Sumqayıtda 7 saylı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş kitabların təqdimatı oldu

 

30 noyabr tarixində Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən 7 saylı tam orta məktəbdə şairə Esmira Günəşin şəhidlərin əziz xatirəsinə həsr etdiyi kitablarının təqdimatı keçirilib. Tədbirdə kitabda yer alan Sumqayıt şəhidlərinin ailə üzvləri, qazi Səyavuş Məmmədov, 365 qəzetinin redaktor heyyəti, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra şagirdlər şairə Esmira Günəşin “Xarıbülbüllər” kitabından şəhidlərə həsr olunan şeirlərini səsləndirərək, vətənpərvər musiqilər ifa ediblər. Sonda çıxış üçün söz kitabın müəllifinə verilib. Şairə Esmira Günəş məktəbin direktoru Təranə müəlliməyə öz kitablarını hədiyyə edərək, məktəbə özəl yazdığı şeiri səsləndirib. Şəhid analarının və qazinin çıxışından sonra isə tədbirin sonunda məktəbin şagirdləri şəhid ailələrini hədiyyələrlə sevindirərək xatirə şəkilləri çəkdiriblər. Qonaqları öz otağında çay süfrəsinə qonaq edən məktəbin direktoru tədbirdən sonra şəhid ailələrini və qonaqları şəhidlərin adlarını daşıyan sinif otaqları ilə də tanış edib. Sonda məktəbin həyətində şəhidlərimizin xatirəsinə həsr olunmuş abidəni də ziyarət edərək qonaqlar məktəbdən ayrılıblar.
Eşq olsun Azərbaycan xalqının şəhidlərinə hər zaman dəyər verən vətənpərvər nümayəndələrinə.
Şəhidlər ölməz, Vətən bölünməz!

Share: