Sunca qala-QROZNI

XVI əsrin ortalarına aid sənədlərdə indiki Qroznı şəhərinin yerində olan Sunja (Sunca) qalasının adı çəkilir. Sonrakı ədəbiyyatlarda da təbii olaraq,1818-ci ilə kimi Sunja ~ Sunca işlənir(1,415). 1773-cü ildə S.Peterburqda İ.Novikovun nəşriyyatında çapdan çıxan coğrafiyaya aid bir kitabda isə bu adla bağlı “Terek çayının təsviri” fəslində mükəmməl məlumata rast gəlirik.

Osmanlı dövləti faktorunun burada mövcud olduğu illərə aid mənbələrdə Sunca nəhri üzərində Sunca yaşayış məntəqəsi olduğu göstərilməkdədir. Əslən çərkəz kökənli olan osmanlı dövrü tarixçisi Sadık Bilgədə oxuyuruq: Temruk beyi arzusu üzərinə Küçük Kabardayları Kırım xanı və Qazı Qumuq şamxalından qorumaq məqsədilə Kabarday ərazilərində istehkamlar qurmağa başlayan ruslar 1567-ci ildə Sunc nəhrinin Terekə töküldüyü nöqtədə – Sunca nəhrinin sol qıyısında tüccarların da qonaqlaya biləcəyi və mallarını qoya biləcəkləri Sunca qalasını rusca Sunjenskiy Ostorq inşa etdilər. Qalaya tüfənglə təchiz edilmiş 1000 əsgər yerləşdirildi (3, 53). Bundan düz 250 il sonra həmin yerdə 1818-ci ilin iyunun 10-da (22-də) Xan kala (Xinkal) dərəsinin qarşısında Qroznı adlı qalasının əsası qoyulur. 1818  il Qroznı qalası əsası qoyuldu. Bu fikirdə idilər ki, bununla Sunja və Terek arasında bitib tükənməyən çeçen üsyanları yatacaq, əslində bu onlarla müharibənin başlanğıcı oldu.

Əvvəlcə istilaçı  Rusların Qafqaz torpaqlarında Buynaya, Vnezapnaya kimi vəhşət və qorxu saçan adlar qəbilində Qroznı adlı qalanı Kuban çayı ağzında tikmək və Ross-Qroznaya (Qorxunc Rusiya) adlandırmaq istəmişlər. Lakin Əlahiddə Qafqaz korpusu komandanı A.P.Yermolov qərara aldı ki, qalanı məhz Sunca çayının (sunca “sulu,”) üstündə Xinkal (əsli: Xan kala) dərəsinin qarşısında tikmək lazımdır. Bir neçə əsr boyu bu qala Şimali Qafqzada hər zaman qaynar, təhlükəli nöqtə olmuşdu.

Xüsusən indi Qafqazın bütöv istilası dövründə Yermolovun ehtiyatlandığı yer idi. Hətta qalaya daha sonralar çeçenlər gələrkən və geri qayıdarkən diqqətlə yoxlanılıırdı.  Məhz burada, bu qorxulu dərənin ağzında, əski Sunca qalasının yerində Qroznı qalasını saldırmaq istəyirdi. Qafqazı asıb-kəsməklə ram etməyə nail olan Yermolov bu qalaya çox güvənir, təşəxxüs göstərirdi. Qala hələ tikilib qurtarmamışdı ki, Yermolov həqiqətən bu qalanın gücünə arxalandığını göstərmək üçün məktublarının, təliqə və sərəncamlarının altında çıxış ünvanı olaraq “Qroznı” göstərirdi. Belə məktublardan birini, о İran şahı Fətəli şaha göndərmişdi: Siz əlahəzrətin məktubunu mən möhkəm və yenilməz qala olan Qroznıda aldım (2, 17). Sovet tarixçisi N.A.Smirnov yazırdı ki əgər ruslar vaxtında Terek üstündə möhkəmlənməsəydilər, onda orada qalaları türklər tikmiş olacaqdı. Sunca qalası Qroznı qalasına çevrildikdə daşdan tikilməsə də möhkəm qala sayılırdı. О möhkəm ağaçlardan tikilmiş və torpaq sədlə də bərkidilmişdi.

Qala altı bucaqlı olub hamısı cəbhə açmağa hazır vəziyyətdə idi. Hər biri öz guşəsində ayrıca bir taburu yerləşdirə biləcəkdi. Qalanı əhatə edən xəndək su ilə doldurulmuşdu; qaldırılıb enən körpüsü vardı. Lakin hazırkı qalarını nə möhkəm divarları, nə bürcləri, mağzalları yox, keşikçi, qarovul gücü, nəhayət Yermolovun özünün rəhmsizliyi onu qorxunc (qrozniy) edirdi. Qaladakı əsgərlər başlıcası Dağıstanın özündən təşkil olunmuşdu; onlar vaxtaşırı dağlara, üsyankar ruhlu soydaşlarını ram etməyə göndərilirdi. Ruslar onları öz döyüşkən qardaşlarından fərqləndirir, “mirnıy” (dinc) adlandırırdı. Daha sonralar 1852-də burada hərbi xidmətdə olan yazıçı Tolstoy “Qafqaz Qeydləri”ndə xatırlayırdı: Qalanın xaricində “dinc”də, “nadinc” də eyni dərəcədə təhlükəlidir.

Qalanı canlı qüvvə ilə gücləndirmək lazım idi; 1822-də istefada olan soldatlar hesabına qala məskunlaşdırılır. Qalada ilk küçələr: Alaksendriyskaya, Timmermanovskaya, Arsenalnaya küçələri meydana gəlir.

Yermolov Qafqazdan getdikdən sonar da bu tədbirə önəm verən ruslar yenə də qalanı məskunlaşdırmaqda idiər: 1839-da qala qarnizonu komandanlığı tərəfindən 154 istefada olan soldatlar ailəsi ilə birlikdə qalaya yerləşdirildi.

1850-ci ilə imperiyanı gəzən rus taxt-tacının varisi vəliəhd (gələcək çar II Aleksandr) qalada olmuşdu. Aramsız qanlı döyüşlər qurbanlar tələb edirdi; müharibədə ölən rus əsgərləri qalanın kənarlarındakı hərbi qəbiristanlıqda basdırılırdı. Həmin yer indiki “Dinamo” stadionu ərazisindədir (2, 9).

Çar höküməti üçün ikinci Bakıya” çevrilən Qroznıda 1823-cü ildə ruslar kerosin istehsal edib mərkəzi Rusiya bazarlarına göndərirdilər. İlk neft fontanı isə 1893-cü ildə vurdu. Mahir neft ustaları Bakıdan çağırılmışdı. Müharibələr bitmiş, mübarizə-münaqişə səngimişdi; Qroznı keçmiş Sunca qalası dinc əhali ilə məskunlaşdırılmaqda idi. Hərb qalasından iri yaşayış məntəqəsinə çevrilən Qroznıya şəhər statusu 1870-ci ildə verildi. Bu vaxta qədər olduğu kimi, bundan sonra da Suncaya bağlı yer-yurd adları onun özü kimi ruscalaşdırdı. Amma Mamatkay Yurt, Aldu, Eski Sunja, Alxan kala, Alxan Çirt, Berkat Yurt, Kullar, Eski Ataq, Yarış Mardı ves. kimi sayılı coğrafi ad bu ölkənin təmiz türk tarixcəsininyadigarları olub keçmiş həqiqi məlumatları bu günümüzə bağlayır.

Çarizmin Qafqazın işğalına aramsız səfərbər etdiyi hərbçi qüvvələrin içində Rusiyanın böyük oğulları da var idi. Onlardan Aleksandr Qriboyedov, Mixail Lermontov, Lev Tolstoy, Aleksey Polejayev məhz hərbi xidmətlərini Sunca-Qroznı qalasında aparmışdılar. Bu qələm sahibləri top-tüfəng səsi kəsilməyən, barıt qoxulu Qafqazı özlərinə ilham beşiyi sanmış, bu diyarı həmişə sevgi və hörmətlə vəsf etmişlər.

Minəxanım Təkləli-Nuriyeva
professor

Ədəbiyya

1.İsmail Berkok. Tarihte Kafkasya, İstanbul Matbaası, 1950.

2Город Грозный, ИздательствоГрозный, 1984

3.Sadık Bilge.Osmanlı devleti ve Kafkasya, İstanbul, Eren, 2005

 

Qroznı(Sunca qala) şəhər mərkəzi

 

 

Qroznı`nın alakapısı “Kızıl Qapı”

Qroznı sovet illərində

Qroznıda çar vaxtı məktəb

 

Qroznıda çar zamanı küçə…

Share: