Süd vannası qəbul edən Xalq şairi

Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür. Kulis.az bu münasibətlə şair haqqında maraqlı əhvalat və faktları təqdim edir.

Polad Bülbüloğlu filarmoniyanın direktoru olanda Hüseyn Ariflə görüş təşkil edir. Afişalar asılır, elanlar verilir, görüşə gözlənilməz sayda adam gəlir. Ancaq Hüseyn Arif gəlmir. Bir-neçə saatlıq axtarışdan sonra məlum olur ki, gecə evində deyilmiş, dostlarına qoşulub Qazaxa gedib. Görüşün aparıcısı gənc Zəlimxan fenomenal yaddaşının hesabına üç saatlıq tərbiri elə aparır, Hüseyn Arifin yoxluğu hiss olunmur.

***

Onun, doğrudan da, fenomenal yaddaşı vardı. Nəinki şeiləri, hətta dastanları, bəzi nəsr və pyes parçalarını əzbər bilirdi. Vəfat edəndə şair Rüstəm Behrudi demişdi: “Azərbaycan şeiri öz yaddaşını itirdi”

***

Zəlimxan Yaqub bir neçə şeirini olduğu kimi Hüseyn Arifin yeni çıxan kitabında görür və dərhal ona zəng vurub iradını bildirir. Hüseyn Arif cavab verir:

– Nə fərqi var, ikimiz də xalq üçün yazırıq!

***

Bu əhvalatın başqa bir versiyasında Hüseyn Arifin cavabı belədir:

– Zərər yoxdur, sən də kitab çıxardanda, mən iki-üç şeir kömək eləyərəm.

Gallery

***

Zəlimxan Yaqub Xalq şairi Hüseyn Arifi çox istəyirmiş. Hər görüşəndə mehribanlıqla qucaqlayıb üzündən öpürmüş. Bir gün öpəndə Hüseyn Ariflə zarafatlaşır:

– Görürsən də, qağa, camaatı gözəl xanımlar öpür, səni də Zəlimxan!

Hüseyn Arif gülür və bu zarafatı sonralar bir qoşmasında əbədiləşdirir. Qoşmanın son misraları belədir:

Nadanın birini dünya gözəli

Hüseyn Arifi Zəlimxan öpür.

***

Zəlimxan Yaqub haqqında lətifələr çox olmasa da özü lətifə danışmağı sevərdi və danışdığı lətifələr arasında açıq-saçıqları da vardı.

***

Zəlimxan Yaqub həm də gənc və imkansız yazarlara inanılmaz dərəcədə qayğı göstərən, onların problemlərinin arxasınca uşaq kimi yüyürən xeyirxah bir insan kimi yaddaşlarda qalıb.

***

Deputat seçiləndə bəziləri onu “Saray şairi” adlandırırdı. Özü isə xatircəm idi: “Mən deputat mandatına daha çox yaxşılıq etmək imkanı kimi baxıram.”

Gallery

***

Zəlimxan müəllim haqqında qısa dastanlar da yaranıb. Onların birində deyilir ki, görkəmli aşıq-şair, hörmətli el ağsaqqalı Mikayıl Azaflı ilə Borçalıya gedibmiş, birdən sevdiyi qızın bulağa getdiyini görür və sazını çıxarıb oxuyur:

Ay bulaq başına tələsən gözəl

Ağlımı başımdan al, yavaş yeri

Tərpənər yerindən dağların mehi

Sürüşər başından şal, yavaş yeri.

Onun gözəl qıza aludə olduğunu görən Mikayıl Azaflı da öz sazını sinəsinə basır:

Gözəllər eşqinə çağlayan şair

Qocanı da yadına sal, yavaş yeri

Qəlbini qəlbimə bağlayan şair

Ay qarasaç, qaldı çal, yavaş yeri!

***

Zəlimxan Yaqub həyətdə ağacları sulayırmış. Qəfil ağaca söykənib xəyala dalır. Bunu görən oğlu yaxınlaşır:

– Ata, sənə nə oldu?

Gülümsünür:

– Oğul, sinəmə yaxşı bir şeir gəlib.

– Nə şeir?

– Get, on dəqiqədən sonra gəl.

On dəqiqədən sonra bu şeiri söyləyir:

Nə vaxta arxalan, nə baxta aldan,

Nə dövran, nə də bir çağ vəfalıymış.

Min-bir daşürəkli dostdan, tanışdan

Bir daşlı, qayalı dağ vəfalıymış.

Nə toxa bel bağla, nə aca söykən,

Nə şaha arxalan, nə taca söykən,

Özün basdırdığın ağaca söykən,

Bağbandan min dəfə bağ vəfalıymış.

Zəlimxan dilində min dürlü dastan,

Gah toydan söz açır, gah da ki, yasdan.

Bahalı köynəkdən, əlvan libasdan

Kəfən etibarlı, ağ vəfalıymış.

***

Gallery

Bir gün Zəlimxan Yaqub gənc yazarları yığıb qonaqlıq verirmiş. Seymur Baycan qəfil şairi tənqid etməyə başlayır. Şair halını pozmadan onu axıracan dinləyir, sonra ayağa qalxıb Seymurun saçından öpür və deyir:

– Ay oğul, görürsən, mən durdum, sənin saçından öpdüm, amma o saçından bir tük yeməyimə düşsəydi, götürüb atardım. Deməyim odur ki, hər şeyin öz yeri, məqamı var. Süfrə üstündəyik.

***

Qohumlarından biri şəhərə döyüşkən xoruz gətiribmiş. Səhər yeməyində Zəlimxanın oğlu deyir ki, o xoruzları verərsən mənə, döyüşdürəcəm. Zəlimxan Yaqubun əsəbi səsi eşidilir:

“Yüz il qala ağlıma gəlməzdi ki, oğlum böyüyüb xoruz döyüşdürən olacaq!”

***

Zəlimxan Yaqubu “Şıxov” çimərliyində görən iki nəfər mübahisə edir; biri deyir, bu, şair ola bilməz, o biri dirəşir ki, özüdür. Uzun mübahisədən sonra gedib soruşmağa qərar verirlər.

– Siz Zəlimxan Yaqubun qardaşısınız? – olmaz deyən adam soruşur.

Zəlimxan Yaqub sakitcə:

– Bəli, – deyir, – qardaşıyam.

Adam qalib əda ilə əlini yuxarı qaldırır:

– Gördün? Zəlimxan Yaqubun “Şıxov”da nə işi var? O indi süd vannası qəbul edir.

***

Xəstələnəndə onlarla adam zəng eləyib deyirmiş ki, böyrək lazımdısa, verməyə hazırıq.

***

Zəlimxan Yaqub məclislərin birində elçiliyə getməyindən danışırmış. Adamlardan biri dərindən ah çəkib, deyir:

– Sizdə ki, bu dil-fel var, o vaxt yaşasaydınız Leylini Məcnuna alardınız, məsələ həll olunardı!

***

Dostlarından biri ona deyir:

– Şair, böyrəyində xəstəlik var, yəqin yazmağı dayandırarsan.

Zəlimxan Yaqub cavab verir:

– Mən şeiri ürəyimlə yazıram, böyrəyimlə yox!

Gallery

***

Yasamalda yaşadığı vaxt hər səhər işə gedəndə bir kəmfürsət yolunun üstündə durub “Zəlimxan müəllim, sabahınız xeyir” deyirmiş. Zəlimxan Yaqubsa cavabında “Axşamınız xeyir” deyirmiş. Bu minvalla söhbət dəfələrlə təkrarlanır. Bir gün adam dilə gəlir:

– Zəlimxan müəllim, mən “sabahınız xeyir” deyirəm, siz “axşamınız xeyir”, niyə?

Cavab:

– Sözün dəyərini bilməyənləri görəndə dünya mənə həmişə zülmət olur.

***

Deyilənə görə, Zəlimxan Yaqubun xanımı evin qayğılarına görə bir balaca xəsislik edirmiş. Şair də əliaçıq! Axşam verdiyi pulu səhər geri ala bilmirmiş. Bir gün qapılarına müalicəvi ot və çiçəklər satan bir qadın gəlir. Zəlimxan müəllimin xanımına deyir:

– Yüzcə manatlıq çiçək alıb, dəmləsən, ürəyin istəyən qədər arıqlayarsan!

Bunu eşidən şair şirin-şirin gülür:

– Ay bacı, sən ondan əllicə manat alsan, öz-özünə arıqlayacaq, ota-çiçəyə ehtiyac olmayacaq!

Share: