İlham QƏHRƏMAN
TƏK
Bir düzün ortasında, bitən
ağac kimi təkəm, telli balam…
Mənim təkliyim yerdə
çəkdiyim ahdan,
Göydə Allahdan gəlir,
telli balam.
Kim bilir başıma
nə gəldi, telli balam?!
Təklər bu dünyada
tək əldi, telli balam.
Sevinc göz yaşında boğulur,
Kədərin çiçəyi çırtdayıb,
kədərim gülüşür,
telli balam.
Bütün qəmli mahnılar
təkliyin səsidi,
qəmli mahnılar sümüyümə düşür,
telli balam!
İtsəm məni necə nişan verərsən,
Necə soraq edərsən, telli balam?!
Heç kimin qəlbinə dəyməyən,
qəlbi ipək adamı,
Ürəyi sözə pətək adamı,
Adamların arasında
tək adamı, necə soraq edərsən,
telli balam?!
Təkəm, telli balam, –
tək səbir kimi,
Şamaxı yolundakı
tək qəbir kimi!
Belə tək olan
tək mənəm,
Bu təkliyimlə
görk mənəm, telli balam!
GÖRK ADAM
Onu tanıyanlar məəttəl qalır –
O necə öyc edir belə zalımnan?!
Deyir yaşamağım görkdü, adamlar –
Pis günə şükr edir mənim halımnan.
İnad əsir etdi özün, təklədi,
Kədər qucaqladı, dərd yedəklədi.
Dünyaya nə gözəl sübut eylədi –
Yaşamaq olarmış ölüm-qalımnan.
İlhamı bilməyən onu nə bilər,
On biri bilməyən onu nə bilər?!
Ömründə bir dəfə dindirmədilər
“Başınadönüm”nən, “qadanalım”nan.
MƏNZƏRƏ JANRINDA
Telli balam, məhəllədə
İtlərin sananan qabırğası
güzəranımızın bəyanı,
Pişiklərin çıxan donqarında
üz qaramız dolanır.
Bilən bilir – məmləkətdə
toxun acdan xəbəri yoxdu.
Gülzada qarıdı cehiz ucundan,
Qasım evlənmir ki, ev yeri yoxdu.
Harda zalımlıq var, telli balam,
orda nə ayparası var,
nə də ki, xaç var.
Su maşınları duran yerdə
susuz quruyan ağac var.
Telli balam, İlahi ədalət
tək Əzrayıl sağolmuşdadı –
heç kəs umsuq olmayacaq,
Şərbətindən hamıya pay düşür.
İlahi ədalət də kimə lazımdı?!
O gələn kimi kəndə vay düşür.
AXİRƏT YÜKÜ
Ölümü düşünəndə ruhuma
doğma olan musiqidən ayrılmağın
qəfil yağışa tutulan adam kimi
kədər yükünə tutuluram.
Sevdiyim, bilirəm deyəcəksən –
-Yenə İlham nağıl açdı,
Sən məni sevirdin amma,
axirət yüküm ağırlaşdı!
ZƏHRA İLƏ SEVGİ SÖHBƏTİ
-Dədə!
-Can dədə!
-Dədə, ana sevgisi nədi?
-Evin altıdı, telli balam!
-Dədə, ata sevgisi nədi?
-Ağacın altıdı, telli balam!
-Dədə, Allah sevgisi nədi?
-Göyün altıdı, telli balam!
GEDƏR
Səyriyir kölgələr şamın altında,
Şam saxlar kölgəni amanatında.
O kimdi dustaqdı damın altında
Xəyalı quş kimi elə hey gedər?!
Nə olsun süfrə var, boş açmaq olmur,
Örtülü sirrləri faş açmaq olmur,
Bu necə dövrandı baş açmaq olmur,
Ayaq altdan torpaq, göydən göy gedər.
Kimsəyə ərk etməz, kimsəyə minnət,
Cəhənnəm cəhənnəm, hardadı cənnət?!
İlham qarğı oldu, dərdləri bənd-bənd,
Öləndə məzara sarı ney gedər.
BİR LOXMA ÇÖRƏK
Alçağın ayağına
təkrar dönməkdi,
Qarşısında öz başını kəsib
boyundan yenməkdi
bir loxma çörək.
Nadan qarşısında
bildiyini udduğundu,
Loxmadan qabaq
o dünyanı daddığındı
bir loxma çörək.
Yaşadığın şəhərin
sənə qurban kimi baxan
təzə körpüləri, dənizidi,
Yatanda gecə yarısı,
duranda dan üzüdü
bir loxma çörək.
Bir iş görəndə
qılıncın ağzında
yeriməyə deyilir,
Yeyiləndə –
Allaha acıq getməsin –
zəhər kimi yeyilir
bir loxma çörək.
Müxənnət ölkəsidir,
gözünün kölgəsidir
bir loxma çörək.
TƏNHA QADININ ÜRƏYİNDƏKİLƏR
(ünvanlı)
Allahın altında o olaydı, telli balam,-
gecələr təklikdən üstümə yeriyən
daş-divar yerində duraydı!
Elə bilərdim o şahdı,
bu evim də saraydı!
Nə istəsə, nə desə, baş üstə!
Hər istəyinə müntəzir durardım,
Qıymazdım əyilə –
Çəkmələrinin ilgəyini də vurardım.
Paltarım da təklik çəkir, –
paltarımı paltarının yanından asardım,
ayaqqabılarımızı bir yerdə cütləyərdim,
O olsaydı, telli balam, nə dərdim?!
O olsaydı, telli balam,
Əl saxlamaz – dayanmazdım,
od üstündə qazan kimi qaynayardım.
Qırıq düyməsini tikmək bəhanə olardı,
eləcə paltarıynan oynayardım.
O qədər ağlamışam təkliyimə
ta gözümdən yaş çıxmır,
Elə bilirlər yanımlığım yoxdu.
Hər şey var, telli balam,
xanımlığım yoxdu.
Əhdim vardı,
Gecə bir şam yandırıb
qol-boyun rəqs edərdim.
Hərdən lal dilinən bir öpüşlə
sevgidən bəhs edərdim.
Bəzən şadlığımdan şitdiyim tutaydı
qəzəbli gözlərini üstümə güllə çəkəydi,
yenə dayanmayaydım – əsəbləşəydi –
mənə bir sillə çəkəydi.
Telli balam, nə olardı
mən də onun axtardığı
qadın çıxaydım.
Toyların nəmər, yasların yas siyahısından
adım çıxaydı.
Mən də bilərdim kimi danışdıracam,
kimi bezdirəcəm, küsdürəcəm.
Çolpa alanda fikirləşməzdim
Bunu kimə kəsdirəcəm?!
Kitab kimi hər vərəqində olaydım –
nida, sual, nöqtə, vergül…
Məndən küsüb evdən çıxan gün
qayıdıb gələydi əlində bir gül!
O evə gec gələndə üzümü yan tutaydım,
mısmırığım yer süpürəydi,
qaş-qabağım göy
özümü göstərəydim – küsmüş…
Qoymazdım cibindən
üzülsün ləpə-kişmiş.
Telli balam, onsuz alınmır eee,
sola dolanırsan, sağa çıxırsan!
Halal qazancımdan cibinə qoyaydım
Etiraz edəndə yadına salaydım –
kişisən, ortalığa çıxırsan!
Görəydim mənim də əlim işə yatır,
Görəydim mənim də başım qarışır..
Məni qınama, telli balam,
təklik tək Allaha yaraşır!