Su çərşənbəsinə aid adətlərimiz…

“Əzəl çərşənbə” gəldi

Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. İnanca görə, ilk çərşənbə günü su və su mənbələri təzələnir, ikinci çərşənbədə yandırılan od yeni həyatın, baharın və istiliyin gəlişinə işarə edir, üçüncü çərşənbədə isti külək bütün canlılara nüfuz edir. Dördüncü çərşənbədə isə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır. Beləliklə, bahar gəlir…

Bu gün ilk çərşənbədir. Su çərşənbəsinə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələrini təmizləmək, arxları qaydaya salmaq, su hövzələrində abadlıq işləri görmək, su ilə bağlı müxtəlif şənliklər keçirmək adətdir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanırlar.

Xalq inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün qədim türklərdə su Tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanc, fal, türkəçarə, bayatı, əfsanə və rəvayətlər mövcuddur.

Su çərşənbəsi ilə bağlı inanclar:

Su çərşənbəsi ilə bağlı ən maraqlı inanclar belədir:

*Süfrəyə su dağılması aydınlıqdır.

*Su içən adamı qəfil vurmazlar.

*Su içən adamı ilan çalmaz.

*Lal axan sudan keçərkən “suyum irəlilə” deyərlər.

*Sübh tezdən bulaqdan yeddi balaca daş gətirərlər. Onları evin küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin bar-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun.

Bu gün fala baxanlar…

Su çərşənbəsində gənc qızlar su fallarına baxarlar.

Su fallarından biri belədir:

Su çərşənbəsində insanlar bulaqdan evə su gətirərlər. Buna el arasında “lal su” deyirlər. Çünki heç kəs danışmamalıdır. İnanca görə, bu suyun özgə hikməti var. Onu bir neçə qaba töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, onun sahibi səsin sayına bərabər ildən sonra gəlin köçəcək. Hər bir bölgənin özünəməxsus su falları var. Belə ki, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, demək, sevgililər tezliklə bir-birinə qovuşacaq.

Share: