Sükut- Barmaqlarının ucunda yeriyən qadın

Ələddin ƏZİMLİ

ÜZÜLƏ-ÜZÜLƏ

Mən səni anmaq,
daha yaxından
anlamaq üçün
asta-asta
döydüm qəlbinin qapısını.
Unutdum bir anlıq
ötənlərin,
elə son günlərin də acısını.
Sənsə açmadın
o sirr dolu qapını.
Əksinə,
qapadın üzümə.
Saxladın məni
qəlbinin astanasında
üzülə-üzülə…

YADA SAL

Nədəndir,
sənsiz gecikir
qara buludlara tuş olan
aydın səhərim,
tükənir səbrim.
Ovutmur artıq
acı xəyallar məni.
Əgər bacarsan,
arada bir düşün,
yada sal məni:
körpə uşaq kimi,
Ay kimi,
ulduz kimi,
qaranlıq gecə,
İşıqlı gündüz kimi…

İŞIQ VƏ ÇİÇƏK

Bu işıq
axşam vaxtı
stol üstə bir şam.
Mən onun
yanında dayanmışam.
Kölgəm divarda.
Sönməkdə olan
bu işıq
çırpınır kölgəm qarışıq.

Bu çiçək
yorğun-yorğun açılan
solğun bir səhər.
Çox şeydən,
çox mətləbdən bixəbər.
Noyabrın sonudur,
boylanır budaqdan
bu çiçək
titrək-titrək…

SINIQ ÜMİDLƏR

Əlimi
tutdum Günəşə
dedim ki,
düşməsin gözümə
gur şəfəqləri.
Səni yasxşı görüm,
qoy aydın görüm.
Nədənsə,
olmadı bundan xəbərin.

Mən
daşa söykəndim
yol kənarında.
Keçdin önümdən,
dönüb baxmadın.
Kölgəm
ayağının altında qaldı.
Bir söz eşitmədim
ancaq dilindən.
Sındı ümidlərim
elə o gündən…

SÜKUT

Sükut-
göylərin fəryadı,
Barmaqlarının
ucunda yeriyən qadın.

Sükut –
bir daş parçası.
İçində ağlayan,
içində boğulan
qarışqa nəfəsi.

Sükut-
dodaqların,
dişlərin arxasında
oğrun-oğrun gizlənən dil.
Yaxamdan yapışan,
məni harasa sürükləyən
möhkəm bir əl.
Əgər bacarırsan,
ucadan qışqır,
poz sükutu,
arxamca gəl…

Share: