavimətini artırır və tüğyan edən epidemiyanın kütləvi ölüm göstəricilərini kəskin şəkildə aşağı salırdı. Doktor Səfiyevin bu fədakar fəaliyyəti müharibənin tənəzzülə uğratdığı kəndlərdə minlərlə insanın həyatını sözün əsl mənasında xilas etdi. O, yalnız kabinet həkimi deyil, çəkmələrini geyinib bataqlıqları, Hirkan meşələrinin sıx olan yerlərini qarış-qarış gəzən, hər bir kəndlinin evinə şəfa aparan bir ümid işığı idi.

Hirkan meşəsindən yığdı dərmanı,
Bataqlıq içində gəzdi hər yanı.
Elmə fəda etdi şərəfli anı,
Bununla qazandı böyük ad-sanı.

​Malyariya adlı bəlanı sökdü,
Lənkəran elinə nur, işıq tökdü.
Dərdlərin önündə sipər tək durdu,
Xalqının qəlbində bir yuva qurdu.

​Müharibədən sonrakı illərdə (1948–1951) Kərim Səfiyevin rəhbərliyi ilə Lənkəran rayonunda malyariyanın kökünün kəsilməsi istiqamətində analoqu olmayan kompleks malyariya əleyhinə tədbirlər planı həyata keçirildi və tarixi elmi nailiyyətlər qazanıldı. Həmin dövrdə çəltikçiliyin geniş yayıldığı Lənkəran şəraitində malyariyanı tam ləğv etmək nəhəng elmi və təşkilati zəhmət tələb edirdi.
​Doktor Kərim Səfiyev SSRİ-də ilk dəfə olaraq kimyəvi mübarizə vasitəsi olan DDT vasitələri ilə irrigasiya və meliorasiya,bataqlıqların qurudulması işlərinin sintezini elmi şəkildə əsaslandırdı və praktiki tətbiq etdi. İnteqrasiya olunmuş mübarizə üsulunu irəli sürən alim sübut etdi ki, yalnız kimyəvi çiləmə müvəqqəti xarakter daşıyır,əsas məqsəd ağcaqanadların çoxalma ocağı olan bataqlıqların qurudulması, çəltik sahələrində su rejiminin tənzimlənməsi və meliorativ tədbirlərin aparılmasıdır. Bu inteqrasiya olunmuş elmi yanaşma sayəsində 1947–1950-ci illər ərzində Lənkəran rayonunda malyariyaya yoluxma göstəricisi hər 100 min nəfərə 1200 haldan rekord dərəcədə azaldılaraq 80 hala endirildi. Həmçinin doktor Kərim Səfiyev Kür çayı deltasında və Lənkəran kəndlərində Plasmodium vivax törədicisinin ocaqlaşma xəritəsini dəqiqliklə tərtib etdi.
Doktor Kərim ​Səfiyevin bu misilsiz təcrübəsi SSRİ Mərkəzi Səhiyyə Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və onun Lənkəran rayonunda malyariyanın ləğvi təcrübəsinə həsr olunmuş “Опыт ликвидации малярии в Ленкоранском районе Азербайджанской ССР” başlıqlı fundamental tədqiqat əsəri İttifaqın ən mötəbər elmi jurnalı olan “Медицинская паразитология и паразитарные болезни” jurnalında (1951, №3, səh. 45–52) dərc olundu. Bu fundamental məqalə yalnız Azərbaycan səhiyyəsinin deyil, ümumilikdə Sovet epidemiologiya elminin qızıl fonduna daxil olmuşdur. Məhz bu işə görə Rusiya Dövlət Kitabxanasının (РГБ) arxivlərində, eləcə də akademik E.İ.Əliyevin 2016-cı ildə “Журнал микробиологии, эпидемиологии и иммунобиологии” jurnalında (№4, səh. 89–96) dərc olunmuş “Азербайджанда маляриянын ләғв едилмәси ” elmi əsərində Kərim Səfiyevin tədqiqatlarına, onun tərtib etdiyi cədvəllərə və metodoloji prinsiplərə geniş istinadlar edilir. Həmçinin 1978-ci ildə Bakıda nəşr olunmuş “Азербайджан təbabəti tarixinin очеркləri” (2-ci cild) kitabının Lənkəran səhiyyəsinə həsr olunmuş fəslində Kərim Səfiyev cənub bölgəsinin xilaskarı kimi xüsusi hörmətlə qeyd olunur.
​1953-ci ildən sonra doktor Kərim Səfiyev öz zəngin təcrübəsini respublika miqyasında tətbiq etmək üçün Bakıya, Respublika Sanitariya-Epidemiologiya Stansiyasına dəvət edilmiş və fəaliyyətini bütöv Azərbaycan səhiyyəsinin inkişafına həsr etmişdir.
​Böyük həkim və alim irsinə sonsuz ehtiram hissi ilə qeyd etməliyik ki, doktor Kərim Səfiyev yalnız yüksək ixtisaslı həkim və elmi işçi deyil, həm də sonsuz insan sevgisi ilə döyünən, Hippokrat andına son nəfəsinədək sadıq qalan vicdan mücəssəməsi idi. Onun Lənkəran torpağında ehtiyac içində olan insanlara göstərdiyi qayğı, Hirkan meşələrinin şəfalı otlarından hazırladığı məlhəmlərlə minlərlə ailəyə yenidən həyat bəxş etməsi, malyariya kimi amansız bəlanın kökünü kəsməsi Azərbaycan tibb tarixinin ən parlaq səhifələrindən biridir. Məhz belə fədakar alimlərin zəhməti sayəsində bu gün cənub bölgəmiz sağlam, firavan və cənnət misali bir diyardır. Kərim Qafar oğlu Səfiyevin unudulmaz xatirəsi, onun elmə və insanlığa bəxş etdiyi irs gələcək həkim nəsilləri üçün örnək, təbabətimizin isə fəxridir.Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru, dosent,
Tarix diyarşünaslıq muzeyinin direktoru

Share: