Sürüşmə zonasında yeni çatlar əmələ gəldi – Nazirlik

Sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib.

Ərazidə ümumi stabil gərginlik qalmaqdadır.

***

Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var.

İstinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib.

Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.

***

Sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.

Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir.

Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.

***

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən, sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib.

“Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb”, -Qərargahdan bildirilib.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan verilən məlumata görə, Badamdar sürüşmə ərazisində saat 21:00-a olan monitorinqin nəticəsinə əsasən aktivlik dinamikası dəyişməz olaraq qalıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.

 

Share: