“Xırdalan yolundakı təmirə görə minlərlə insan yesir vəziyyətdə küçədə qalıb” – DEPUTAT

“Biz yol hərəkəti haqqında qanunları dəyişərkən yükü maaşı kifayət qədər az olan, bütün günü sükan arxasında olan yol polisi, sürücü və piyadanın üzərində qoyuruq. Bu üç subyektin cəzasını artırırıq”.

Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Fazil Mustafa “Yol Hərəkəti haqqında” qanun və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, dövlət büdcəsindən metro çəkilişinə vəsait ayrılmalıdır:

“Bu gün büdcə layihəsində artımla tanış olduq. Məlum oldu ki, büdcədə iki milyard artım olub. Bakıxanov qəsəbəsinə metro çəkilişi üçün iki il əvvəl vəsait ayrılacağı bildirilirdi. Lakin hələ də bu məsələ həllini tapmayıb. Əhali Bakıxanov qəsəbəsindən iş yerinə çatmaq üçün azı iki nəqliyyat vasitəsi dəyişməlidir. Hava limanına metro xəttinin çəkilməsi gündəmə gəlməlidir. Yükü imkansız kütlənin üzərinə qoymaq əvəzinə məqsədyönlü inkişaf planı olmalıdır.

İki gündür Xırdalan yolunda təmir aparılır. Biz yolun təmir edilməsinin labüdlüyünü anlayırıq. Lakin bir yola görə minlərlə insan yesir vəziyyətdə küçədə qalıb. İctimai nəqliyyat yararlı vəziyyətdə deyil. Türkiyədə avtobuslar üçün ayrıca yol xətti açılıb. Bizdə isə vaxtında işə çatmaq problemə çevrilib. Bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Bir yol bağlanıb əhali zinhara gəlib”.

Müstəqil.Az

Share: